Tahir Süleymanov futbolda idarəçilik qabiliyyəti ilə yanaş, digər əsas amillərin vacibliyindən danışdı -

Tahir Süleymanov futbolda idarəçilik qabiliyyəti ilə yanaş, digər əsas amillərin vacibliyindən danışdı

Böyük klubları idarə etmək, yükünü, ağırlığını daşımaq asan məsələ deyil. Daimi təzyiq altında çalışmaq məcburiyyətindəsən. Futbolu bilməklə, idarəçilik qabiliyyəti ilə yanaşı möhkəm iradə, güc, psixoloji hazırlıq, dözüm, qətiyyət gərəkdir.
Qələbə, uğur, titul qazanıldı - bir günlük, tarixlikdir! Böyük klublar nailiyyətə doymazlar. Tələblər yüksəkdir, dərhal yeni hədəflər düşünülməlidir. Əks halda nəhəng klubun çəkisi altında əzilib qalınır, məhv edilir.
Lider, köklü klublarda bəhanələr, başaldatmalar keçmir. Böyük klubda özün də böyük olmalısan, yoxsa daha da kiçilərsən. Böyük klublar balaca beyinlər sayəsində titulsuz qala bilər, əsla kiçilməz!
Böyük klublar öz sadiq fanatları ilə birgə daxilən heç vaxt məğlub olmaz, yerində olmayanlar uduzar!
Ağ-qara rəngin taleyidir, ağ günlər də olur, qara zolağa da salınır, nəticələrdən asılı olmayaraq hər an diqqət mərkəzində olur. Böyük klubun güclü baş qərargahı, düşünən beyinləri, möhkəm müdafiəsi, hücum potensialı, hərtərəfli hazırlığı olmalıdır.
Böyük olanlar binoklu düz tutar, böyük klubun hədəfini daha da böyüdər, yaxınlaşdırar, futbol "doqquzluğunu" nişan alar. Kiçiklərin binoklu tərs, baş-ayaq olar, hədəflər uzaqlaşar, özləri nişangaha tuş gələr...
"Allahsız yerdə otur, böyüksüz yerdə oturma". Yanlış düşüncədir. Böyük - Yaradandır! Tanrı ucalığı dərk edilməyən yerdə böyüklər ola bilməz! Yaradanla bir ol, böyüklər arasında böyüyərsən, olmasan - böyürərsən!
Il
"Neftçi" mərhələ keçdi, açılış oyununda qələbə qazandı. Nəticə olsa da, komandada ciddi problemlərin olduğu əyani göründü. Mətbuat, azarkeşlər arasında haqlı tənqidlərlə üzləşdi...
Kluba təzyiqlər olmasın deyə münasibət bildirmədik. Növbəti oyunlar gəlir(di)... Klub/ komanda səhvlərdən nəticə çıxarmaq əvəzinə fərqli yol seçdi...
"Neftçi"-"Qalatasaray", çempionat turu öncəsi oyunlara tam səfərbər olmaq əvəzinə, büdcə/transfer/baza/tikinti olayları ilə gündəmə gəldi. Bunu kimsə kənardan etmədi, "Neftçi" rəsmiləri tərəfindən, daxildən edildi...
Zamanlama, vaxt etibarı ilə çox uğursuz, yerində olmayan, "Neftçi"ni deyil, özünümüdafiəyə yönələn yanlış gedişlərdir. Avrokubokda nəhəng klubla oyuna hərtərəfli hazırlaşmaq, gündəmdə saxlamaq əvəzinə, klub özü-özünü "vurur", hədəfə gətirir...
Nəticə - ağır məğlubiyyət!
"Neftçi" klub olaraq dağınıq vəziyyətdədir. Futbol adına vahid idarəetmə, strateji-ideoloji xətt yoxdur. Hərə özünü düşünür, özünü qorumağa çalışır, buna uyğun hərəkət edir.
Belə durumda tarixi klubun adına layiq nə oyun, nə də nəticələr ola bilər.
Klub prezidenti futbol "səriştəsini" artıraraq Türkiyə kanallarına qardaşlıq mesajları verir. Qardaşlıq isə ilk olaraq kollektivdə olmalı, yaradılmalıdır. Yoxsa bəslənilən Mbodj ekran qarşısında baş məşqçidən isti-isti haqq-hesab tələb edə, uzadılan baş əli geri çevirə bilməz!
"Neftçi" tarixi klubdur, inşaat, poliqrafiya şirkəti, 40%-lik lombard məntəqəsi deyil. Klub rəsmilərinin fərqli çıxışları azarkeşlər, media, futbol ictimaiyyəti arasında geniş müzakirə olunmaqda davam edir...
Müxtəlif yollarla uğursuzluqlara bəraətin qazanılması cəhdləri heç 40 faiz çəkiyə malik olmadı, 40 gün yox, 4 gün də çəkmədi. Gənclik şəhərindən gələn bumeranq dalğası çox sərt oldu.
Çoxsaylı müraciətlər olur, proseslərə münasibət bildirilməsi istənilir. Bir-birini "döyən" açıqlamalara geniş təhlil gərəkdir. Tökülən yarpaqları, köklü ağacı budamaqla, "Neftçi" düzəlməz, dirçəlməz!
III
Məşqçi, futbolçular "dar ağacından" asılır, bəllidir. Meydanda görünən budur. Məşqçi/futbolçuların günahları olmaqla yanaşı, onlar kluba özbaşına gəlmirlər, görünməyən detallar bu vəziyyəti şərtləndirir...
Klub/komanda fərqli anlayışlardır. "Neftçi" 5-6 ildir tək transferlərlə, heyətlə deyil, klub, rəhbərlik olaraq hər dəfə sökülür-yığılır. Daha doğrusu, görüntü yaradılır...
"Neftçi"nin 2014/15-ci illərə kimi təsisçisi birbaşa SOCAR, şirkətə tabe olan qurumlar idi. Dəyişikliklər nəticəsində klub əldən-ələ keçdi. Tarixi klubu, ümumilikdə isə futbolu ələ almaq istəyənlər "şəffaflıq" pərdəsi arxasında şuralaşdırdılar...
Prezident üsul idarəsi ləğv edildi. Stabil çempionluqlar yaşamış, kuboklar qazanmış, tam hazır vəziyyətdə olan yetirmələrin didərgin salınması prosesinə start verildi. O qədər möhkəm təməl qoyulmuşdu ki, dağıdıcılığa baxmayaraq "Neftçi" davamlı finallarda oynayırdı...
Eyni mərkəzdən "tənzimlənən" klub, belə idarəçiliklə çox çəkə bilməzdi. Müstəqillik illərinin ən acı məğlubiyyətləri, 0:8-lər özünü çox gözlətmədi...
İctimai təzyiqlər qarşısında "rotasiya-manevr" edilərək bir dəstə gedir, digərləri gəlir, vaxt udulur. "Neftçi" isə çökməkdə davam edir. Şaiyələr, tarixi uğurlara kölgə salmaq cəhdləri də davam edir, ara qatılır, illər bir-birini əvəzləyir...
Qızıldan qiymətli vaxt itirilsə də, mənfur niyyətlər artıq hər kəsə bəllidir. İcraçı/idman direktorları, yenidən prezidentlik, v.-prezidentliyə qayıdılması, Müşahidə Şurasının "ofsayda" düşməsi, qarşıda yeni hiylələrin hazırlanması...
Əgər strukturda "gedib-qayıdılacaqdısa", bu qədər dəyişikliklərə, həngaməyə nə ehtiyac vardı?! Belə anarxiya hökm sürən klubda komanda uğur qazana bilər? Ən mənfisi, struktur nə olur-olsun, işini bacarmayan, futboldan xəbərsiz, məkrli dəstələrə güvənməklə nə "Neftçi", nə də ümumi futbol düzələ bilməz!
IV
"Neftçi" sənədləşmədə kökündən dəyişdirilsə də, şəxsi əllərə keçsə də, SOCAR, Azərbaycan şərtlərinə uyğun baş sponsor kimi kluba dəstəyini heç zaman əsirgəməyib. Yeganə səhv, kadr seçimlərində AFFA ideoloqlarının hiyləsi ilə hərəkət edilməsidir.
Hər kəs dərk etməlidir, "Neftçi"yə xalqın, dövlətin vəsaiti xərclənir. Son anda klubu ələ alan və heç bir sənəddə imzaları, möhürləri olmayanlar yox, faktiki klub sahibləri cavabdehlik daşıyacaqlar...
Milyonların qarşılığında biabırçı nəticələr mənəvi yükdürsə, maliyyənin xərclənməsi, israfçılığı, dağıdılması tam başqa məsuliyyətdir.
Futboldakı bir çox pulluların aqibəti, son dövrlər dövlət strukturlarındakı islahatlar, yeyintilər, aradan çıxmalar, çıxarılan qərarlar göz önünə gətirilməlidir.
"Neftçi"dəki yarıtmaz, "baş üstə" kadrlar cavabdehlik daşımayan futbol ideoloqlarının, rəsmi məsuliyyət isə sənədə imza atanlarındır.
Gec də olsa, düşünməyə dəyər...
V
Tükənilib. Əvvəlki illərdəki bəhanələr, qarayaxmalar keçmir, azarkeşlər, cəmiyyət arasında ikrah hissi oyadır artıq. Loyal münasibət göstərənlər, "Neftçi"yə deyil, fərdlərə dəstək verənlər belə ayılıb, kənara çəkilib.
Gəlib-gedənlər "Neftçi" yükünün, qazanılan nəticələrin psixoloji təsiri altından çıxa bilmirlər. İldən-ilə üzülən "müdafiə mexanizmi" çilik-çilik olub, növbədə 40%-lik addımlardır. Yarımcan faiz gedişləri ilə 100%-lik nəticələrin qazanılması mümkünsüzdür!
Stadion/baza məsələləri, sənədləşmə işləri qabardılanda, futbol camiəsinə "başıbəlalı baza" ilə bağlı daha dolğun, ətraflı məlumat verilməsi idarəçilər üçün daha faydalı olar...
Vaxtilə "Neftçi"nin balansında heç bir stadion, baza, qurğu olmayıb. Sovetlər dönəmindən qalma "köhnə baza" deyilən ərazi də 20 ildən çoxdur "Neftçi"nin əlindən alınıb.
2015-ci ilə kimi İsm. Qayıbov adına stadion, indiki şəraitsiz baza "Neftçi"yə aid deyildi. SOCAR-da baş verən struktur-bölgü dəyişikliklərindən, klubun təsisçisinin dəyişməsindən sonra balansa keçirilib.
8 km.-dəki stadion isə "icarə" adıyla tam olaraq "Neftçi"nin boynuna, büdcəsinə "yüklənilib". Klubda idarəçi əlaltılar olmalıdır ki, bunlar həyata keçirilə bilsin. Vaxtilə stadionun tam olaraq "Neftçi"yə yüklənməsinə imkan verilmirdi. Təbii ki, belə yanaşma, qəti mövqe
futbol ideoloqlarına sərf etmirdi...
Hələ 7-8 il öncə klub "Bakcell Arena"nın ot örtüyünün saxlanılmasına görə AFFA-ya hər ay 10 min manat pul ödəyirdi. Hər dəfə də meydançanın yararsız, "kraskalanmış" durumuna görə rəsmi səviyyədə kəskin etirazımız, söhbətlərimiz olurdu.
İndi "Neftçi"yə göndərilən kadrlarla birgə idarəçilik, diqtə havadarların əlində, maliyyə isə klub üzərində. Bunun hələ poliqrafiya, ketrinq, dava-dərman, forma məngənələri var. Belə vəziyyətdə büdcə dözər, nəticələr ola bilər?!
VI
"Neftçi"nin öz evi olmalıdır. Birmənalı!
Evsiz-eşiksiz qazanılan tarixi uğurların mahiyyəti birə beş yox, birə yüz daha da artır. Elə indiki klubda olan "sumqayıtlıların" qonaq gəldikləri vaxt dedikləri sözlər kifayətdir: "Bizim iş şəraitimiz burdakından daha yaxşıdır".
Məntiqli sual yaranır. Yeni əsrin ilk onilliyində kluba vəzifəli, imkanlı şəxslərin prezidentliyi dönəmində niyə bazanın təməli qoyulmurdu, inşa edilmirdi?! Maliyyə imkanları kifayət qədər idi...
Nəinki baza, komanda köhnə avtobusa möhtac idi. Nəticələr qazana-qazana məsələlər sponsorlar qarşısında qaldırılırdı. Ciddi uğurlar olmayanda, təsisçilər də bezir, şərt qoymaq yox, heç söz də demək mümkün olmur...
"Neftçi" üçün bu gün də istifadə edilən müasir, 500 min dollar qiyməti olan avtobusun alınmasına nail olundu. Əvəzedici heyətin köhnə avtobusu da təzələndi. İndi çempionluqlar, kuboklar yenilənməsə də, ehtiyac olmadığı halda avtobusun poliqrafik görkəmi hər mövsüm təzələnir(!).
Xüsusi qeyd: Bunlar dost-tanış, "posredniklər", şəxsi firmalar vasitəsilə edilmirdi, göstərilən nəticələr qarşısında tələb edilirdi. Həlli çətin olsa da, adi hallar idi. Heç vaxt ictimaiyyət qarşısına çıxıb "salyarka"lardan söhbət açılmırdı, "Neftçi" xəyal görünən qrup yolunu gedirdi...
Yeri gəlmişkən, "Neftçi" qrupa vəsiqə qazananda A komandasına, yerli, legioner futbolçular, məşqçi, rəsmilər daxil 4,5 milyon vəsait xərclənib və UEFA-dan, transfer, reklam, tv, bilet satışından qarşılığı alınıb. Azərbaycan futbolu, "Neftçi" adına tarixi qrup isə heç bir maliyyə ilə ölçülə bilməz!
Böyük klublarda zəruri olan gündəlik tələbatlardan söhbət açılmaz. Harada görülüb ki, çəkisi, tarixi olan klublar çıxıb "qənd-çay" söhbələri etsin?! Heç balaca klublarda da bunlar edilməz, gündəmə gətirilməz...
Böyük klubların bəlli liderlik məqsədləri, onilliklərlə formalaşmış psixoloji özünəinamı olur. Şəraitin yaradılması və qazanılan nəticələr paralel addımlamalıdır. Əks halda qızıldan ev də tikilsə - qəbul olunmaz!
"Qarabağ" da formalaşanda, ilk qrup yollarını keçəndə şəraitsiz, balaca "Ruslan-93"-də məskunlaşırdı, "bazamız yoxdur" ağlaşması da qurulmurdu. Sponsor tərəfindən paralel iş aparılırdı, rəhbər/məşqçilər korpusuna dəstəyini əsirgəmədi, baza inşa edildi.
"Neftçi" uğurlu illərdən sonra dörd rəhbər-əl dəyişib. Olmazdı ki, nəticə göstərən idarəçi heyətlə sona kimi davam edilsin, dəstək verilsin, bezikdirilməsin. Uğurlar qarşısında istefaya göndərməyə gücləri çatmasa da, getməyə "şərait" yaradılırdı...
Bəhanələr tükənib, "incə-kobud" gedişlərlə hər dəfə "problem keçmişdən qalıb" kimi "cəfakeşliklərə" nə ehtiyac var?! Vaxtilə "Sumqayıt" meydandan 8 topla yola salınırdı, indi "Neftçi" doğma meydanı başı aşağı tərk edir.
VII
Bakıxanovdakı baza ətrafdan dövlət əhəmiyyətli, strateji daşımalara cavabdeh dəmir yolları ilə əhatə olunub. Xüsusi qurumların razılığı, yoxlaması, bürokratik əngəllər uzun zaman aparıb. Bunun nə keçmişə, nə də son 5-6 ildəki "Neftçi" rəhbərliyinə aidiyyatı yoxdur, günahları deyil.
Futbol klubunda, mərkəzdə futbolun özü, nəticələr dayanmalıdır. Yayındırıcı manevrləri, vaxt udmaları "Neftçi" camiəsi, "Neftçi" böyüklüyü heç vaxt qəbul etməz. Bir səhifəlik ümumiləşdirilmiş maliyyə hesabatını son tələblərə uyğun bütün klublar verir.
Digər tərəfdən, daxildən SOCAR-ı yükləmək istəyənlərə bir tutarlı cavab da verilib. 13 100 000-lik klub büdcəsi ilə davamlı çempionluqlar, kuboklar da qazanılmalı, Avropaya da dönüş edilməliydi.
Hər şey maliyyə ilə ölçülmür!
Komanda tək legioner transferlərindən ibarət olmur. Klubun strategiyası, konsepsiyası elə olmalı, aparılmalıdır ki, komandada vəhdət təşkil edilsin. Balanslaşdırılmış səviyyəli yerli və legionerlərdən qurulmuş heyət komandanı çempionluqlara daşıya bilər...
Son 5-6 ildə "Neftçi" aşağı-yuxarı 60(!) legionerdən istifadə edib. İndiki, dünənki nəticələrlə, bu, cinayətdir! Transferlərin demək olar yarısı hazırkı rəhbərlik tərəfindən edilib. Pul yoxdur? 50-60 transfer əvəzinə, bu illər ərzində daha keyfiyyətli 10-15 legioner kifayət idi...
Bunun üçün hər 6 aydan bir heyət dəyişmək yox, bacarıq və "Neftçi" adına birgə fəaliyyət olmalı idi. Əlaltı rəhbərlik futbol nəzarətini bacarmayanlardır. Rəsmi vəzifə pillələri aşağı düşdükcə, hərə bir-birinin üstünə atır, məsuliyyətdən qaçılır.
Klub prezidenti "Sumqayıt"ı uda bilmir, "ÇL.-n 1/4" yuxularını görür, v.-prezident "inşaat mənlikdir" deyir, idman direktoru "pul yoxdur" üsyanı edir, baş məşqçi də təcrübəsizliyi ilə ortada tək qalır.
Müşahidə Şurası da "Neftçi"nin çöküş "müşahidəsini" illərdi seyr edir...
Belə pərakəndə idarəçiliklə "Neftçi" ağırlığında yükün çəkilməsi mümkünsüzdür!
VIII
Klubun öz yetirmələrinə göstəridiyi biganəlik bağışlanmazdır. Onlar "Neftçi"də çalışmış/çalışan yerli uşaq-yeniyetmə məşqçilərin əməyinin bəhrəsidir. Hələ bizdən öncə möhkəm təməli qoyulan uşaq futbolu sonrakı illərdə də konveyer kimi çalışırdı.
Komandada iki ödənişli qapıçı saxlanılır, U-21-n əsas üzvü kölgədə qalır. Millinin əsas qapıçısı, Qazaxıstanda möhtəşəm mövsüm keçirmiş, milli təəssübkeşliyi ilə klubsuz qalan "Neftçi" yetirməsi Emil Balayev geri qaytarılmır.
"Qarabağ"ın şərəfini qoruyan istedadlı əlcək sahibi hələ uzaq illərdə, 18 yaşında "San Siro"da Stamenkoviçin əsas əvəzləyicisi idi və bu günlər düşünülüb "Neftçi" üçün yetişirdi. Elə Saşanın özü də indiyə kimi çempionatın üzdə olan qapıçılarından biridir.
Mbodj kimi legionerlər bəslənilir, 19 yaşından əsas heyət üzvü olan, qruplara vəsiqə qazanmış, azad futbolçu Elvin Yunuszadəyə ehtiyac duyulmur. Eyni mövqedə Rahil Məmmədov yetişdirilib "Qarabağ"a hədiyyə edilir. Ardınca Musa Qurbanlı da yola salınır...
Araz Abdullayev klubsuzdur, millidə meydana çıxır, doğma "Neftçi"yə gərəkli olmur. 26-27 yaşlı yerli futbolçuyla müqavilə uzadılır, icarəyə(!) verilir, eyni mövqeyə isə legionerlər üst-üstə qalanır...
Akademiyası, şəraiti yüksək olmayan klub, adını çəkdiyim və çəkmədiyim 10-larla istedadlı, bacarıqlı futbolçular yetişdirib və son 5 ildə böyük əksəriyyəti didərgin salınıb. Sonra da deyilir ki, "Qarabağ" niyə çempion olur...
Böyük klubda gəncləşdirmə anlayışı olmur. 2014-ün kubok finalında tam sağ cinah 18-20 yaşlı Məqsəd İsayev, Samir Məsimova həvalə edilmişdi. Meydanda olan gənc Mirhüseyn Seyidov və digərləri də öz yerində...
Mükafatsız, məşqçi/futbolçulara bir qəpik belə bonus ödənilmədən kubok qazanılıb.
"Neftçi"də 15-ə yaxın 18-22 yaşlı öz yetirmələri, uşaq yaşlarından seleksiya fəaliyyəti ilə kluba cəlb edilənlər, davamlı çempionluqlar qazanmağa hazır idilər. Zatən qazanmışdılar, bu ruhda yetişmişdilər.
Bu futbolçularla yanaşı ehtiyac duyulan mövqelərə 6-7 səviyyəli legionerin transferi ilə 10 ilə yaxın müddətdə "Neftçi"nin liderliyini qoruyub saxlamaq, daha da inkişaf etdirmək mümkün idi. Nə yazıq ki, səriştəsizlikdən komanda amansızcasına dağıdıldı...
3-5 minə heyətdə oynadılan gənc yetirmələrin, planlı işin, strateji addımların sayəsində qənaət edilən vəsaitlə daha keyfiyyətli legionerlər gətirilirdi. Bütün dünyada, böyük klublarda belədir. "Barselona", Yuventus", PSJ-də hamı Messi, Ronaldo, Neymar qədər pul almır...
IX
Büdcənin azaldılmasından yox, bu illər ərzində israf olunan, dağıdılan 10 milyonlarla maliyyənin hesabatı verilməlidir. Azərbaycanda PRO(!) kateqoriyasına yiyələnmiş ingilis bennetlərin qoyduğu uşaq futbolundakı "təməl" hələ 5-10 ildən sonra "bəhrəsini" verəcək.
"Neftçi" kimi köklü klub bu qədər diletantlaşdırılmamalıdır. "Neftçi" əzəməti qarşısında öncədən, paltardəyişmə otağında psixoloji məğlub olan rəqiblər, indi rəqabətsiz açıq "Bakı birinciliyi"ndə komandanı evdə divara dirəyir...
Futbolda uğur da olar, uğursuzluq da... Bəhanələrlə, sığortalarla, məğlub ruhda klub idarə edilməməlidir. "Neftçi"ni sındırmaq istəyənlər tarix boyu özləri sınıb. Mütəxəssisləri, jurnalistləri, haqlı etiraz edən fanatları ittiham etmək yox, səhvlərdən nəticə çıxartmaq daha doğru olar...
"Neftçi"nin illik, ümumi klub büdcəsi vaxtilə Milan "İnter"indəki kassanoların sol ayaqlarının qiyməti qədər deyildi. 45 milyonluq APOEL-ə yaxın düşə bilməzdi. Heç Rusiya "Arsenal"ının maliyyəsi də "Neftçi"dən aşağı deyildi, daha üstün idi...
Vəsait önəmli məsələdir, hər şey demək deyil.
Belə olsaydı, ərəb pulları ilə "Mançester Siti" qarşısına çıxanları hər dəfə əzib keçərdi, Ç.L.-n kubokunu heç kimə verməzdi.
"Neftçi"nin Azərbaycan şərtlərinə uyğun kifayət qədər stabil büdcəsi var. Bu maliyyə ilə liderliyi də qaytarmaq olar, Avropa yolunu da yenidən qət etmək mümkündür.
İtirilən illərdən sonra mövcud durumda təsisçilərin ayılıb, bezib maliyyəni baza/akademiyaya yönəltməsi doğru qərardır.
Bordinlərə, əlcək kimi dəyişdirilən səviyyəsiz legionerlərə xərclənən vəsait havaya, ciblərə axır. Komandanın düzəlməsi üçün ilk öncə ümumi klub və futbol idarəçiliyi yerində olmalıdır.
"Neftçi" görülən işlərlə yanaşı mütləq nəticələr qazanmalıdır. Böyük klublarda fərqli yol olmur.
Əziz Yıldırım "Fənərbaxça" üçün 55 minlik modern stadion inşa etdirdi, çempion ola bilmədi, milyonlarla azarkeş tərəfindən istefası tələb edildi. Eynilə uğursuzluq dönəmlərində "Qalatasaray", "Beşiktaş" və digərləri...
Böyük klubların, fanat-azarkeşlərin nəsillərdən gələn, formalaşan, polad kimi bərkiyən qalıb ruhlu psixologiyaları mövcuddur. Onlar məğlubiyyəti, komandalarının əzilmiş ruhda olmalarını heç vaxt həzm etmirlər. Ona görə böyükdürlər!
"Neftçi" sıradan bir klub/komanda deyil, çox ağır çəkiyə malikdir. Nağıllar aləmi "Neftçi"də keçmir. Bu klubda ya nəticə verməlisən, ya da üzü sulu getməlisən...
Böyüklərin böyük də tələbləri olur!
"Neftçi" tv-nin canlı yayımında görülən işlərin, problemlərin geniş müzakirəsi diləyilə...
Uğurlar, "Neftçi"! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !