MİRASın 2 YAŞI tamam oldu -

MİRASın 2 YAŞI tamam oldu

MİRAS İctimai Birliyinin 2 illik fəaliyyəti müzakirə olundu.


MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu gün Beynəlxalq Mətbuat Mərkəzində birliyin 2 illik fəaliyyətinin müzakirəsinə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, elm adamları, MİRAS İctimai Birliyinin üzvləri, KİV nümayəndələri yaxından iştirak ediblər.
Tədbiri MİRAS İctimai Birliyi İdarə Heyətinin gənc üzvləri Aliyə Qurbanova və Toğrul Muxtarov açıq elan etdilər. Onlar MİRASın 2 yaşını qeyd etməyə toplaşmış bütün iştirakçılara təşəkkür etdilər: “Miras keçmiş nəsillərin bu günkü və gələcək nəsillər üçün qoyub getmiş olduğu dəyərlər kompleksidir. Miras olaraq bizlərə çatan elə dəyərlər vardır ki, o hamımıza və hər kəsə məxsusdur. Onları qorumaq, saxlamaq, olduğu kimi gələcək nəsillərə ötürmək hər birimizdən çox böyük məsuliyyət tələb edir. MİRAS Mədəni İrsin öyrənilməsinə Kömək İctimai Birliyi də məhz mədəni irs abidələrimizin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində ictimai fəallığı artırmaq məqsədilə 2010-cu ilin yanvarında təsis edilib və 2010-cu ilin martında Ədliyyə Nazirliyində qeydiyyata alınıb”.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli MİRASın bu 2 ildə gördüyü işlər haqqında geniş məlumat verib. O, qeyd etdi ki, birliyin Azərbaycanın mədəni həyatında, xüsusən də elm aləmində çox ciddi rezonans doğuran layihəsi Orta əsr Ağsu şəhərinin arxeoloji tədqiqi və konservasiya layihəsi olub. Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsininin son məqsədi Azərbaycanın turizm marşurutundan kənarda qalmış bu bölgəsinə ölkəmizin və dünyanın turistlərinin diqqətini çəkmək idi. Hər şeydən əvvəl 200 il əvvəl tərk edilmiş şəhəri yenidən oyatmaq lazım idi. Ağsu arxeoloji ekspedisiyası 2 il ərzində 9000 kv.m. ərazidə 3 qazıntı sahəsi qoyaraq qala divarı, cümə məscidi, hamam, sənətkar dükanları, yaşayış evləri, su xətləri, kanalizasiya sistemi, iri küçələri aşkar etməklə mərkəzi muzeylərdə belə oxşarı olmayan minlərlə eksponatı da gün üzünə çıxarıb. Layihənin ikinci mərhələsi aşkar olunmuş qalıqların konservasiyası və turistlərin yaxından görə bilmələri üçün nümayişə hazır vəziyyətə gətirilməsi idi. Az bir vaxtda III və IV qazıntı sahələrinin üzəri örtüldü və ətrafı abadlaşdırıldı, sərgi kompleks yaradıldı. Turistlərin rahat yetişə bilmələri üçün müasir Ağsu şəhərindən orta əsr Ağsu şəhərinə asfalt yol çəkildi. Layihənin paralel aparılan üçüncü mərhələsi 3 cildlik ikidilli “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu, agsuexpedition.org internet səhifəsi, minlərlə eksponatın elektron pasportlaşdırılması, rayon, paytaxt və xarici ölkələrdə “Ağsu möcüzəsi” sərgilərinin keçirilməsi, III və IV qazıntı sahələrinin 3D formatında vizuallaşdırılması, İTV və ATV-nin tarixə dair silsilə verilişlərində nümayiş olunan televiziya sənədli filmlərinin istehsalı, KİV-lərin qazıntı yerinə infoturunun təşkil edilməsi, Bakıda universitet, orta məktəb, muzey və kitabxanalarda tanıtım seminarlarının keçirilməsi və s. təbliğat işləridir. Gənc və intellektual insanların geniş istifadəsində olan sosial şəbəkələrdə apardığımız təbliğat işləri bizim təşəbbüsümüz olmadan turist qruplarının bölgəyə səfərini də intensivləşdirib. Fariz Xəlilli birliyin rəhbəri kimi bütün iştirakçılara və bu illərdə birliyə dəstək olmuş insanlara bir daha öz minnətdarlığını bildirdi.
Rejissor Teymur Nəcəfzadənin təqdimatında MİRASın 2 ilinə həsr olunmuş qısa film nümayiş olundu.
MİRAS İctimai Birliyinin sədr müavini, publisist Arzu Soltan MİRASın yenicə başa çatan və bu il üçün planlaşdırılan layihələri haqqında məlumat verib. O, qeyd edib ki, MİRAS 2011-ci ildə “Turizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dəstək Dövlət Şurasının maliyyə dəstəyi ilə “Arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsini həyata keçirdi. Layihə çərçivəsində “Azərbaycan abidələr diyarıdır” sənədli filmi çəkildi və filmdə 5 arxeoloji abidənin (Göytəpə, Qala, Qəbələ, Şəmkir və Ağsu) arxeoloji turizm baxımından perspektivlərindən bəhs edidi. Həmin abidələri əhatə edən “Azərbaycan inciləri” bukleti nəşr olundu və arxeoloji turizm haqqında maraqlı məlumatlarla zəngin archaeotourism.az internet səhifəsi hazırlandı. Keçirilən seminarlar gənclərin bu sahəyə marağını artırdı. Birliyimizə Türkiyə və Almaniyadan arxeoturizmlə bağlı seminarlar və reportajlar haqqında təkliflər gəlməyə başladı. Hazırda MİRASın təşəbbüsü ilə “Avrasiya regionunda arxeoloji turizmin perspektivləri (Qədim dövrdən son orta əsrlərə qədər tarixi-mədəni irs əsasında)” mövzusunda IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransının Ağsuda keçirilməsi planlaşdırılır. Hesab edirik ki, bu konfrans bölgənin arxeoloji abidələrinin turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaqdır. Miras İB 2012-ci ildə və sonrakı illərdə daha maraqlı və keyfiyyətli layihələrlə fəaliyyətini davam etdirmək əzmindədir.
Siyasi elmlər doktoru Cümşüd Nuriyev MİRAS İctimai Birliyinin 2 il ərzində gördüyü işlərin əhəmiyyətindən danışdı, professor Qafar Cəbiyevin başçılığı ilə Ağsuda aparılan arxeoloji tədqiqatların nəticələrinin beynəlxalq aləmdə tanıdılmasının Azərbaycanın ümumimilli işinə xidmət etdiyini vurğuladı.
Çağ Öyrətim İşlətmələri Şirkətinin elmi işlər üzrə müşaviri Ağarəsul Məmmədov MİRAS İctimai Birliyinin hazırladığı, müəllifinin dosent Mehmet Rıhtım və Fariz Xəlillinin olduğu “Mövlanə İsmayıl Siracəddin Şirvani” kitabı haqqında məlumat verdi, Azərbaycan və Türkiyənin ortaq dəyərinə çevrilmiş Mövlanə İsmayıl Siracəddin Şirvani irsinin təbliğində birliyin fəaliyyətini təqdir etdi.
AMEA Folklor İnstitutunun elmi işçisi Əli Şamil deyib ki, Azərbaycanın xaricdə tanıdılması istiqamətində MİRAS uğurlu seçilmiş addır. Çünki, türk dövlətlərinin əksəriyyətində MİRAS adlı təşkilatlar, jurnal və qəzetlər vardır. Bu təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi və ortaq fəaliyyət uğurlu ola bilər.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Gülzadə Abdulova MİRASın fəaliyyətində muzey istiqamətinin geniş olduğunu, orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatların Azərbaycan etnoqrafiyasını zənginləşdirdiyini qeyd etdi.
AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Dinarə Abbasova MİRAS İctimai Birliyinin fəaliyyətinin ciddi rezonans doğurduğunu vurğulayıb, mədəni irsin konservasiyası və bərpası üçün humanitar və texniki elmlərin imkanlarının birləşdirilməsində MİRASla əməkdaşlıq etmək istədiklərini qeyd edib.
Filoloq Əhməd Şahidov, şair Laçın Məmişov, “Müasir İnkişaf” İctimai Birliyi İdarə Heyətinin üzvü Fərman Salmanlı, tarixçi Taleh Cəfərli də çıxış edərək ürək sözlərini dedilər.
Tədbir zamanı MİRAS İctimai Birliyinin gördüyü işləri əks etdirən əyani vasitələr (kitab, broşür, jurnal və disklər) sərgiləndi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !