BİR HEKAYƏNİN TALEYİ... - -Asif Rüstəmli xatırlayır

BİR HEKAYƏNİN TALEYİ... -Asif Rüstəmli xatırlayır

C.Cabbarlının 90 illiyi ərəfəsində ədibin arxivinə tez-tez baş çəkirdim. Ziyarətlərimdən birində onun 8 vərəqdən ibarət ərəb qrafikalı əlyazmasına rast gəldim. İrihəcmli mətnə sərlövhə qoyulmasa da, səhifələrdən birində karandaşla çəpəki “Sifarişlə” sözü yazılmışdı. Maraq mənə üstün gəldi və bu sözdən çəkinməyərək mətni oxumağa başladım. Satirik ruhda yazılmış bir hekayə idi. Sonda tarix yazılmasa da, bir cümlədən məlum olurdu ki, 1930-cu ildə Azərbaycanda inqilabın (istilanın-A.R.) 10 illiyi ərəfəsində yazılıb. Hadisələr əsasən Bakının Şura və Böyük Səlyan küçələrində cərəyan edirdi. Əsərdə sosial-məişət şəraitinin dözülməzliyi, ictimai təşkilatların, təsərrüfat müəssisələrinin süründürməçiliyi, idarəetmə mexanizmində ciddi qüsurlar, milis, təcili yardım sistemində olan bürokratik əngəllər çox sərt tənqid edilmişdir. Müəllif çamura batmış bu küçələrin fonunda mövcud quruluşu, mühiti qılınclayırdı. Hətta əsərin qəhrəmanı Sancaq bəy (C.Cabbarlının gizli imzalarından biridir –A.R.) əsəbiləşərək deyir: “Keçmişlər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı?”
Bu cümlə C.Cabbarlının sovet rejiminə, sosialist inqilabına ilk ən güclü etirazı idi…
Əsərin qəhrəmanı yeni-yeni macəralara rast gəldikcə və lığa, çamura çevrilmiş küçələrdən keçdikcə əsas məqsədi papağını qorumaq olur. Onu pencəyin qoltuq cibinə dürtsə də əsərin qəhrəmanı nəticədə papağını itirir…
C.Cabbarlının dərin məzmuna və örtülü mənaya malik bu hekayəsinin başlığı olmasa da, onu “Papaq” adlandırdım. Yığcam müqəddimə yazaraq dövrün ən populyar bir jurnalına təqdim etdim. Xeyli müddətdən sonra özlərini demokratik düşüncə daşıyıcıları adlandıranlar absurd bəhanələrlə yazını özümə qaytardılar və çapının mümkünsüzlüyünü bildirdilər. Doğrusu hekayənin ərəb qrafikasından transfoneliterasiya olunmasına xeyli vaxt sərf etmişdim…
Növbəti açdığım qapı “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyası oldu. Qəzetin baş redaktoru, xalq yazıçısı Sabir Əhmədli məni 1990-cı ilin o ağır, çətin günlərində “xoş gəldin”lə qarşıladı. Söhbətimiz maraqlı oldu. Dedim ki, Sabir müəllim, C.Cabbarlının 90 illiyinə ədibin 60 ildi çapdan kənarda qalmış bir əsərini gətirmişəm. Bu əsər demək olar ki, Sizinlə yaşıddır. İstərdim ki, bu hekayəni diqqətlə oxuyub fikrinizi bildirəsiniz. Bu əsərdə mən C.Cabbarlının milliliyini, cəsarətini, həqiqətsevərliyini görürəm.
Sabir müəllim mənim C.Cabbarlı ilə bağlı söhbətlərimi maraqla dinlədi, təəccüblə qarşıladı, mütləq oxuyacağını dedi və bildirdi ki, sevimli ədibimizin hər sətri bizim üçün əzizdir. Bir neçə gündən sonra Sabir müəllimə zəng edib fikrini soruşmaq istəyəndə o hekayənin qəzetin ən yaxın nömrəsinə daxil edildiyini bildirdi.
C.Cabbarlının “Papaq” hekayəsi yazıldığı tarixdən 60 il sonra, 60 yaşlı Sabir Əhmədlinin xeyir-duası ilə “Ədəbiyyat və incəsənət” qəzetinin 7 dekabr 1990-cı il tarixli 48-ci sayında işıq üzü gördü. Qəzetin 1-ci səhifəsində “Cabbarlının tapılmış hekayəsi” adlı mənim ön sözüm verilmiş, hekayənin sonunda isə Sabir Əhmədli “Papaq” itməyib” adlı təəssüratını yazmışdır. Bu təəssürat 30 ildən sonra – bu gün də çox canlıdır və isti duyğularla cilalanıb. Xalq yazıçısı Sabir Əhmədlinin qanlı sovet rejimi dövründəki açıq, cəsarətli düşüncələri təqdirəlayiqdir və onun həmin yazısını həm də araşdırmalarım haqqında ilk dəyərləndirmə hesab edirəm.
Asif Rüstəmli
Bakı, 2020, 19 avqust
Sabir Əhmədli
Xalq yazıçısı
“PAPAQ” İTMƏYİB
(A.Rüstəmlinin ilk dəfə tapdığı və ərəb qrafikalı əlyazmadan
transfoneliterasiya etdiyi C.Cabbarlının “Papaq” hekayəsinə sözardı)
C.Cabbarlının yeni əsərinin ortaya çıxması ədəbi ictimaiyyət və oxucular üçün büsbütün gözlənilməzdir. Ağıla gəlməzdi ki, onun indiyədək çap olunmamış yazısı qalmışdır. Ədibə çoxlu elmi əsər həsr edilmiş, doktorluq, saysız-hesabsız namizədlik dissertasiyaları yiyələrinə yüksək rütbələr qazandırmışdır. Hər üzünə araşdırılmış sənətkarın irsindən heç nəyin daha örtülü qalmadığı zənnində olduğumuz halda, onun yeni hekayəsi tapılır.
Asif Rüstəmlinin verdiyi soraqdan bəllidir ki, Cəfər Cabbarlının yalnız bir hekayəsi tapılmayıb. Onun on səkkiz çap vərəqi həcmində kitabı hazırlanmışdır. Oradakı əsərlərin əksəri ilk dəfə işıq üzü görəcək. Burasını da deyək ki, sevimli ədibin hər sətri bizim üçün əzizdir; yeni kitabın nəşri dözülməzcəsinə gecikdirilir (S.Əhmədlinin vurğuladığı kitab – A.Rüstəmlinin toplayıb tərtib etdiyi C.Cabbarlının “Ədirnə fəthi” 1996-cı ildə Elm nəşriyyatında çap edildi – A.R.).
C.Cabbarlının dramaturgiyasına görə bədii nəsri azdır, səhnə əsərlərinin kölgəsində qalır. “Papaq” doğurdan da tapıntıdır. C.Cabbarlı dramaturq olduğu qədər də nasir imiş. “Papaq” üslub, quruluş, bədii düşüncə axarına görə Cabbarlı yaradıcılığında, eləcə də bütünlükdə bədii nəsrimizdə hadisədir.
Əsər otuzuncu ildə “sifarişlə” yazılmışdır. Bəs nə əcəb bu sifariş ortaya çıxarılmayıb. Hekayənin məzmunu ilə tanış olduqdan sonra Asif Rüstəmlinin dediyi “bizə məlum olmayan səbəblər” aydınlaşır.
Otuzuncu illərdə sosialist realizmi məhsulatı aşıb-daşmaqda idi. Həyat həqiqətləri bu quruluşun dünyaya bəyan etdiyi siyasi məramlar yönündə alt-üst edilməkdə idi. Sosializmin kənddə, şəhərdə tam qələbəsini əks etdirən, kommunizmin işıqları sayrışan qurama romanlar, bəzək-düzək poemalar, min-min mədhiyyə ədəbi ənənəni, əsl sənəti sıxışdırıb yoxa çıxarmaqda idi. Daha bu elə bir həşirdi ki, qoşulan qoşulmalı, qoşulmayan Sibirə yollanmalıydı.
Ölkənin böyük ruh yüksəkliyilə kommunizm qurduğu illərdə başqa cür düşünmək, yazmaq cinayət sayılırdı. Onda məsələn Cəfər Cabbarlı kimi kəskin duyumlu sənətkar da “Firuzə”ni həm də sifarişlə yazmış, “Çəmbərəkənd”in timsalında otuzuncu illərdə az qala kommunizm qurmuşdur.
Ədəbiyyatşünasların, dərslik yazanların lap başa keçirdikləri bu hekayə ilə “Papaq” büsbütün uyuşmaz, əks qütblərdir. C.Cabbarlı elə bil “Firuzə”nin hayıfını “Papaq”da almışdır. Hərçənd “Papaq” ondan qabaq yazılmış, amma müəllifin özünün, ya da, düzü budur “xeyirxah” bir naşirin məsləhətilə “Papaq” saxlanmış, sifarişin üstündən başqa sifariş verilmişdir: “Firuzə”. Bax bu hə! “Papaq” C.Cabbarlını işə salar, “sovet yazıçısı” adına şübhə oyadardı.
“Papaq” həyat gerçəkliklərinə dərindən yanaşan, vicdanla yazıb-yaradan C.Cabbarlının, bəlkə də ən kəskin ictimai etirazıdır. Onun “sovet dövrü” yaradıcılığı barədə anlayışımızı büsbütün yeniləşdirib, dolğunlaşdıran dəlil, sanballı yaradıcılıq işidir.
“Papaq” “vaxtilə çap edilməyən” əsərlərin ilkinlərindən sayılmalıdır. Bu mənada C.Cabbarlı indi xalqın qızğın maraq göstərdiyi həmin növ – “yasaq ədəbiyyat”ın da parlaq bir nümunəsinin yaradıcısı kimi gözümüzdə ucalır.
“Ədəbiyyat və incəsənət” qəzeti,
1990, 7 dekabr, s.4, № 48 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !