Tarixi, köklü, iddialı klubların bir-biriləri ilə qarşılaşmaları unudulmaz emosiyalar yaradır - -Tahir Süleymanov yazır (FOTO=9)

Tarixi, köklü, iddialı klubların bir-biriləri ilə qarşılaşmaları unudulmaz emosiyalar yaradır -Tahir Süleymanov yazır (FOTO=9)

Tarixi, köklü, iddialı klubların bir-biriləri ilə qarşılaşmaları hər zaman müsbət aura, unudulmaz emosiyalar yaradır. Hətta belə komandaların rəsmi, yoldaşlıq, yoxlama oyunlarına münasibətində, yanaşmasında ciddi fərq olmur.
Böyüklər fanat-azarkeşləri ilə birgə öz böyüklüyünü daima qorumağa çalışır, qoruyurlar!
"Neftçi" yay təlim-məşq toplanışının ilk mərhələsinə hazırlaşırdı. Komanda 5 ildən çox idi çempionluq üzünə həsrət qalmışdı. Heyət yenidən qurulurdu... Heç bir uğur qazanmayan 10-dan çox legioner yola salınmışdı.
Çempionatdakı barışmaz rəqabət, 5-6 iddialı komandanın mütləq çempionluğa oynaması, klubun əzəməti daha ciddi addımların atılmasını şərtləndirirdi. "Neftçi" qısa vaxtda həm psixoloji, həm də faktiki dirçəlməli idi...
Avstriyaya yola düşməyə sayılı günlər qalırdı. Bütün məsələlər həll edilmiş, son tamamlama işləri görülürdü. Güclü sparrinq-partnyorlar axtarılır, "Vitoriya Pilzen" kimi bəzi orta klublarla razılıq əldə edilmişdi...
Təşkilatçılardan daha güclü rəqiblər tələb edirdik!
Alp dağları ətəyindən zəng gəldi. Dəyərli, işini sevə-sevə görən türk qardaşımız Coşqun bəy idi:
- "Beşiktaş"la oynaya bilərsizmi?
Cavab birmənalı oldu:
- Belə rəqiblər axtarmırıq?!
Baş məşqçi ilə məsləhətləşdikdən sonra dərhal görüşün keçirilməsini təsdiq etdik.
"Beşiktaş"la oyun gününü səfər proqramımıza uyğun tənzimləməkdə problemlərlə üzləşdik. İstanbul böyüklərindən biri artıq Avstriyada idi, matç günləri, tv-yayım, reklam məsələləri öncədən həll edilmişdi...
Klubda bir daha müzakirə etdik. "Neftçi"nin hazırlığı, geridönüşü, nüfuzunun qaytarılması üçün adlı-sanlı komandalarla qarşılaşması, layiqli mübarizə aparması mütləq idi. Risk də var idi. Futboldu, komanda hələ tam formalaşmamış ağır məğlubiyyət də ola bilərdi...
Düşünülmüş risk etməyənlər uğur qazana bilməz! Bunların hamısı göz önünə gətirilmiş, analiz edilmişdi. İstər yerli, gənc futbolçularımız, istərsə yeni transferlər ilk gündən hansı klubda olmalarını dərk etməli və heç kimdən çəkinməməliydilər.
Bu yöndə klub/komandada gündəlik iş aparılır, inam yaradılır, nümunə göstərilir, məşqçi/futbolçuların "Neftçi" liderliyinin geri qaytarılmasından başqa yollarının olmadığı izah edilirdi. Legionerlər hələ tam gəlməsə də, "Beşiktaş"la oynamağa komanda psixoloji hazır idi...
Proqrama uyğun komanda Vyanaya yetişdikdək sonra avtobusla gecə saatlarında otel-bazaya yerləşməliydi. Səhəri də ağ-qaraların ağ-qaralarla oyunu... Təbii, buna yol verə bilməzdik. Gediş korrektə edilməli, 1-2 gün geri çəkilməli idi...
Dünyanın düz vaxtları, pandemiyasız yay günləri... Nəinki 40-45 nəfərlik klub üçün, reyslərə heç 3-5 bilet tapmaq mümkün deyildi. Davamlı danışıqlardan sonra istədiyimiz günə aviaşirkət təyyarəni daha tutumlu laynerlə əvəzlədi və əlavə 22-23 yer təşkil edildi...
Baş məşqçi, aparıcı, meydana çıxacaq futbolçuları, həkim, inzibati korpusu öncədən səfərə yola saldıq. Ehtiyat futbolçular, digər əməkdaşlar, özümüz bir gün sonra Avstriyaya yola düşdük...
Transfer çalışmaları davam edirdi. Hələ ki, Slavko, Alessandro və Denis Silva düşərgəyə qoşulmuşdular. Flavinyo, Mitreski, Nasimov yol üstə idilər. Keçmişdən isə müqaviləsi davam edən tək qapıçı Qribauskas qalmışdı. Digərləri yerli oyunçular idi...
"Beşiktaş" ətrafında ajiotaj çox böyük idi. Portuqaliyalı ulduz Quarejmanı yeni transfer etmişdilər və "Neftçi"yə qarşı ilk oyununa çıxacaqdı. Klub prezidenti Dəmirörən də görüşə təşrif buyurmuşdu...
"Beşiktaş" matça optimal heyətlə çıxmışdı.. Hazır olmayan, hələ tam formalaşmayan "Neftçi" oyuna maksimum köklənmişdi. Güclü rəqib qarşısında hər hansı bir psixoloji sıxıntı yox idi. Öncədən iş aparılmışdı. Heyətdə 18-20 yaşlı gənclərimiz kifayət qədər olsa da, bu bizi qorxutmurdu...
Stadionun tribunaları bir saat öncədən tam dolmuşdu. Matç Türkiyəyə canlı yayımlanırdı.
Rüştü, Toraman, Nihat, Quarejma... Nə "Beşiktaş"dan, nə də ki, Türkiyədə, Avropada sayılıb-seçilən ulduzlardan çəkinilirdi...
"Neftçi" özü böyük klubdur!
Ruslanın Abuşovun qolu ilə hesabda önə çıxdıq. Heyətin kasadlığına baxmayaraq, futbolçular meydanda sona kimi mübarizə aparır, əzmkarlıq göstərirdilər. Qarşılaşmanın sonlarına yaxın "Beşiktaş" bərabərlik qolunu vura bildi.
Final fitindən sonra prezidentləri 5-10 dəqiqə yerindən qalxmadı. İynə vursaydın, qan çıxmazdı. Eyni mübarizlik, eyni yanaşma ilə Antalyada "Fənərbaxça"nın milyonlarla dollarlıq futbolçularına qarşı oynanılıb.
Bu gün "Neftçi" daha bir böyük klub, uzaq sovetlər dönəmində qarşılaşdığı "Qalatasaray"la üz-üzə gələcək. Oyunun mahiyyəti daha üstündür. Rəsmi görüşdür. Çəkinmədən meydana çıxıb layiqli futbol oynamaq, komandanın ad-sanını qorumaq mütləqdir!
Heyətlərdən asılı olmayaraq, rəqib nəhəng klub olduğu kimi, "Neftçi" də böyük klubdur! Matç azarkeşsiz keçirilsə də, doğma paytaxtda oynanılır. Milyonlarla fanatlar ekran qarşısında görüşü seyr edəcək, bütün Türkiyənin diqqəti qarşılaşmaya yönələcək...
Sirr deyil, qardaş ölkə nəhənglərinin Azərbaycanda çoxsaylı tərəfdarları var. "Neftçi" isə doğma Bakınındır, Azərbaycanındır! Klubda çalışan, meydana çıxan hər bir futbolçu "Neftçi" böyüklüyünü tək sözdə deyil, əməldə dərk etməlidir...
Bu axşam "Qalatasaray"ın böyüklüyünün qeyd edilməsi günü yox, ağ-qaraların nüfuz, sübut anıdır...
Uğurlar, "Neftçi"! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !