Moskvada Əsgər Məmmədovun Bir ürəkdə iki qanad fərdi sərgisi keçiriləcəkdir -

Moskvada Əsgər Məmmədovun “Bir ürəkdə iki qanad” fərdi sərgisi keçiriləcəkdir

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyindən AzərTAc-a verilən məlumata görə, fevralın 17-də Moskvada Xarici Ədəbiyyat Kitabxanasının Ağ zalında Rusiya Federasiyasının Xalq Rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun fərdi sərgisi keçiriləcəkdir. Sərgini Xarici Ədəbiyyat Kitabxanası və RF-dəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edir.
Əsgər Məmmədov 1945-ci ildə Qarabağda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuduğu dövrdə rəngkarlığa həvəsi bir qədər azalmış və o, insanların necə yaşadığını, necə işlədiyini, rəssamların öz əsərlərini necə yaratdığını öyrənmək üçün səyahətə çıxmağı qərara almışdır.
Rəssam o dövrü belə xatırlayır: “Mən Orta Asiyadan Vladivostoka qədər hər yeri gəzmişəm, Baltikyanı ölkələrdə də olmuşam. Müəyyən anda mənə elə gəlirdi ki, rəssamlar hər yerdə eyni qayda ilə rəsm çəkirlər, onların işində həqiqətən yeni, qeyri-adi heç nə yoxdur. Mən istəyirdim ki, çəkdiyim əsərlər canlansın, süjet inkişaf etsin... O vaxt başa düşdüm ki, multiplikasiya mənim ürəyimcə olan sənətdir”.
Əsgər Məmmədov Moskvaya gələrək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) multiplikasiya fakültəsinə daxil olur. ÜDKİ-ni bitirəndən sonra rejissor kimi 15 sənədli və animasiya filmi çəkir. Buna baxmayaraq o, Azərbaycana qayıtmağı qərara alır və yenidən rəssamlıqla məşğul olmağa başlayır.
Əsgər Məmmədov Qarabağda altıbucaqlı şəklində üçmərtəbəli qalereya tikmişdi. Qarabağın görməli obyektlərindən biri sayılan bu qalereya 1992-ci ildə bombalanaraq məhv edildi. Rəssam o günləri xatırlayaraq deyir: “Bu hadisədən sonra mən dörd il əlimə fırça ala bilmədim. 1996-cı ildə yavaş-yavaş özümə gəlməyə başladım və az sonra Türkiyədən və Almaniyadan çoxlu sifarişlər aldım. Almaniyada, Kiprdə və Moskvada sərgilərim olmuşdur”.
Rəssam taleyin bu zərbəsindən sonra özünə gəlməyə macal tapmamış taleyin bir acısını da yaşamalı oldu. 2005-ci ilin mart ayında Moskva yaxınlığındakı İzmaylovoda Əsgər Məmmədovun sərgisi uğurla keçdi. Lakin martın 26-da qalereyanın taxtadan düzəlmiş binası cəmi bir neçə dəqiqə ərzində yanıb külə döndü. O deyir: “Mənim 150 əsərim, yüzlərlə eskizim, rəsmlərim, uşaqlıq və gənclik illərində çəkilmiş fotoşəkillərim, valideynlərimin yadigarı kimi saxladığım əşyalar, gündəliklər, şeirlər, bir sözlə mənim üçün hədsiz qiymətli olan nə varsa hamısı gözümün qabağında yanıb külə döndü, bundan sonra nə edəcəyimi bilmirdim”.
Buna baxmayaraq rəssam Əsgər Məmmədov ruhdan düşmədi (təsadüfi deyil ki, onun adının rəmzi mənası “mübariz, döyüşkən” deməkdir) və hər şeyi təzədən başladı...
Qarşıdakı sərgidə rəssamın son işləri nümayiş etdiriləcəkdir.
Əsgər Məmmədovun işləri indiyə qədər Moskvada, Bakıda, Türkiyədə, İspaniyada, İsraildə, Almaniyada, Kiprdə sərgilənmişdir. Əsərlərinin bir çoxu dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiya və qalereyaların bəzəyidir.
Sərgi 2012-ci il martın 11-dək davam edəcəkdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !