ADAU-da doktorantlarla görüş keçirilib - - FOTO

ADAU-da doktorantlarla görüş keçirilib - FOTO

2020-ci il iyulun 30-da Azərbaycan Dövlət Aqrar Universitetində rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktorantları, dissertantları və onların elmi rəhbərləri ilə onlayn formatda görüşüb.


Universitetin rektorunun sədrliyi ilə baş tutan toplantını giriş sözü ilə universitetin Elm şöbəsinin müdiri, b.f.d. Aytəkin Əsgərova açdı və iştirakçılara məlumat verdi ki, tədbirin digər tərəfdaşları AEİM və AMEA Gəncə Bölməsidir. Sonra universitetin rektoru professor İbrahim Cəfərov iştirakçıları salamladı, doktorant və dissertantları təbrik etdi, onlara uğurlar arzuladı və bir sıra məsləhətlər verdi.
Rektor ADAU-da doktorantura proqramı üzrə təhsil alanlar üçün son illər yaradılan şəraitdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb, ADAU-nun innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verdiyini, həmçinin yüksək ixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu nəzərə çatdırıb.


Professor İbrahim Cəfərov qeyd edib ki, doktorantların elmi fəaliyyəti və aldıqları nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, bu nəticələrin konfranslarda məruzə edilməsi, həmçinin, elmi jurnallarda çapı təmin olunmalıdır. O cümlədən, dissertasiya mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktuallığı, onun ədəbiyyatda əksi, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınmalı, еlm və təhsilin qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişafını təmin edən prioritet istiqamətlər diqqətdə saxlanılmalıdır.


Görüşdə professor İbrahim Cəfərov universitetdə doktorantura səviyyəsinə böyük diqqət göstərildiyini deyib. Yeni texnologiyalar və innovativ metodların tədrisdə tətbiqinin əhəmiyyətini qeyd edən rektor bu məsələdə doktorantların da üzərinə məsuliyyət düşdüyünü vurğulayıb. Qeyd edib ki, onların dissertasiya mövzuları müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı cəmiyyət üçün mühüm aktuallıq kəsb edir. Ona görə də ADAU doktorantları bu işdə əmək sərf etməli, xarici dil biliklərini daha da mükəmməlləşdirməli, elmi işləri müvəffəqiyyətlə yerinə yetirilməli və dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməkdə, məqalələrinin məşhur elmi jurnallarda dərc edilməsində maraqlı olmalıdırlar.


ADAU doktorantlarına da beynəlxalq elmi bazadan istifadə imkanlarının yaradıldığını qeyd edən professor İbrahim Cəfərov dünya elminə inteqrasiya məqsədilə dövlət başçısının 2018-ci il 18 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görüləcək işlərdən də danışıb.


Rektor əlavə edib ki, Azərbaycan Dövlət Aqrar Universiteti bu gün doktorantlara hər cür köməklik göstərir, bundan sonra da lazımi dəstəyi göstərəcək.


Sonra Elm şöbəsinin müdiri doktorantlarla iş sahəsində görülən işlərdən danışdı, doktorantlarla birgə işin təşkili, təhsil prosesi, universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsilin vəziyyəti ilə bağlı ətraflı məlumat verdi, tədqiqatların aparılmasında onlara kömək göstərilməsi, qaydalar, dissertasiyaların keyfiyyəti, elmi məqalələrin yazılması və çapı, alimlərimizin əsərlərinə istinad edilməsi və s. kimi problemlərlə bağlı öz fikirlərini bölüşdü, irad və təkliflər səsləndirdi, sualları cavablandırdı.


Görüşdə doktorantlarla dissertasiyaların yazılmasından müdafiəsinədək olan prosedurların çətinliyi, xaricdə elmi məqalələrin çapı sahəsindəki və s. problemlər müzakirə olunaraq bu problemlərin həll olunması istiqamətində müzakirələr aparılıb və tapşırıqlar verilib. Onları narahat edən bütün məsələlərə aydınlıq gətirən Universitetin rəhbərliyi doktorantlara imkan daxilində hər cür kömək ediləcəyini vurğuladı. Bununla yanaşı, dissertasiyaların keyfiyyətli yazılması ilə bağlı tələblərə və qaydalara əməl olunmasının vacibliyi də xüsusi olaraq qeyd edildi.


Sonda bu cür görüşlərin gələcəkdə nəinki Respublika əhəmiyyətli təşkili, hətta aqrar sahədə qlobal problemlərin müzakirəsinə və həlli yollarına həsr olunan Beynəlxalq konfransın keçirilməsi qərara alındı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !