Zərifə İslamqızı: - Mən ilahi bir sevdanın izindəyəm

Zərifə İslamqızı: Mən ilahi bir sevdanın izindəyəm

Gözlərimdən axan damla
Qədəhini dolduracaq...
Xəyalında minbir xülya,
Məni sənə daldıracaq...

*******************

 

İgid ömrü oldu, sevdamın yaşı,
Qarşımda böyüdü bir səbr daşı.
Mənə qədərimin çatılır qaşı,
Hər səni unutmaq istəyən zaman..

 

*********************

Fırlanmayan bir dünyanın düzündəyəm,
Tək "Allaha yar" dərvişin sözündəyəm,
Mən ilahi bir sevdanın izindəyəm,
Yollarıma qədəmlərin sal, nə olar...
Ey qəlbimin əfəndisi gəl, nə olar...

 

 

******************************

 

Hər səni unutmaq istəyən zaman...

 

 

Mənə dünya qədər kəsilir cəza,
Hər səni unutmaq istəyən zaman...
Nə qədər xoş anım edilir qəza,
Hər səni unutmaq istəyən zaman...


***
İgid ömrü oldu, sevdamın yaşı,
Qarşımda böyüdü bir səbr daşı.
Mənə qədərimin çatılır qaşı,
Hər səni unutmaq istəyən zaman...


***
Səmamda varlığın Günəş qədərdir,
Bəyaz güvərcindir, hürr bir bəşərdir,
Tale ulduzumsa, birər-birərdir,
Hər səni unutmaq istəyən zaman...


***
Nə etdim ruhumdan alındı qisas ?
Bu hal mənə qalan xeyirsiz miras...
Tanrı da geyinir siyah bir libas,
Hər səni unutmaq istəyən zaman...


***
Ey çinar qamətlim, sən əsərimsən,
Bəlkə yarım deyil, hey əsirimsən...
Bir ömür dönəcək ümid yerimsən,
Hər səni unutmaq istəyən zaman...

 

 

 

*************************

 

 

 

"Səndən Özgəsini Sevməyən Qadın"

 


O sənə yalnızca sevgi bəslədi,
Yadlara heç zaman boyun əymədi...
Ömründən calayıb, ömrünə verdi,
Ruhunu əbədi eyləyən qadın,
Səndən özgəsini sevməyən qadın...

***

Nə bir ah çəkdirdi, nə ahın aldı,
Dediyin yalanı hey doğru sandı.
Səni zülmətlərin əlindən aldı,
Gecənə Ay olub parlayan qadın,
Səndən özgəsini sevməyən qadın...

***

Ayrılaq sözündə gizlədi nələr,
Üzünə baxmadı gözündə kədər,
Sənin həsrətini udurdu zəhər,
Canına qəsd edib ölməyən qadın,
Səndən özgəsini sevməyən qadın...

***

Yolunda özünü edibdir qurban,
Sonsuz imzaladı bu eşqə fərman...
Səni cəhənnəmdən alıb qurtaran,
Oduna köz olub alışan qadın,
Səndən özgəsini sevməyən qadın...

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !