Bir əsrin şərəfli yolu, yeni əsrin zəfər səlnaməsi - - FOTO

Bir əsrin şərəfli yolu, yeni əsrin zəfər səlnaməsi - FOTO

Zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən xilas olmaq üçün xalqı milli birlik, milli ideya ətrafında səfərbər etmək mütləq xarakter daşıyıb.  Xalqı bəlalardan yalnız milli düşüncə və təfəkkür sahiblərinin mənəvi gücü xilas edə bilib.  Sülhsevər xalq olaraq bizi düşmən hiyləsindən, yadelli basqınlarından ancaq elmin gücü, biliyin qüdrəti qoruyub. Təhsil istiqamətində atılan addımların son dayanacaq nöqtəsi 1919-cu ilin 1 sentyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Bakı Dövlət Universitetinin təsis edilməsi oldu. Bu addım ölkəmizdə təhsil sahəsində, xalqın nicat tapması yolunda ən böyük, misli görünməyən uğurların başlanğıcı sayıla bilər.


Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi - "Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi".


Bakı Dövlət Universiteti dünyəvilik, demokratiklik prinsiplərinə sadiq elm məbədi olsa da, milli və mənəvi dəyərlər üzərində qurulmuşdur. Universitet xaricə təhsil almaq üçün tələbələr göndərir, həm də təhsil ocağına xaricdən müəllim kadrları dəvət edirdi. Ümumiyyətlə Bakı Dövlət Universiteti tək müsəlman aləmi üçün deyil, eləcə də dünya elminə xidmət edən təhsil ocağı idi. Bakı Dövlət Universitetinin keçdiyi həyat yolu nə qədər şərəfli olsa da, bir o qədər də keşməkeşli olmuş, müəyyən basqılara, təzyiqlərə məruz qalmışdır. Ancaq öz millətinin yolunda universitetə rəhbərlik etmiş rəhbər işçilərin, professor-müəllim heyətinin sayəsində bu günümüzə qədər ənənəsini qoruyub saxlaya bilmişdir. Bu gün universitet özünün yetirmələri, kadrları ilə dünyada öz mövqeyini ortaya qoymağı bacarmışdır. Flaqman ali təhsil ocağınının məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusif Məmmədəliyev, Xudu Məmmədov, Aida İmanquliyeva, Şirməmməd Hüseynov və başqa elm adamları olmuşdur. Tanınmış məzunlar arasında, bədii şəkildə desək, universitetin şah əsəri Ümummilli Lider Heydər Əliyev idi. Dahi Rəhbər Azərbaycana sonsuz sevgisi qədər də Bakı Dövlət Universitetinə bağlı idi. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" - deyən Heydər Əliyev, həm də böyük iftixarla "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - deyirdi.


Universitetin son maddi-texniki bazasının yaxşılaşdırılmasında, zəngin ənənələrin daha da inkişaf etdirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin rolu, mövqeyi əvəzsizdir. 2017-ci ildə Bakı Dövlət Universitetinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi üçün verilən Sərancam da bütün bunların bariz nümunəsidir. 2019-cu il Bakı Dövlət Universitetinin 100 illiyinin dünyanın mədəniyyət mərkəzi sayılan Parisdə təntənə ilə qeyd edilməsi də Azərbaycan dövlətinin, siyasətinin uğuru idi. Həmin ilin noyabr ayında "Bakı Konqres Mərkəzində" Universitetin 100 illik yubileyi mərasimində çıxış edən Ali Baş Komandan nitqinin sonunda: "Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq" - fikirlərini söyləmişdir. Biz də Bakı Dövlət Universiteti tələbələri olaraq, Ali Baş Komandanımızın etimadını doğrultmağı qarşımızda vəzifə hesab etmişik.


Bu gün "Bakı Dövlət Universiteti"nin 101 yaşı tamam olur. Yaşlandıqca cavanlaşan Ali təhsil ocağımız 101 il bundan öncə yandırdığı elm, bilik məşəli getdikcə daha da gur yanır. V.İ.Razumovski ilə klassik ənənələrdən yola çıxan Bakı Dövlət Universiteti cənab rektorumuz Elçin Babayev ilə modern, eləcə də milli və mənəvi ənənələr üzərində öz işıqlı yolunu davam etdirməkdədir. Hörmətli rektorumuz Elçin Babayev müasirliyi təhsilə gətirərək "Universitet 5.0" inkişaf strategiyasını hazırlamaqla qısa zaman ərzində təhsilin, elmin inkişafında dönüş yaratdı. Bu strategiyanın 5 komponentindən biri olan "sosiallıq" istiqamətində işlər daha tez görülməyə başlandı. Bu gün BDU ailəsi sağlam birlik əhatəsində, qərbin "Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır, birlikdə işləmək müvəffəqiyyətdir" yanaşması ilə uğurla irəliləyir. Cənab rektorun hər zaman tələbənin azad və sərbəst şəraitdə çalışıb öyrənməsi üçün tələbəyönümlü qərarları və tələbələrin yanında olması, onların qayğıları ilə maraqlanması sosial istiqamət yönündə uğurun göstəricisi sayılırsa, digər tərəfdən də tələbələrdə ruh yüksəkliyi yaratmış olur.


 Bakı Dövlət Universiteti zamanın istənilən çətinliklərindən üzü ağ, alnı açıq çıxmağı bacarmışdır. Çünki milli düşüncə, milli ruh ilə qidalanmış və böyümüşdür. Və dövlətçilik ənənəsini, azərbaycançılıq ideologiyasını professor-müəllim heyətinin mərdliyi, cəsarəti sayəsində bu günə kimi yaşatmışdır. Əminliklə deyə bilərik ki, bundan sonra da bu sağlam ənənə daha müstəqil və rahat şəkildə yaşayacaqdır. Çünki Bakı Dövlət Universitetinin dayağı olan və əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan var.


Müstəqil Azərbaycanın Müstəqil Bakı Dövlət Universiteti ! 101 yaşın mübarək!
 


Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !