Qusar Dövlət Ləzgi Dram Teatrının yeni mövsümü - -FOTOLAR=36

Qusar Dövlət Ləzgi Dram Teatrının yeni mövsümü -FOTOLAR=36

147-ci ildönümünü bu ilin mart ayının 10- da qeyd etmiş Azərbaycan Peşəkar Milli Teatrının uğurlu səlnaməsində Qusar Dövlət Ləzgi Dram Teatrının özünə məxsus şərəfli yolu və böyük tarixi var.
Qusar Dövlət Ləzgi Dram Teatrın kollektivi keçən mövsümə dramaturq Rafiq Rəhimlinin “Sönmüş talelər” əsəri ilə başlamışdı. Bu tamaşaya quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova çox maraqlı quruluş vermişdi. Tamaşa respublikada çox maraqla qarşılanmışdı.
2019- cu il Qusar Dövlət Ləzgi Dram Teatrının mədəni həyatında məhsuldar bir il olub. Elə həmin ilin dekabr ayı isə kollektiv üçün daha uğurlu bir ay kimi yadda qalmışdır. Belə ki, dekabr ayının əvvəllərində Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə keçirilən “2+1” III Ekperimental teatr festivalında Rafiq Rəhimlinin “Üç gün üç gecə” tamaşası ilə çıxış etmiş və tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bir gün sonra isə Şuşa teatrında yerli dramaturq Asəf Mehmanın “Sədəf” tamaşası nümayış olunmuşdur. Həmin ilin dekabr ayının əvvələrində teatrın rəhbərliyi rayon məkəbləri ilə birgə “Teatr-uşaqların gözü ilə” adlı müsabiqə keçirmişdir. Müsabiqədə 500 nəfərədək məktəb şagirdləri iştirak etmiş, onlardan da xüsusi istedadları ilə fərqlənmiş 160 nəfər şagird münsiflər heyəti tərəfindən diplom və medallarla təltif olunmuşdur.
2020-ci ili də teatr kollektivi uğurla başlamışdır. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərində uşaqlar üçün Yeni ilə həsr olunmuş musiqili- əyləncəli şou programlar nümayiş etdirilmişdir. Yanvar ayının 20-də isə dramaturq Rafiq Səməndərin “Şəhidlər” tamaşası nümayış olunmuşdur. Bu tamaşa da Qusar camaatı tərəfindən çox böyük maraqla qarşılanmışdır.
Bu ilin fevral ayında nümayiş olunan Rober Tomanın “Səkkiz qadın”, İsi Məlikzadənin “Hərənin öz ulduzu”, Əsədulla Novruzbəyovun “Peşəkar ər” tamaşaları da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Fevral ayının 26-da “Xocalı soyqırımı”-na həsr olunmuş Meyxoş Abdullahın “Əsir qadın” tamaşası rayon ictimaiyyətinə və məktəblilərə təqdim olunmuşdur. Bir daha tamaşaçılar həmin dəhşətli anları yaşayıb, erməni gavurlarına nifrətlər yağdırmışdılar.
Biz yeni teatr mövsümi ilə bağlı teatrın direktoru, Əməkdar mədəniyyət işçisi, maraqlı insan, peşəkar bəstəkar, əsl təşkilatçı insan Faiq Qardaşovla əlaqə saxladıq. İlin əvvəlindən bu vaxta qədər gördüyü işlər və bu mövsümdə görəcəyi işlərlə bağlı onunla həmsöhbət olduq. Bu haqda Faiq Qardaşov belə dedi:
-Teatrımızın 2020-ci ilin repertuar planında Cəfər Cabbarlının “Aydın” , İdris Şamxalovun “Pərixanum”, Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” , Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti- vəziri- xani- Lənkəran” əsərləri təstiq olunub. Beləliklə, 2020-ci ilin I rübündə hazırlanmalı olan Cəfər Cabbarlının “Aydın” tamaşasının məşqləri Koronavirus pandemiyası səbəbindən yarımçıq qalıb. Pandemiya başlanandan bəri məşqləri onlayn formada qurmağa çalışdıq. Pandemiya davam etdiyinə görə əvvələr oynanılmış tamaşalarımıza müraciət etməli olduq. Mövcud vəziyyətdə biz onlayn nümayişlər vasitəsi ilə öz tamaşaçı auditoriyasını genişləndirməyə çalışırıq. Bu virtual forma dövrün tələbinə uyğun atılmış, təbliğat baxımından vacib bir addımdır. Biz ümid edirik ki, virtual tamaşaları izləyən tamaşaçılar pandemiya dövrü başa çatandan sonra həmin tamaşalara canlı formada baxacaqlar.
Hal -hazırda teatrın virtual tamaşaları Facebook və Youtube səhifələrində maraqla nümayış olunmaqdadır.
Ölkədə tədbiq olunmuş sosial izolyasiya tədbirlərinə baxmayaraq teatr öz onlayn məşqlərini davam etdirir. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan Teatrının bir qolu olan Qusar Dövlət Ləzgi Dram Teatrı şimal bölgəsində milli və ümumbəşəri dəyərlərin təbliğinə, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərinin aşılanmasına və estetik zövqün formalaşmasına xidmət edir. Fəaliyyətimiz dövründə həmişə mədəniyyətə dövlət tərəfindən qayğı göstərilmiş, mədəniyyət sahəsində çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və bütövlüklə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilməkdədir. Biz, inanırıq ki, tezliklə pandemiya adlı qara bulud ölkəmizin üzərindən götürüləcək və biz bu tamaşalarımızı çox yüksək səviyyədə tamaşaçılara təqdim edəcəyik. Ən əsası odur ki, biz nikbin əhval-ruhiyədəyik. Həm də kollektivimiz böyük həvəslə yeni tamaşalarımızı hazırlamağı gözləyir.
Faiq müəllimin sözlərinin davamı olaraq, biz də onu bildirmək istəyirik ki, COVİD-19 pandemiyası xalqımıza çox böyük məhrumiyyətlər, iqtisadi tənəzzül gətirdi. İnsanlarımızın güzəranı çox pisləşdi. Mədəniyyət sahəsində çalışanların əvvəllər vəziyyəti heç də yaxşı deyildi. İnda daha da pisləşdi. Amma bütün bunlara baxmayaraq öz işlərinin fədailəri olan teatr işçiləri heç də ruhdan düşmədilər. İnanırıq ki, onlar bu bütün çətinlikləri tezliklə arxada qoyub, özlərinin maraqlı tamaşaları ilə Azərbaycan teatrının gələcək uğurlarına yeni-yeni imzalar atacaqlar. Qusar Dövlət Ləzgi Dram Teatrı da bütün bu işlərdə birincilərdən biri olacaqlar. Çünki bu teatra çox bacarıqlı insanlar olan direktor Faiq Qardaşov, baş rejissor Laləzar Hüseynova rəhbərlik edirlər. Həm də bu tearda çox maraqlı bir aktyor ansambılı var. Mən hələ 2012-ci ildə bu tearda Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşasına quruluş verdiyim vaxtı bu teatrda çox istedadlı aktyorların, aktrisaların çalışdığını görmüşdüm. Bu səkkiz ildə kollektiv daha da peşəkarlaşıb və əlavə çoxlu istedadlı gənclər də artıq bu kollektivdə yeni-yeni uğurlara imza atırlar. Əziz teatr kollektivi. Siz, həqiqətən də məmləkətimizin şimal bölgəsində mədəniyyətimizin çox möhtəşəm bir qalasısınız. Yeni mövsümünüz mübarək!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !