Firuz Mustafa - -KÜRK

Firuz Mustafa -KÜRK

"AZƏRBAYCAN" jurnalının builki 9-cu sayında hekayələrim (deyəsən 9 hekayədir) nəşr olunub.
Naşirlərə təşəkkür edir, oxuculara uğurlu mütaliə. diləyirəm.
(Qonorar alanda sizi çay süfrəsinə dəvət edəcəm-bu isə gələn ayın əvvəlində olacaq...)))
p.s. Qısa hekayələrdən birini diqqətinizə çatdırıram.
KÜRK
Əri tez ölmüşdü. Dörd üşaqla bir damın altında qalmışdı. Uşaqlardan üçü qız, biri, ən kiçiyi isə oğlandı. Dolanışıqları çətin idi. Xanım özünü daim zorla çəkib aparmaq istədiyi ağır yükün altında hiss edirdi.
Qış gəlmişdi. Qar qapının ağzını almışdı.
Uşaq bir gün soyuqdan əsə-əsə Xanıma dedi:
-Ana, mən soyuqdan donuram. Bax indi uşaqlarla oynamağa gedirəm. O qapının ağzından asdığın kürkü verərsənmi geyim?.
Qapının ağzındakı kürk uşağın atasının idi.
Xanım ərindən qalma qalın kürkü göz qabağından asmışdı. Ona nədənsə elə gəlirdi ki, əri günlərin bir günü qayıdıb gələcək, kürkünü geyib yenə öz iş-gücünün arxasıyca gedəcək, onu çəkib aparmaq istədiyi ağır yükün altından xilas edəcəkdi..
Uşaq da yaxşı bilirdi ki, bu, onun atasının kürküdür. Amma o, anasından fərqli olaraq çox dəqiq bilirdi ki, atası heç zaman gəlməyəcək. Yaşlı adamlardan eşitmişdi ki, o dünyaya gedənlərdən heç kəs indiyəcən geri dönməyib.
Xanım uşağa təsəlli verirmiş kimi dedi:
-Bu kürk sənə böyükdür, böyüyəndə geyərsən, mənim balam.
Uşaq dedi:
-Geyinib baxmışam, əynimə yaxşı oturur.
Xanım susdu. Bilirdi ki, kürk uşağın əyninə böyükdür.
Bir azdan uşaq öz dostları ilə oynamağa getdi.
Qadın kürkü qapının ağzından götürüb taxtın üstündə qalaqlanmış palazın arxasında gizlətdi.
Həmin qış uşaq soyuqlayıb sətəlcəm oldu. “Göy öskürək” onu boğurdu.
Havaların sınması da heç nəyi dəyişmədi. Əksinə, uşaq get-gedə şam kimi əridi və ilıq-günəşli bir qış günü gözlərini bu dünyaya yumdu.
Uşağı atasının yanında dəfn etdilər.
İki gün sonra yenə qar yağdı.
Xanım kürkü aparıb qoşa qəbrin üstünə sərdi. Ta nə uşaq üşüyəcəkdi, nə də onun atası.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !