Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır. -

Sumqayıt Dövlət Dram Teatı 52-ci mövsümə hazırlaşır.

Sumqayıt Dövlət Dram Teatı özünün 52-ci mövsümünün virtual açılışını sentyabrın 18-də gerçəkləşdirəcəkdir. Üzeyir Musiqi günündə onlayn izləyicilərimiz Sumqayıt Dövlət Dram Teatının ilk tamaşası- M.F. Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyasına baxa biləcəklər.
Meydan-məzhəkə üslubunda ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmovdur.
Hər yeni başlayan mövsümdə dönüb geriyə baxmaq, uğurları xatırlamaq, yarımçıq qalmış işlərin davamını tamamlamaq barədə düşünmək, zənnimcə teatrın ümumi inkişaf konsepsiyasına dəyərli töhfə verə bilir. Elə bu baxımdan 51-ci mövsümdə hansı işləri gördüyümüzü, hansı problemlərlə üzləşdiyimizi və əlbəttə hansı uğurlu layihələrə imza atdığımızı xatırlamaq yerinə düşər.
2019-cu ildə Prezident İlham Əliyevin Cəfər Cabbarlının yubileyi ilə bağlı imzaladığı Sərəncama müvafiq olaraq ədibin “Solğun çiçəklər” faciəsini repertuarımıza daxil etdik. Televiziya və kino rejissoru kimi yetərincə tanınmış Elşən Zeynallı kollektivə dəvət olundu. Yeri gəlmişkən, biz yaradıcılıq mübadiləsində truppa üzvlərinin yaradıcılıq keyfiyyətlərini inkişaf etdirmək məqsədilə bu layihəni də mütəmadi planlarımız sırasına daxil etmişik. Ayrı-ayrı üslublara malik rejissorların traktovkası və aktyorlarla iş prinsipi teatrı monotonluqdan çəkindirir. Elşən Zeynallının səhnə yozumu, maraqlı bədii priyomları, ənənəvi mövzuya kreativ yanaşma məharəti öz müsbət nəticəsini göstərdi. “Solğun çiçəklər” hər kəsi heyrətləndirə bildi. Demək olar ki, ölkənin bütün sənət ocaqlarında, müxtəlif məktəblərin nümayəndələri tərəfindən hazırlanmış “Solğun çiçəklər” Sumqayıt teatrında tam fərqli səhnə taleyi yaşadı. Mütəxəssislər tamaşaya yüksək qiymət verdilər.
Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş, bizim sifarişimizlə tanınmış dramaturq Əli Əmirli tərəfindən yazılmış “Sevgilim Sumqayıt” monumental tamaşası da 51-ci mövsümün ilk günlərindən repertuar planımızın əsasını təşkil edən əsərlərdən oldu. Qeyd edək ki, obrazların say çoxluğu və kütləvi səhnələrin genişliyi səbəbilə tamaşaya demək olar ki, bütün truppa cəlb edildi.
Həmçinin 70 illiklə bağlı ümumşəhər tədbirində də kollektivimizin yaradıcı heyəti fəallıq göstərdi və özünün yaradıcılıq imkanlarını bir daha sübut etdi.
51-ci mövsümdə əməkdar artist Namis Şirməmmədov Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestini səhnələşdirərək quruluş verdi, eyni zamanda dahi Üzeyir Hacıbıylinin “O olmasın, bu olsun” komediyasının məşqlərinə başladı.
Baş rejissor, xalq artisti F. Məhərrəmov Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və tanınmış teatrşünas Aydın Talıbzadənin “Tubinot” əsərlərinin eksplikasiyasını hazırladı.
Uzun müddətdir ki,teatrımızda monotamaşa hazırlanmırdı. Əslində monotamaşa aktyorlardan böyük oyun məharəti, plastika, improvizə tələb edir, onu formada saxlayır, fiziki hazırlıqla ruhun vəhdətini təmin edir. Dekorasiyalarla oyun qurmaq, əlbəsə və rekvizitlərdən tərəf-müqabil kimi bəhrələnmək, işıq-səs effektlərini oyunun tərkib hissəsinə çevirmək, tamaşaçını diqqətdə saxlamaq, doğrudan da, aktyordan xüsusi istedad tələb edir. Gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” pyesi xalq artisti F.Məhərrəmova, “Pələng” mono pyesi isə gənc rejissor Ümid Abbasova həvalə olundu. “Uşaqlıq” monotamaşasında təhkiyəçi gənc və istedadlı aktyor İlahə Səfərova və “Pələng” əsərində isə Kamran Muradlııdır. Hər iki əsər insan psixologiyasının dərin qatlarına nüfuz edir.
Digər yaradıcı kollektivdən rejissor dəvəti çərçivəsində Gülnar Hacıyeva Azərbaycan xalq nağılı əsasında “ Göyçək Fatma”nı balacalar üçün hazırlamağa başladı. Təəssüf ki, dünyanı bürümüş koronavirus bəlası teatrımızin da yaradıcılıq ritmini pozdu.
Amma biz öhdəmizə düşən missiyanı anladığımızdan, müasir texnoloji inkişafın imkanlarından bəhrələndik. Tərəfimizdən mütəmadi olaraq videokonfranslar keçirildi, maarifçilik işi aparıldı.
Əməkdaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinə düzgün riayət etmək tövsiyyə olundu. Onlayn müzakirələrdən sonra aylıq virtual repertuar planı tərtib etdik.
“Evdə qal, sağlam ol”, “evdə qal, tamaşa izlə” devizi ilə onlayn formatda həftənin 5 günündə 7 tamaşa təqdim etdik. Uşaqlar gündüz saat 12.00-da, böyüklər axşam saat 18.00-da bizi canlı izləyə bildilər. İzləyici sayımız, rəy və təkliflər yetərincə bol oldu. Əlbəttə, virtual repertuar planının tərtibində əlamətdar günlər, tarixi təqdim anları, milli bayramlar da nəzərə alındı. Hadisələr və ya təqvimlə səsləşən əsərləri seçib təqdim edirdik.
Virtual repertuar siyasətində önəm verdiyimiz “Retro tamaşalar” layihəsi də xüsusi maraqla qarşılandı. Sumqayıt teatrının şərəfli tarixi, zəngin yaradıcılıq yolu var. Artıq dünyasını dəyişmiş və ya paytaxt teatrlarında çalışan məşhur aktyorların bir çoxu üçün məhz Sumqayıt teatrının səhnəsi ilk sınaq meydanı olub.
Habelə, uzun müddət repertuardan düşməyən, hər dəfə anşlaqla müşaiyət olunan tamaşaları yaşlı nəsil yaxşı xatırlasa da, müasir gənclik o barədə xəbərsizdir. Buna görə də retro tamaşaları virtual repertuar planına daxil edərək, retro tamaşalar və veteran sənətkarlarla yeni nəsil arasında mənəvi körpü yarada bildik. 52-ci mövsümdə bizdən asılı olmayan səbəblər üzündən yarımçıq qalmış tamaşaların onlayn məşqləri davam edir. İlk dəfə olaraq Fuad Kazımov Ə.Haqverdiyevin “Kimdir Müqəssir” əsərini kamera prinsipində, iki iştirakçı ilə hazırlayacaq. Rejissor eksplikasiyası, açığı, məndə maraq doğurdu. Yeni yanaşması var.
Setyabr ayı üçün virtual repertuar planını tərtib etmişik. Biz maarifləndirmək, düşündürmək, əyləndirmək missiyamızı bütün çətinliklərə rəğmən yerinə yetiririk. Sadəcə, mövcud situasiyalarda format dəyişir. Heç şübhəsiz, teatr canlı sənətdir. Aktyor üzərində tamaşaçının baxışını, münasibətini, nəfəsini hiss etməlidir. Tamaşaçı aktyorun ürəyinin döyüntüsünü eşitməlidir. Aktyor təzim məqamının, alqış sədalarının fərəhini yaşamalıdır. Amma dünyanı narahat edən qlobal bəla üzündən hələ ki, onlayn formatda fəaliyyətə məcburuq. Tezliklə tamaşaçı ilə üzbəüz görüşmək arzusundayıq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !