Əməkdar jurnalist Ziyəddin Sultanovun vəfatından çox kədərləndim - -Elşən Əliyev yazır

Əməkdar jurnalist Ziyəddin Sultanovun vəfatından çox kədərləndim -Elşən Əliyev yazır

Əməkdar jurnalist Ziyəddin Sultanovun vəfatından çox kədərləndim.
Ağdamın Kolanı obalarından olan Mollalar kəndində adi bir ziyalı ailəsində dünyaya gəlmişdi...
Amma ali təhsil illərində Jurnalistika fakültəsinin əfsanəvi tələbəsi olmağı bacarmışdı... Yəni, artıq tələbəlik dövründə istedadı və cəsarəti, mərdliyi və qüruru ilə ad çıxarmışdı. Sayılıb-seçilməyə başlamışdı...
Və ömrünün sonuna kimi də özünü və sözünü saydırmaq qüdrətində oldu.
O, peşəsinə şərəf gətirən bir jurnalist idi.
Bu peşənin heç bir yüksək vəzifəsində gözü olmadı. Bölgə müxbiri işlədi. Doğma Qarabağı qarış-qarış gəzdi, xoş günlərindən də yazdı, faciələrindən də...
Böyük şövqlə yazırdı, təsirli yazırdı. Publisistikası da, bədii yaradıcılığı da vətən sevgisi ilə yoğrulmuşdu, vətənin ləyaqətli övladlarına ehtiramın, məhəbbətin ifadəsi idi...
Ağdamda iş otaqlarımız qonşu olmuşdu: o, respublikanın əsas mətbu orqanının bölgə təmsiliçisi idi, mən rayon qəzetinin məsul katibi...
Ziyəddin müəllimin hüzuruna kimlər gəlmirdi?!
Bölgənin ən nüfuzlu şəxsləri, sözükeçən adamları, yüksək vəzifə sahibləri...
Yox, bu, qorxu deyildi...
Jurnalist sözünə və ləyaqətinə hörmətin təzühürü idi..
Sonralar Ziyəddin müəllimlə iş yoldaşı da olduq “Xalq”da.
Qarabağda savaşın getdikcə şiddətləndiyi vaxtlar idi. Bakıdan Ağdama ezamiyyətə gedərdim bir neçə həmkarımla... Bizim rayondakı işimizə Ziyəddin müəllim rəhbərlik edərdi... Necə deyərlər, bölgədə hər şeyə hakim idi. İstəsəydi, redaksiyadan ora əlavə müxbirlər göndərilməsinə imkan verməzdi. Bəlkə buna heç ehtiyac da yox idi. Amma əsl peşəkar kimi davranırdı: ezamiyyətə gələnlərə qayğı da göstərirdi, haradan, necə yazmağı da müəyyənləşdirirdi. O dövrdəki kollektiv yaradıcılıq nümunələrimiz qəzetin səhifələrində qalır...
Öz həmkarını saymaq və saydırmaq Ziyəddin müəllimin ən ümdə insanlıq və peşəkarlıq xüsusiyyətlərindən idi. Onu tanıyanlardan hər biri bunu bilir.
Bu böyük jurnalistin yaradıcılığı – publisistikası və ədəbi əsərləri gənc tədqiqatçılar üçün araşdırma mövzusu olmalıdır, məncə. Çünki onun həyatı və fəaliyyəti artıq Azərbaycan mətbuatı tarixinin şərəfli bir səhifəsidir...
Bu hüznlə gündə bizim üçün əziz həmkarımızın və ustadımızın itkisinin təsəllisi olacaq yalnız bir gerçəklik var: Ziyyəddin Sultanov ləyaqətli bir ömür yaşadı – həm insan, həm də jurnalist kimi!
Allah rəhmət eləsin. Ruhuna fatihə! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !