Torpaq ətri - Masallıdan olan qabaqcıl fermerlərimiz FOTO=3 Əlihüseyn.Şükürov

Torpaq ətri Masallıdan olan qabaqcıl fermerlərimiz FOTO=3 Əlihüseyn.Şükürov

Torpağa mehr-məhəbbət insanı ucaldır, deyirlər. Rafət də lap uşaqlıqdan bu deyimin şahididir. Atası Firudin Şərəfədə ad-san sahibi idi. O, torpaqla ucalmışdı. Bu ucalıq isə el-obada onu hörmət sahibi, söz sahibi etmişdi. Rayonda, respublikada tanınırdı. Respublika tədbirlərinin əksəriyyətində iştirak edir, sözünü, iradını, çətinlikləri doğuran səbəbləri ölkə rəhbərlərinə çatdırırdı, işə, irəliləyişə mane olanlara sözünü açıq və cəsarətlə deyirdi. Firudin Abasov evdə, ailədə də tələbkar, zəhmli idi. Övladlarını yaxşı oxumağa, sonra da məhz torpağa sevgi-məhəbbət bəsləməyə təhrik edirdi. Dövlət rəhbərləri də onun zəhmətini dəyərləndirirdilər. Təsadüfi deyil ki, təqaüdə çıxanda sinəsini ölkənin yüksək orden və medalları bəzəyirdi.
Ailə torpağa qayğı ənənəsini davam etdirdi. Bu, ailə başçısının ən ümdə arzusu idi. Övladları Rafət və Rafiq oxuyub aqronom olmuşdular, həm də atalarının torpağa münasibətinə doğmalıq göstərirdilər. Özləri də zəhmət, əmək yolunu seçdilər. Firudin kişi onların torpağa biganə qalmadıqlarını görüb sevinir, yaxşı dolanışıqlarına arxayınlaşırdı.
Rafətlə söhbət zamanı torpaqdan, ona sevgi və qayğıdan danışdı. Bu məhəbbəti atamız bizə aşılayıb. O, deyirdi ki, torpağın xüsusi, heyrətamiz ətri var. Bu ətri hər kəs duya bilməz. Gərək torpağı əzizləyəsən, köksünə alın təri axıdasan, üzünə həmişə güləsən, ona arxa çevirməyəsən. Yetişdirdiyin məhsula baxıb fərəhlənəsən. Torpaq da insan kimi çox həssasdır. Əllərin hərarətini tez hiss edir. Biz də atamızın məsləhət və tövsiyələrini qulağımızda sırğa etdik.
Orta ixtisaslı aqronom olan Rafət 1990-cı ildə sovxozda briqadir işləyəndə ilk vaxtlardan bacarığını göstərə bildi. Birinci ilin uğurlu nəticələri atası Firudini çox sevindirdi. Uşaqlıqdan atasının səhər sübhdən, axşam düşənədək tarlalarda çalışmasına qəlbən razı qalmırdı. Ancaq çox keçmədi ki, o da bu vəziyyəti özünə vərdiş etdi. Başqa cür də ola bilməzdi. Xüsusilə qış aylarında şitillikdə işlər çətinləşəndə, əkində su çətinliyi yarananda ev-eşik yada düşmürdü. Evə gəlib bir az istirahət edəndən sonra dözməyib yenidən istixanalara qayıdırdı.
Onda çətinliyə alışdı Rafət, səbr kasasına səbrlə yanaşmağa səy etdi. Artıq Şərəfədə briqadir, orden-medallı atasının adını, işini doğrultmağa nail oldu.
Ərazidə torpaq islahatı keçiriləndə Rafətin ailəsinə 2 hektar sahə düşdü. Ailənin 6 uşağının dolanışığı bu torpağa bağlı idi. Onda torpaqlarda ancaq taxıl əkilirdi. Bir neçə il elin sərvəti adlandırılan taxıl əkməyə məcbur oldu. Ancaq yaxşı bilirdi ki, təkcə taxılla maddi vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. O, təsərrüfatın elə yeni sahəsini yaratmaq istəyirdi ki, çəkilən zəhməti doğrultsun. Yenə də təcrübəli adamlardan məsləhətlər alırdı. Bir gün taxıl sahələrində kartof, tərəvəz yetişdirməyə başlayanda bol məhsul əldə etsə də nəticə onu qane etmədi. Ağakişibəyli kənd bələdiyyəsinin sədri olanda adamların dolanışığı barədə çox fikirləşir, kəndin abadlğı, torpaqlardan səmərəli istifadə üçün bacarığını sərf etdi. Onda kənd camaatı onun məsləhətlərinə inanıb torpağa bağlandı. Taxıl, tərəvəz, kartof əkinlərinə rəvac verdilər.
Rafət Abasov ömrünün 54-cü pilləsindədir. Bu ömrün hər pilləsini torpağa sevgi, zəhmət bəzəyir. Hər ilin uğurları onu daha çox bolluq yaratmağa ruhlandırıb. Bu bolluğa nail olmaq üçün torpağın hər qarışını əzizləyib. Rafət payına düşən 2 hektar sahədə çiyələk əkmək qərarına gələndə yəqin etmişdi ki, bu istəyi hədər getməyəcək. Həmin sahənin əkinçilik mədəniyyətinə uyğun hazırladı. Suvarılıb becərilməsi üçün əsil aqrotexniki tədbirləri tətbiq etdi. Damcı üsulu ilə suvarılan çiyələk kolları mütəmadi çiçəkləyib bara dolur.
...Maşın kanalın kənarı ilə irəliləyib sututarın yanına çatanda günçıxandakı yamyaşıl çiyələk sahəsi nəzər-diqqətimi cəlb etdi. Ürəyimdə belə nümunəvi, könül oxşayan bağ yəqin ki, Rafətin olar, deyə düşündüm. Sahədə isə qız-gəlinlər cərgə boyu irəliləyib məhsul yığırdılar. Məhsul dolu vedrələri plastik yeşiklərə boşaldan fermer bizi görüb irəli gəldi. Rafəti çoxdan tanıyıram. Briqadir işləyəndə, bələdiyyə sədri olanda, fermer kimi torpaq götürüb bolluq yaradanda da, bu gün də ovqatı yaxşı idi.
Adam zəhmətinin bəhrəsini görəndə qəlbi fərəhdən dağa dönür, qollarına güc-qüvvət gəlir, sabaha inamla baxır, daha böyük uğurlar qazanmağa can atır. Rafət bolluq uğrunda mübarizəsini tək çiyələk yetişdirməklə bitirmir. O, icarəyə götürdüyü 23 hektar torpağın 12 hektarında buğda, 3 hektarında arpa, 4 hektarında kartof, 1 hektarında soğan yetişdirib. Kartofun hər hektarından 25 ton məhsul götürüb. Faraş məhsulu Rusiyaya göndərməyə nail olduğundan gəliri xeyli artırıb.
Çiyələkçiliyi inkişaf etdirmək üçün daha 3 hektar sahədə əkinə hazırlıq işləri gedir. Qabaqcıl fermerin yaratdığı kollektivdə 10-15 nəfər çalışır. Onların 6-sı ərazinin özündən, qalanı ətraf kəndlərdən gəlir. Hər biri ailə ailə dolandırır. Fermer deyir ki, hər birinin zəhməti düzgün dəyərini tapır – 300-350 manat əmək haqqı alır.
Deyirlər zəhmətin halaldırsa itməz. Söhbətimiz bu il aldığı “Tərəqqi” medalının üstünə gəlir. Zəhmət meydanına atıldığı 36 illik zaman kəsiyində qarşısına çıxan bütün çətinlikləri dəf etməyə özündə güc tapıb. Belə məqamlarda mübarizlik göstərib, heç kəsə giley-güzar bildirməyib. Orden-medal almağı istəyib, atasının mükafatları bu gün də onu qürurlandırır. Ancaq bilir ki, bu dəyərlərə ancaq və ancaq zəhmətlə çatmaq olar.
Bu il ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qabaqcıl fermer, zəhməti ömrünə işıq edən Rafət Firudin oğlu Abasov “Tərəqqi” medalına layiq görüldü. Bu dəyər ailə üçün çox böyük fərəhə çevrildi. Dəyərli mükafat onun rayonda aqrar sektorun inkişafına, torpaqla ünsiyyətinə, təsərrüfatında əkinçilik mədəniyyətini yüksəltdiyinə görə verilmişdir. Odur ki, bu əmək uğurunda payı olan ailənin bütün üzvləri – qardaşı Rafiq, ömür-gün yoldaşı, övladları – Şərəfə kənd tam orta məktəbinin kimya-biologiya müəllimi Günay xanım, BDU və Neft-Kimya Akademiyasının məzunu, Masallı Gənclərin İnkişaf və Karyera Mərkəzində çalışan oğlu Gündüz fermerlər üçün yaradılmış bu şəraitə görə ölkə rəhbərinə minnətdarlıq bildirirlər.
Rafət Abasov respublikada tanınan fermerdir. O, ölkədə kənd təsərrüfatının inkişaf etdirmək məqsədilə Respublika Kənd Təsərrüfatı Nazirinin yanında yaradılan fermerlər şurasının Cənub bölgəsindən seçilən yeganə üzvüdür.
Ailəliklə Yeni Azərbaycan Partiyasının üzvüdürlər. Özü hələ 1993-cü ildə Ulu Öndərin yaratdığı YAP-ın ilk qurucularındandır.
Rafət deyir ki, məhsulu yetişdirmək yerbəyer etməkdən çətindir. Bu bizi həmişə düşündürür. Odur ki, bu məsələni məhsul yetişməmiş həll edirik. Müştərilərimizlə əvvəlcədən sövdələşirik.
Səliqə-sahmanlı, alaqsız çiyələk bağları zəhmət adamları – Mahirə, Qızqayıt, Xeyri, Günay, Mirvarinin torpağa isti münasibətindən gün-gündən bəhrəsini artırır.
Rafət isə bol məhsullu tarlaya baxıb zəhmətindən zövq aldığından torpağa daha möhkəm bağlanır.
Əlihüseyn Şükürov,
Həsənağa ƏLİYEV,
MASALLI. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !