Dəniz mənzərəsi ( novella) - - Hümbət Həsənoğlu yazır

Dəniz mənzərəsi ( novella) - Hümbət Həsənoğlu yazır

Yeni tikilmiş binada almaq istədiyi evin müqaviləsini imzalayandan sonra şirkət nümayəndəsi ona yalnız bir sual verdi:- Kamil müəllim, maraqlıdır, hamının Almaniyaya getmək istədiyi bir vaxtda, siz ordan bura gəlirsiniz?
- Bilirsiniz,mənə də maraqlıdır ki, niyə hamını elə bu sual maraqlandırır. Bu şəhərin bir nömrəli uşaq evində böyümüşəm. Rəsm müəllimimiz mənim şəkil çəkmək istedadımı görüb məni Pioner evindəki rəsm dərnəyinə aparıb.
Əsgərliyə Almaniyaya düşdüm. İki ildə heç əsgəri xidmət görmədim, hissənin bütün tərtibat işlərini mənə həvalə elədilər. Gizir kimi xidməti davam etdirməyi təklif etdilər. Qayıtmağa yerim olmadığından razılaşdım. Bir alman qızı ilə tanış oldum, elə o vaxtlar Sovet dağıldı, qızla evləndim.
İki övladımız oldu. Oğlum Kanadada, qızım Argentinada yaşayır. Almaniyada da rəssamlıq etmişəm, çoxlu fərdi sərgilərim olub. Çəkdiyim rəsm əsərləri də yaxşı satılıb.
İki il qabaq həyat yoldaşım dünyasını dəyişdi. Yaşlaşdıqca, vətən həsrətim gücləndi, maddi cəhətdən problemim olmasa da, bu yerlərdə təkrar olmaq istədim. İstəyirəm burada da evim olsun.
Bir fikri vurğulamaq istəyirəm , çox millətlər var ki, onlara harada yaxşıdırsa, ora vətən deyə bilirlər. Biz azərbaycanlılar belə deyilik, qürbətdə nə qədər yaxşı yaşasaq da üzü vətənə yatırıq.
Yaşım altmışı keçib, vətən havasını udmaq, suyunu içmək arzusundayam.
- Buralarda qohumlarınız varmı?
- Yox, ancaq dostları aramaq fikrim var. Rəsm dərnəyində dostluq etdiyim Arif adlı rəssam var, onu artıq tapmışam.
Yeri gəlmişkən, evin təmirinə nə vaxt başlaya bilərəm?
- Sabah gəlib evin açarlarını götürə bilərsiniz.
Alman həyatından sonra vətəndəki qaydalara uyğunlaşmaq çox çətin idi ona. İnsanlarımızın adi şeyləri çətinləşdirməsi, hətta qəlizləşdirməsi onu təəssüfləndirir-
di. Bəzən ayrı- ayrı məmurlara ona sadə görünən fikirləri izah də etməyə də çalışırdı.
Evdəki təmirə özü nəzarət etməli olurdu. Onu tarazlıqdan çıxaran insanların peşəkarsızlığı idi, bu səbəbdən artıq iki təmir briqadasını işdən uzaqlaşdırmışdı.
Onun yeganə məmnunluğu dostu Arif ilə yeni salınmış bulvarda gəzinti idi. Dəniz körpüsünün üstü onun sevimli məkanı idi. Burada o özünü dənizin ortasındakı gəminin göyərtəsində hiss edirdi. Bu gün də Ariflə burada idilər. O məhəccərdən tutub ciyər dolusu hava alırdı, elə bil bütün burada almadıqları havaların heyfini çıxartmaq istəyirdi. Körpüdə qaranlıq idi, buranın işıqlanma sistemi yerli- dibli yox idi. Arada burada dayanıb balıq tutanların başlarına bərkitdikləri fənərin işığı ətrafı qısamüddətli işıqlandırırdı.
Arif onun qulağına yavaşca pıçıldadı;- səndən sağda dayanan xanıma diqqət et.
O, ehmalca başını sağa döndərdi, ortaboylu bir xanım elə onların dayandığı istiqamətdə dənizə tamaşa edirdi.
- Kamil müəllim, bu xanımın adı Pərvanədir, yaşı altmışa yaxınlaşıb, ərə getməyib, heç! O da Arifin qulağına yavaşca pıçıldadı:
- Ola bilməz. Bu necə mümkün olub. Bəlkə kimsə olub, sadəcə pasportda möhürsüz ötüşüblər. Qərbdə belə hallar lap çoxdur, insanlar illərlə bir yerdə yaşayıb, heç bir qeydiyyatdan da keçmirlər. Əksinə, bəziləri pasportdakı möhürü xoşbəxtliyə maneə sayırlar.
Yox. Bu dəqiq ərə getməyib:- Arif əlavə etdi, qardaşımla bir yerdə işləyiblər, tək qalır. Riyaziyyatdan uşaq hazırlaşdırmaqla dolanır. Dənizin vurğunudur, hər səhər dənizdə üzür.
Mənimlə tanışdır, gəl səni tanış edim.
Arif onun qolundan tutub xanıma yaxınlaşdırdı.
- Salam, Pərvanə xanım, necəsiniz?
- Salam, Arif. Buralar qaranlıqdır deyə,heç kimi tanımaq olmur.
- Tanış olun, mənim dostum Kamildir, Almaniyadan gəlib, rəssamdır.
- Almaniyadan? Nə maraqlı?
Şadam tanış olmağa. Yəqin, qısamüddətli səfərdir?
- Yox, burada kök salmaq istəyir.
- Almaniyada vəziyyət bu qədər pisləşib?
- Pərvanə xanım, tanışlığımıza mən də çox şad oldum. Almaniyada vəziyyət yaxşı olaraq qalır, sadəcə vətən məni çəkdi, nostalji hisslərim oyandı.
- Nostalji hisslər? Hə, rəssamsınız axı, bütün yaradıcı insanlar kimi emosiyalarınız öndədir.
- Qürbətdə yaşamayanlara izah etmək çətin olur, adətən.
Pərvanə xanım qaranlıqda Kamilin gözlərini daha yaxşı görmək üçün başını azacıq ona tərəf yaxınlaşdırıb yavaş səslə dedi:- bir çoxlarımız da elə burada qürbətdəki kimiyik. Mən savadsız və mədəniyyətsiz olan bəzi həmvətənlərimin yanında özümü qürbətdə hiss edirəm.
Məndə də o an fikrimdə arzuladığım bir vətən üçün hisslərim yaranır, bəlkə o hissdir, nostalji hissi?
Kamil, uzun illər alman xanımı ilə yaşamışdı və qadınların fikrini uşaq kimi yayındırmağı gözəl bilirdi.
- Pərvanə xanım, eşitdim dənizi sevirsiniz?
- Dənizi çox sevirəm, o olduğu kimidir, necə var elədir. Amma ancaq yaxşı havada onunla dostluğum tutur. Mənim bronxlarımda əbədi problemim var. Külək olanda məndə təngənəfəslik yaranır. Həmişə arzulamışam ki, dənizdə iri dalğalar olsun və mən o dalğaların fövqündə dayanıb onlara baxım, külək də mənin üzümə əssin. Təssüf ki, bu məndə elə arzu da olaraq qalacaq.
Kamil sonrakı günləri Pərvanə xanım haqda düşündü. Rəssam yaddaşı onu olduğu kimi fikrində canlandıra bilirdi. Qısa saç düzümü, yaşına uyğun olmayan qıvraqlıq və emosiyalarını açıq ifadə etmək qabiliyyəti onu həmişə gördüyü fleqmatik alman qadınlarından fərqləndirirdi.
Küləkli günlər dəniz körpüsündə Pərvanə xanımın gəlməyəcəyini bilsə də, gözləri onu axtarırdı.
Axı niyə ərə getməyib bu ağıllı və yaraşıqlı xanım? Bu sualı özündən asılı olmayaraq beynində iynəsi qırılmış patefon kimi təkrarlayırdı.
Bəlkə ilk sevgisi daşa dəyib?
Anaları ilə tək yaşayan qızlar da ərə getmirlər. Analarını o qədər sevirlər ki, onu tərk etməyi xəyanət kimi qəbul edib elə analarının yanında da qalırlar.
Bəlkə ömür boyu “ ağ atlı oğlan” gözləyib, o da gəlib çıxmayıb?
Yəni bu xanıma deyən olmayıb ki, “ağ atlı oğlan” reallıqda olmur?
Düzdür, bəzi imkanlı xanımlar var ki, “ ağ atlı oğlanı” müvəqqəti kirayəyə götürə bilirlər. Belələrinin həm oğlanı, həm də onun atını saxlamağa pulları çatır.
Belələri ərsiz də öz həyatlarını qura bilirlər. Məhz belələri əmindirlər ki, qadının pulu varsa, ərə getməyə də bilərlər. Bəlkə haqlıdırlar? Nəyin xatirinə onlar çox vaxt bivec ərlərinə dözməlidirlər ki?
Kamil, bir şeyi dəqiq bilirdi. Son yüz ildə kişilər yerlərində qaldılar, amma qadınlar çox irəli getdilər. Ayrı- ayrı kişilərin evdə qadınları yumruq gücünə itaətdə saxlamaq cəhdlərinə baxmayaraq ümumən qadınlar çox hüquqlar əldə etdilər, kişilərin hesab olunan bütün peşələrə yiyələndilər və artıq bir çox sahələri də inhisara götürüblər. Artıq ən yüksək vəzifələrə və imkanlara sahib xanımlar kişi- qadın, ailə münasibətlərini köklü dəyişdirirlər. Almaniyada olan gender deyilən bərabərliyin havasının bura çatdığının da o, gündəlik şahidi olurdu.
Yəni ətrafda olan uşaqlar da onda ana instinktini oyada bilməyib?
Məhz bu instinktə görə bir çox xanımlar ilk təşəbbüs göstərənə
“ hə” deyirlər axı.
Kamilin son fikri bu oldu ki, bu
“ Pərvanənin” qanadları hansı səbəbdənsə, bərk yanıb. Bu yanmış qanadları vaxtında əzizləyən, bu qanadlara məlhəm qoya bilən kişi ortaya çıxmayıb və bu xanım da yanmış qanadlarını dəniz suyunda islatmaqla təsəlli tapır.
Üzü payıza gedirdi, küləkli günlər çoxalırdı. Arada yaxşı, küləksiz bir gündə, elə axşam, Kamil Pərvanə xanımı elə əvvəlki yerində də gördü.
Arif bu gün gələ bilməmişdi. O, yaxınlaşıb salam verdi.
Pərvanə xanım, onu tanıdı.
- Kamil bəy, nostalji hissiniz yox olmayıb hələ? Bunu deyib o, gülümsündü.
- Yox, əksinə, məni bura bağlayan şeylərin sayı artır.
- Kamil bəy, bu dənizdən başqa nostalji hissiniz üçün ikinci səbəb deyə bilərsinizmi?
- İkincisi, Bulvar!
Onlar birlikdə gülüşdülər.
- Yəqin bununla fantaziyanız bitdi.
- Üçüncüsü də var, onu da sonra deyərəm , hamısını bir dəfəyə demək olmaz axı!
Onlar bir neçə dəfə də külək olmayan günlər görüşdülər, söhbətləşdilər. Bu o ünsiyyətlərdən idi ki, söhbətin özü yox, onun sadəcə olmağı hər iki tərəfə məmnunluq gətirir.
Son dəfə görüşəndə Pərvanə xanım ona dedi:- Kamil bəy, tanışlığımıza şad oldum. Payız və qış fəsillərində mən buralara gəlməyəcəyəm. Küləklə bağlı problemimi artıq bilirsiniz. Yaza qədər də yəqin siz Almaniyaya qayıdarsınız.
Sizə çoxlu uğurlar diləyirəm!
Cavabında Kamil yalnız təşəkkür etmiş və sadəcə gülərək sağollaşmışdı.
Qışın ilk günlərində o, yeni köçdüyü binanın qarşısında başı isti yaylıqla, üzü isti şərflə bağlı bir xanım gördü.
O, yanıla bilməzdi, bu,Pərvanə xanım idi. Birinci o salam verdi:- Salam Pərvanə xanım, xoş gördük.
Pərvanə xanım onu görcək təəccübünü gizlətməyərək dedi:-
Kamil bəy, hələ buralardasınız?
- Hə, Pərvanə xanım, getməmişəm.
Baxın, bax bu binada da yaşayıram.
- Bu binada?
- Hə.
- Mən bu binada bir qüsurlu uşağın yanına dərs deməyə gələcəyəm, həftədə üç dəfə. Bu gün birinci dəfədir ki, gəlirəm.
- Neçənci mənzildir?
- 42.
- Nə maraqlı? Mən də 43-də qalıram.
Yolumuz birdir.
Lifti birlikdə qalxdılar.
- Pərvanə xanım, xahiş edirəm mənim evimin təmirinə ayaqüstü baxasınız.
- Yox, bəlkə nə vaxtsa, sonra?
- Dəvətimi xahiş kimi qəbul edin, sadəcə baxın. Sizin qadın zövqünüzdən doğan fikrinizə ehtiyacım var.
- Vallah bilmirəm. Məncə bu düz deyil.
- Çox rica edirəm.
- Yaxşı, sadəcə baxım.
Kamil qapını açıb, Pərvanə xanımı içəri dəvət etdi.
- Pərvanə xanım, əslində yalnız bir yeri sizə göstərəcəyəm. Cəmi bircə yeri.
O, özünün də gözləmədiyi cəsarətlə Pərvanə xanımın qolundan tutub onu böyük otağın bir divarının qabağına gətirdi.
Pərvanə xanım divara baxıb elə bir dondu. O, dinməzcə qarşısında açılan mənzərəyə baxırdı. Bu mənzərə onu anında ovsunladı. Gözlərini iri açıb olanların real olduğuna inanmaq istəyirdi.
Bütün divarda dəniz mənzərəsi çəkilmişdi. Ard- arda gələn iri dəniz dalğaları elə bil canlı idi. Ağ ləpələr dalğaların başında əsrarəngiz görünürdülər. Bu onun arzuladığı mənzərə idi. O, bu möhtəşəm dalğaların fövqündə dayanıb uzaq üfüqə baxdı. Dalğaların gətirdiyi küləyi qəfil sifətində hiss etdi. Amma bu küləkdən onun nəfəsi sıxılmadı, daralmadı, əksinə külək onun qəlbini xoş sığalladı. Mənzərə onu duyğulandırdı, könlünü riqqətə gətirdi.
O, üzünü bayaqdan yanında dayanmış insana döndərib, yavaş səslə yalnız bir söz deyə bildi:- Kamil!
- Can, Pərvanə!
Can sözünün ondan çıxdığına elə ilk Kamil duruxdu, o, bu sözü heç vaxt, heç kimə deməmişdi.
Amma bu sözü deyəndə yaşadığı xoşbəxtliyi də o,heç vaxt yaşamamışdı.
Ömrüm boyu bu sözü gözləmişdim:- qəhərlənmiş boğazından Pərvanə xanım yalnız bu sözləri çıxara bildi.
-Pərvanə, dənizdə hava küləkli olanda, bu otağa gəlib öz dənizinə tamaşa edə bilərsən.
Otağa yox, öz evinə!
Hümbət Həsənoğlu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !