Azərbaycan yazıçısı - Ən yaxşı yazıçısı adına layiq görülüb

Azərbaycan yazıçısı “Ən yaxşı yazıçısı” adına layiq görülüb

Azərbaycan yazıçısı Kamran Nəzirli London Ədəbi Mükafatı nominantı olaraq 2015-2019-cu illərin “Ən yaxşı yazıçısı” adına layiq görülüb. Mükafat haqqında xoş xəbər yazıçıyaAzərbaycan Mətbuatının 145-ci yubileyi ərəfəsində göndərilib. Döş nişanı ilə birlikdə sertifikatı və vəsiqəni, habelə nominant diplomunu Rusiyanın Moskva şəhərində yerləşən Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko və Elmi-Fantastik Ədəbiyyat və Kino xadimləri ittifaqının sədri, tərcüməçiOleq Kolesnikov imzalayıblar.Qəbul olunmuş standartlara görə bu mükafat üzrə nominantların hamısı “İlin ən yaxşı yazıçısı” titulunu da qazanırlar. Bundan başqa Azərbaycan yazıçısı Beynəlxalq Yazıçılar Təşkilatına həqiqi üzv kimi qəbul olunub. Qeyd edək ki, təşkilatın müxtəlif ölkələrin yazıçılarından ibarət 293 həqiqi üzvü var.
1954-cü ildə yaradılan yazıçı, şair, dramaturq və jurnalistlərin Beynəlxalq Yazıçılar İttifaqı dünyanın peşəkar yazarlarının ən iri təşkilatlarından biridir. 2010-cu ilə qədər təşkilatın Baş qərargahı Parisdə, hazırda isə əsas bölməsi Moskva şəhərində fəaliyyət göstərir. Təşkilat dünyanın 40 ölkəsindən olan yazıçı ittifaqlarını özündə birləşdirir, yazıçı və jurnalistlərin sosial və peşə hüquqlarını müdafiə edir. Bu beynəlxalq təşkilatın prezidenti ABŞ yazıçısı Maykl Svanvikdir. (Michael Swanwick).
Beynəlxalq Yazıçılar təşkilatının Prezident Şurasının üzvləri arasında Böyük Britaniya, ABŞ, Rusiya, Polşa, Makedoniya, İsrail, Fransa və s. ölkələrdən olan Tibor Fişer (Tibor Fischer),Sergey Lukyanenko, Andrey Şerbak-Jukov, Konstantin Kedrov, David Kudıkov, Бранко Çvetkovski, Aleksandr Navroçki, Lev Lapkin, German Naumov, Lidiya Rıbakova, Yevgeni Polyakov və Olqa Natsarenus kimi tanınmış yazıçı, şair və tənqidçilərdə var.
Məlumat üçün bildirək ki, Beynəlxalq London Mükafatı yazıçı, dramaturq və jurnalistlərin ictimai təşkilatı- Beynəlxalq Yazıçılar İttifaqı və Elmi Fantastik Ədəbiyyat və Kino xadimləri Birliyi tərəfindən təsis edilib. Qurumun nəzdində Təşkilat Komitəsinin təqdimatı əsasında yazıçılara, dramaturqlara və jurnalistlərə müsabiqə yolu ilə verilir. London Mükafatı aşağıdakı nominasiyalar üzrə verilir; Çarlz Dikkens mükafatı - iri həcmli nəsr, kiçik həcmli nəsr əsərləri və jurnalistika sahəsində müsabiqədən keçmiş əsərlərə, Şekspir mükafatı – dramaturji əsərlərə və s. Müsabiqədə hər bir müəllif iştirak edə bilər, bu şərtlə ki, öz yaradıcılıq nümunələrini ortya qoysun. Əsərlər hər il Təşkilat Komitəsinə rus və ya ingilis dillərində göndərilir. Burada meyar orjinal ideya, forma və kompozisiya, seçilmiş üsluba uyğun məzmun, müəllifin bədii ifadə vasitələrindən istifadə etmək bacarıqları,ritm, ölçü, poetiklik və s...Müsabiqənin mərhələləri var; əvvəlcə təqdim olunan əsərlər üzrə ekspertlər tərəfindən təxmini uzun siyahı tərtib edilir. Sonra Böyük Jüri seçim edir, sonuncu uzun siyahı müəyyən edilir və bu zaman siyahıya düşən hər bir müəllif “Ən yaxşı yazıçı” titulunu qazanır. Təşkilat Komitəsi həmin müəllifləri diplomlarla, döş nişanları və vəsiqələrlə təltif edir. Növbəti mərhələdə isə qısa siyahı tərtib edilir və finalçılar seçilirlər. Finalçıları Londona konfransa dəvət edirlər, onlara medallar, pul mükafatları və diplomlar verilir. Azərbaycan yazıçısı Kamran Nəzirli də ikinci mərhələyə, yəni sonuncu uzun siyahıya düşməklə nominant olub və “Ən yaxşı yazıçı” adına layiq görülüb.
Qeyd edək ki, yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar İttifaqının üzvüdür. “Komada olan adam”, “Şeytan işığı”, “Dördüncü Möhür”, “Doğmalar arasında”, “Ağ ev”, “Babalar nağıl danışmırlar”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. povest, roman, hekayə və publisistik kitablarının müəllifidir. Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə o, ABŞ səfirliyinin xüsusi mükafatına da layiq görülüb. Yazıçının Qarabağ mövzusuna dair “Qoca Uşaq” hekayəsi, “Ölməyə icazə verin”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Müharibə”, “Ağ kölgə”, “Ölən uşağın xatirələri” və “Lidiya İvanovnanın qəyyumları” adlı əsərləri gələn il Moskvada rus, ingilis və fransız dillərində nəşr olunacaq Antologiyaya daxil edilib. Bundan başqa Azərbaycan yazıçısının bədii, publisistik əsərləri və onun Azərbaycan ədəbiyyatı və incəsənətinin tanınmış nümayəndələri haqqında xaricdə təqdimat və oçerkləri barədə Rusiya Yazıçılar İttifaqının təsis etdiyi PROZA.RU ədəbi portalında dünyanın müxtəlif ölkələrində yaşayan yazıçı, şair və tənqidçiləri 340-dan çox müsbət rəy yazıblar. Bunu Azərbaycan ədəbiyyatı və mədəniyyətinin növbəti uğuru kimi də hesab etmək olar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !