ADAU-da onlayn videokonfrans keçirilib - - FOTO

ADAU-da onlayn videokonfrans keçirilib - FOTO

2020-ci il sentyabrın 3-də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Aqrar Elm və İnnovasiya Mərkəzi və Aqrar Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Aqrar sahənin elmi təminatı: müasir çağırışlar, real imkanlar” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.


Konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatının inkişafına xidmət edən vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov İnkişaf Konsepsiyasının icrası müddətində universitetə Dövlət dəstəyinin miqyası barədə ətraflı məlumat verərək, aqrar sahənin davamlı inkişafının elmi əsasları, elmi-tədqiqat və təhsil müəssisələrnin elmi fəaliyyətlərinin koordinasiyası barədə təkliflərini səsləndirib.


Sonra AEİM-nin direktoru, a.e.f.d. İmran Cümşüdov aqrar elmin hüquqi statusu, sosial nüfuzu, innovasiya potensialı, maddi-texniki və sosial bazası, elmi və texniki kadr potensialı imkanlarına dair fikirlərini, 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarının təsdiq olunduğunu diqqətə çatdırıb.


Növbəti çıxış edən ATM-nin direktoru, i.e.f.d. Firdovsi Fikrətzadə elmi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətlərinin prioritet istiqamətlərinə uyğunluğunun təmin edilməsi, dünya təcrübəsində “elm holdinqi”nin mahiyyəti, aqrar elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması mexanizmlərinə dair məruzə edib.


“Azərbaycan Aqrar Elmi” jurnalının məsul katibi Rahil Nəcəf aqrar sahədə aparılan elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi və yayılması istiqamətində təmsil etdiyi jurnalın rolundan və gələcək planlardan bəhs edən çıxış edib və ona ünvanlanan sualları cavablandırıb.


Sonra ADAU-nun “Maliyyə və iqtisadi nəzəriyyə” kaferdasının müdiri, iqtisad elmləri doktoru, professor Məhərrəm Hüseynov Tələbə Elmi Cəmiyyəti və elmi dərnəklərin fəaliyyətinin gücləndirilməsi, nəzəri-fundamental və innovativ-tətbiqi elmi araşdırmaların aparılmasının stimullaşdırılması, həmçinin dissertasiya mövzularının aktuallığı istiqamətində fikirlərini bölüşüb.


Tədbirin sonunda Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitunun direktor müavini, a.e.f.d. Sahib Cabbarov İnstitutda aparılan elmi-tədqiqat işləri və yeni sortlar barədə geniş məlumat verib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !