Nazir müavini tələbələrlə görüş keçirib - - FOTO

Nazir müavini tələbələrlə görüş keçirib - FOTO

Avqustun 27-də Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrində təhsil alan tələbələrlə onlayn görüş keçirib.
 

Görüşdə ali təhsil müəssisələrində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının sədrləri, eləcə də Prezident təqaüdü ilə təltif olunmuş tələbələr iştirak ediblər.
 

Təhsil nazirinin müavini Firudin Qurbanov pandemiya və postpandemiya dövründə ali təhsil müəssisələri qarşısında duran vəzifələr, yeni dərs ilinə hazırlıqla bağlı tədrisin təşkilinə dair görülən işlərdən, bu sahə üzrə dünya təcrübəsindən, mövcud şəraitdə məsafədən tədrisin təşkilinin əhəmiyyətindən, qarşıda duran yeni çağırışlardan və onların həlli yollarından söz açıb.
 

Firudin Qurbanov qeyd edib ki, pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə ölkə rəhbərliyi tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alıb. Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər planlaşdırılıb və həyata keçirilib.
 

Eyni zamanda, nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ali təhsil müəssisələrində kadr hazırlığının müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
 

Görüşdə həmçinin ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın yeni nəsil mütəxəssislərin hazırlanmasında və Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsində əhəmiyyəti xüsusi vurğulanıb. Pandemiya və post-pandemiya dövründə gənclərin rolu, bilikləri, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsi əsas məqsədlərdən biri kimi qeyd edilib.
 

Sonra tələbələri maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb. Bundan əlavə, tələbələr ötən dərs ilində pandemiya şəraitində tədrisin məsafədən təşkili təcrübəsinə əsaslanaraq yeni tədris ilinə hazırlıq məqsədilə fikirlərini bölüşüb və bir neçə təkliflər səsləndiriblər.
 

Görüşün sonunda Firudin Qurbanov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !