Assosiasiya yer üzündən silinmiş Quba qalasının layihəsini təqdim edib. -

Assosiasiya yer üzündən silinmiş Quba qalasının layihəsini təqdim edib.

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) həyata keçirdiyi layihə çərçivəsində çar Rusiyası tərəfindən yer üzündən silinmiş Quba qalasının layihəsini təqdim edib. Assosiasiyanın mütəxəssisləri 12 ildən artıqdır ki, Quba şəhərinin qala divarları ilə bağlı tədqiqatlar aparaq çoxlu sayda tarixi mənbələr toplamalarına baxmayaraq qalanın təsvirini və ya layihəsini əldə edə bilməyiblər. Buna görə də assosiasiya toplanmış məlumata istinadən Quba şəhərinin qala divarlarının layihəsini hazırlayaraq, ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab etmişdir.
Uzunluğu təxminən 852 metr, eni 277 metr olmuş, hazırki Quba şəhərinin mərkəzində yerləşmiş qala divarları bəzi məlumatlara görə 1744, bəzi məlumatlara görə isə 1747-ci ildə Quba xanı Hüseyəli xan tərəfindən xanlığı mərkəzinin Xudatdan Qubaya köçürərkən inşa etdirmişdir. Qala divarının hündürlüyü 8-8,52 metr, eni isə 2,13 metr olub. Bəzi tarixi mənbələrdə qala Qudyal qalası kimi təqdim edilir.Qalanın 3 qapısı və təhlükədən xilas olmaq üçün yeraltı yolları olub. Qala sökülsə də yeraltı yollar şəhərin mərkəzindəki qədim evlərin altında qalmaqdadır. Bu tarixi abidələrin təmizlənməsi və bərpasına ciddi ehtiyac var.
Layihənin rəhbəri t.ü.e.d., professor Məhərrəm Zülfüqarlı hazırlanmış sənəd barədə qeyd edir ki, “hazırladığımız layihə ilk olduğuna görə ona münasibət birmənalı olmayacaq. Layihədəki göstərilən qala divarlarının ölçüləri akademik Şamil Fətullayev-Fiqarovun (əslində-Zülfiqarov) məqaləsinə istinad edilərək verilib. Görkəmli alim bu ölçüləri Quba qalasının 1811-ci ilə aid hərbi planından götürüb. Bu layihəni təqdim etməkdə məqsəd mütəxəssislərin və səlahiyyətli qurumların diqqətini 150 il bundan əvvəl çar Rusiyası tərəfindən dağıdıllaraq yer üzündən silinmiş, naməlum Quba qalasına cəlb etməkdir. Çox istərdik ki, mütəxəssislər bizim təqdim etdiyimiz layihəyə tənqidi yanaşaraq öz münasibətlərini bildirsinlər. Məhz bu yolla biz daha təkmil layihələrin ortaya çıxmasına nail ola bilərik. İnanırıq ki, tarixçilər, arxitektorlar, arxeoloqlar bu məsələyə biganə qalmayacaqlar.”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihənin icrası davam edir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !