Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik - -Azər Həsrət Tofiq Yaqubludan yazdı

Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik -Azər Həsrət Tofiq Yaqubludan yazdı

Mənəvi cəhətdən o qədər aşınıblar ki, hətta bir siyasi fəalın aclıq aksiyası keçirib ölməsini belə təkidlə arzu etməkdədirlər. Bunların elə xisləti də belə olub həmişə. Bir qayda olaraq yetim-yesiri irəli verib arxasında gizləniblər. Yaxşı da pul qazanıblar. O pulla da övladlarını, əsil-nəsillərini xaricə daşıyıb lüks həyat təmin ediblər. Nə veclərinə? Hansısa yazıq bir gənc bunların təxribatlarına aldanıb həbsə düşəcək deyə keflərindən qalan deyillər ki…

İndi də Tofiq Yaqublunun üzərindən alverə başlayıblar. Bir neçə gün öncə şəxsən özüm də bu məsələyə münasibət bildirmişdim. Ardından da “Yeni Müsavat” TV-nin canlı efirində açıq şəkildə bəyan etdim ki, Tofiq bəyin tezliklə azadlığa çıxmasını arzu edirəm. Hətta hakimiyyətin müvafiq qurumlarına çağırış da etdim. Yəni bir hüquqi yolunu tapıb bu adamın həbsdən buraxılmasını təmin etsinlər.

Nə isə. Sözüm ondadır ki, Facebook-da bununla bağlı yazdığım statusa xeyli münasibət bildirildi. Hətta müxalifət kəsimindən də insanlar Tofiq Yaqubluya azadlıq arzu etdiyimə görə təşəkkür bildirdilər. Lakin ənənəvi 3-cü tərəf burda da ilişməyə bir şey tapdı. Yazmışdım ki, adamı “açıb buraxmaq” lazımdır. Yəni adətən həbsdə olanları açıb buraxırlar. Burada qapının açılması, adamın da azadlığa buraxılması nəzərdə tutulur. Ona görə də həbslə, bu sistemlə az-çox tanışlığı olan hər kəs ifadəmə normal yanaşdı, üstəlik mənimlə bərabər Tofiq Yaqubluya azadlıq arzu etdi. Dediyim kimi, qaragüruh, dərhal olmasa da bir xeyli vaxtdan sonra ilişməyə səbəb tapdı və guya Tofiq Yaqublunu aşağıladığımı iddia etdi. Yazdılar ki, “itdir ki, onu açıb buraxsınlar?” Nə qədər əxlaqsız, ədəbsiz olmalısan ki, bir adamın xoş məramlı münasibətinə belə bu cür “səbəb” tapıb mız qoyasan?

Bunlar niyə mız qoyur? Doğrudanmı bunların Tofiq Yaqubluya, onun ailəsinə ürəyi yanır? Əsla! İllərdir deyirik ki, bu ünsürlərin məqsədi heç də insanların azadlığı, ölkəmizdə demokratiya standartlarının yüksəldilməsi deyil! Bunların məqsədi suyun daim bulanıq olmasıdır. Belə suda balıq tutmaq asandır axı…

İndi də səs-səsə verib Tofiq Yaqublunu xərcləməklə məşğuldurlar. Bütün dünyaya səs salıblar. Guya Azərbaycan hakimiyyəti qəsdən Tofiq Yaqublunu öldürmək istəyir. Halbuki baxanda görürük ki, bu şəxs aclıq elan etməsi nəticəsində səhhətində problem yaranan kimi özünün güvəndiyi həkim yanına buraxılıb. Bundan başqa Ombudsman, eləcə də beynəlxalq qurumların nümayəndələri onunla görüşə biliblər. Əlavə olaraq arzu etdiyi xəstəxanaya belə yerləşdirilib. Yəni dövlət hətta üzərinə düşəndən də artığını edərək Tofiq Yaqublu adlı bir müxalifət fəalına bu qədər şərait yaradıb. Və bu yanaşma da qaragüruhu narahat edir! Axı onlar arzu edirdi ki, dövlətimiz Tofiq Yaqublunu diqqətdən kənar qoysun. Belə olacağı təqdirdə adamların səsi daha gur çıxacaq, qrantların da məbləği artacaqdı. Amma alınmır nəsə. Arzuları gözlərində qalır…

Okeanın o tayından da, bu tayından da səs-səsə veriblər gülməşəkərlər. Sevinc Osmanqızı, Arif Məmmədov, Aleks (bu adam Azərbaycanda olanda adı Ələkbər idi) Raufoğlu az qala Tofiq Yaqublunu öldürüb üstündə ağlaşma qurmağa hazırlaşırdılar ki, dövlət onların bu arzusunu ürəyində qoydu…

İş o yerə çatdı ki, hətta müxalif düşüncəli insanlar da dilə gəlib bu parazitlərin bəd niyyətlərinə üsyan etdi. Tofiq Yaqublunun özünün də güvəndiyi həkim Adil Qeybulla, eyni zamanda REAL Partiyasının sədri İlqar Məmmədov açıq şəkildə bu adamları qınadılar. Özü də olduqca sərt şəkildə. Yəni hakimiyyətə müxalif olanlar belə qaragüruhun pozuculuğunun həddən artıq olmasına dözə bilmədilər…

Sonda bir daha deyirik: Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Allah qapısını açsın. Həqiqətən də Azərbaycanın belə başağrısına heç ehtiyacı yoxdur. Bununla belə qanun da qanundur axı. İstənilən məsələ qanun çərçivəsində ədalətli həllini tapmalıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !