Üzeyir Hacıbəyli - 135: ümumbəşəri əhəmiyyətə malik xəzinə -

Üzeyir Hacıbəyli - 135: ümumbəşəri əhəmiyyətə malik xəzinə

Hər bir xalqın ölkə, millət,dövlət kimi müqəddəs anlayışları ilə bərabər sayılan dahi şəxsiyyətləri var. Adları nəsildən-nəslə ötürülür və xalqın yaddaşında əbədi qalır. Azərbyacan xalqının qəlbində yaşayan elə müqəddəs adlardan biri 135 illik yubileyi qeyd olunan dahi Üzeyir Hacıbəylidir. Bu rəqəm yalnız qüdrətli şəxsiyyətin ildönümü deyil, xalqın ruhunun, millətin şərəfinin, musiqi mədəniyyətinin əsl qələbəsi və bayramıdır!
Bəstəkar, dramaturq, publisist, pedaqoq, musiqişünas-alim, tərcüməçiÜzeyir Hacıbəyli milli musiqi sənətinin inkişafında misilsiz rol oynamışdır. Dahiyanə musiqi zəkası, iti zehni, fövqəladə intuisiya qabiliyyəti, əhatəli fəaliyyəti onun Azərbaycanın milli və mədəni-tarixi özünüdərkini ifadə edən təmşilçisinə çevirmişdir. Cəsarətli və novator sənətkar,Ü.Hacıbəyli özyaradıcılığındaŞərqlə Qərbin musiqiənənələrini birləşdirmiş, onların qovuşacağında yeni bədii hadisə yaratmış, unikal formalar axtarıb tapmış və Azərbaycan xalqının musiqisində gizlənən tükənməz imkanları üzə çıxarmışdır.
Üzeyir bəyin simasında milli musiqi mədəniyyətimiz ilk dəfə dünya əhəmiyyətli bir bəstəkar irəli sürmüşdür. Azərbaycan xalq musiqisinin çoxəsrlik ənənələrinə, Avropa sənətinin nailiyyətlərinə və təcrübəsinə güvənən dahi sənətkar, XX yüzilliyin əvvəlində milli bəstəkarlıq məktəbinin əsasını qoymuş, ilk bəstəkarı və klassiki olmuşdur. Məhz bu zaman öz daxili inkişafında zəruri səviyyəyə yüksələn milli incəsənətimiz süurlu şəkildə özünün mədəni formalarının təkmilləşdirilməsi ilə yanaşı, həmçinin dünya musiqisinin mahiyyətinin dərkinə varmağa başlamışdır. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində - dövri mətbuatda, peşəkar teatrda, musiqi və təsviri sənətdə avropalaşmaya doğru gedən prosesin formalaşması adı altında özünü göstərən “qızıl əsr” başlamışdır. Musiqi mədəniyyətində onun təməl daşı müsəlman Şərqinin ilk operası olan və 12 (25) yanvar 1908-ci ildə səhnəlşdirilən Ü.Hacıbəylinin “Leyli və Məcnun” əsəri ilə qoyulmuşdur. Bu opera milli musiqi ənənələrinin“dağılması” məqsədilə deyil, onları bu çərçivədən kənara çıxaran vasitə kimi meydana gəlmişdir. Sosial-siyasi ideologiyada dönüş nöqtəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində, dövlətçilik ideyası milli mədəni ənənələri məhdud sərhədlərdən azad etmiş, yeni şəkildə ifadəsini tapmışdır. Burada söhbət “kor-koranə” iqtibas edilmələrdən getmir. Ü.Hacıbəyli Avropa ənənələrini düşünmədən, qeyri-şüuri formada mənimsəmir, onları sərbəst şəkildə tətbiq edir. Bəstəkarın bədii kəşfinin əhəmiyyəti ona gətirib çıxarır ki, milli musiqi mədəniyyəti gerçəkliyin hüdudlarından kənara çıxır və Azərbaycan musiqinin yeni modeli formalaşır.
Ü.Hacıbəylinin yaradıcılığı Azərbaycan xalq musiqisinin, muğam və aşıq yaradıcılığının əsasında pərvəriş tapır. Milli özünəməxsusluq sənətkarın musiqi üslubunda çox qabarıq şəkildə özünü büruzə verir. Xalq ruhunun təsəccümü üçün yeni –yeni axtırışlar bəstəkarın forma və ifadə vasitərləri etibarilə novator əsərlərinin yaranmasına gətirib çıxarır. Azərbaycan ənənəvi musiqisi Ü.Hacıbəyli üçün yaradıcılıq çeşməsi, bədii sərvəti, xalqının ürəyi və səsi idi. Məhz bu səbəbdən dahi sənətkar xalq musiqisinin xəzinəsinə böyük ehtiramla və həssaslıqla yanaşır. Ü.Hacıbəyli xalqın musiqi təfəkkürünü elə dərindən dərk edir ki, bunları öz fərdi üslubunun səciyyəvi xüsusiyyətlərinə çevirir. Bu qanunauyğunluqlar bəstəkarın yaradıcılığında dünya klassik təcrübəsi ilə birləşir və sözsüz ki, onların zənginləşdməsinə gətirib çıxarır. Təsadüfi deyil ki, Ü.Hacıbəylinin musiqisi Azərbaycanın hüdüdlarını aşır, Şəqrlə Qərbin vəhdətinin parlaq və ölməz nümunəsinə çevrilir.
Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovlar ailəsində Qarabağın Ağcabədi kəndində dünyaya göz açır. Dövrün savadlı şəxsiyytlərindən biri olan Əbdülhüseyin Hacıbəyov XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki malikanəsinə başçılıq etmişdir. Anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslinin nümayəndəsi idi. Tezliklə Üzeyir bəyin ailəsi məşhur xanəndə və musiqiçilərin, şairlərin, alimlərin, rəssamların beşiyi olan Şuşa şəhərinə qayıdır. Gözəlliyə həssas olan uşağın qəlbində musiqiyə maraq məhz burada oyanır. Kiçik yaşlarından güclü səsə malik Üzeyir bəy muğam sənətinin və xalq musiqisinin incəliklərini mühəndis dayısıAğalar Əliverdibəyov, ən gözəl xanənədə və tarzənlərə qulaq asaraqöyrənir. Rəssamlıqa və ədəbiyyata meyli olan istedadlı uşaq ilk təhsilini Şuşanın ikisinifli rus-Azərbaycan məktəbində alır. Onun bu illərdə ən böyük təəssüratlarından biri “Məcnun Leylinin məzarı üzərində” tamaşasında oğlanlar xorunda iştirakı olur. Cabbar Qaryağdıoğlunun baş rolda çıxış etdiyi və Ə.Haqverdiyev tərəfindən Füzulinin “Leyli və Məcnun” poeması əsasında səhnələşdirdiyi bu tamaşa o dərəcədə Ü.Hacıbəyliyə böyük təsir bağışlayır ki, illər sonra opera əsəri yazmaq ideyası formalaşanda, süjet seçimi onda şübhə doğurmur.
1899-cu ildə on dörd yaşlı Üzeyir bəy qəbul imtahanlarını asanlıqla verərək, Qori Müəllimlər Seminariyasına daxil olur. Təhsil aldığı illəri (1899-1904) bir sıra əlamətdar hadisələrlə zəngindir. Əvvəla o, onunla eyni gündə və ildə dünyaya gəlmiş, sonralar silahdaşına çevrilmiş və Azərbaycan musiqisinin inkişafında böyük rol oynamış Müslüm Maqomayevlə dostluq etməyə başlayır. Məhz bu təhsil ocağında ilk dəfəAvropa musiqisi və Tiflis Opera Teatrında opera janrı ilə tanış olur, violino və bariton musiqi alətlərini çalmağı öyrənir, not savadına yiyələnir. Sonralar dahi Ü.Hacıbəyli yazır ki, onun musiqi zövqünün inkişafına C.Verdi və P.İ.Çaykovski böyük təsir göstərir, onlarınyaradıcılığı opera musiqisinə məhəbbət oyadır. Seminariyada oxuduğu illərdə dünyagörüşü formalaşır, ədəbiyyata və musiqiyə meyli güclənir. Ü.Hacıbəyli müxtəlif əsərləri, o cümlədən, çox sevqiyi N.V.Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə edir.
Seminariyanı bitirdikdən sonra, 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir,məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs deyir. Bir il sonra isə Bakıya gəlir və Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə fəaliyyətə başlayır.
1905-ci ilin inqilabi hadisələrinin təsiri Bakıda da duyulur vəgənc müəllim Ü.Hacıbəylinin ictimai-siyasi, maarifçi fəaliyyətinə təkan verir. Bu zaman Azərbaycan dilində dərc edilən qəzet və jurnallar, “Nicat”, “Nəşr maarif” və digər cəmiyyətlərinin fəaliyyəti xalqın maariflənməsində vacib rol oynayır. 1906-cı ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda Azərbaycan müəllimlərinin Birinci qurultayı keçirilir və burada vacib qərarlar qəbul edilir. Bu, əvvəla Azərbaycan dilində məktəblərin və dərsliklərin yaranması ilə bağlı olur. Qurultayın iştirakçısı olan Ü.Hacıbəyli həmin çağırışları eşidərək, 1907-ci ildə Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirir. Bu illər o, “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Kaspi”, “Yeni iqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların səhifələrində məqalə və felyetonlarla çıxış edir, xalqın maariflənməsi uğrunda var gücü ilə çalışır. Zəngin yumoristik istedada malik Ü.Hacıbəyli dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazıları böyük populyarlıq qazanır. Onun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz ictimai-siyasi məzmunu və bədii dəyəri ilə seçilən felyetonlardır.Dövrün qabaqcıl ideyalarının təmsilçisi olan “Molla Nəsrəddin” jurnalında dərc edilmiş felyetonlarda Ü.Hacıbəyli öz mövqeyini ortaya qoymuş, düşmənlərinə ləyaqətlə cavab vermişdir. Parlaq publisist istedadı, həyata geniş baxışları və mövqeyi ilə mütərəqqi ideyalar uğrunda mübarizə aparmış, fikirlərini açıq ifadə etmişdir.
Gərgin publisistik və pedaqoji fəaliyyət göstərən Ü.Hacıbəyli 1907-ci ilin dekabr ayında ilk musiqili əsəri olan “Leyli və Məcnun” operasınıtamamlayır. 1908-ci ildə Tağıyev teatrında səhnələşdirilən bu opera 23 yaşlı Ü.Hacıbəylinin həyatında, Azərbaycan və dünya musiqi mədəniyyətində bir dönüş nöqtəsinə çevrilir. Musiqi səhnəmizin bəzəyi olan “Leyli və Məcnun” operası ilə milli bəstəkar yaradıcılığının əsası qoyulur, yeni ifaçılıq mədəniyyəti formalaşmağa başlayır. Böyük bəstəkar və dramaturqu, Füzulinin “Leyli və Məcnun” poemasına cəlb edən, ona bağlayan həyat hadisələrinə baxışda fəlsəfi dərinlik, şeiri duymaqda coşqun hissiyat, musiqini anlamaqda səsdən təsirlənmək və gözəlliyi tərənnüm etmək qabiliyyəti olur. Üzeyir bəyə Füzulinin yaradıcılıq aləmi, fikirləri, duyğuları könlünə və təfəkkürünə yaxın olduğundan, onları musiqisinin lisanına çevirir. Bu zaman o, ustalıqla poemanın məğzini təşkil edən dərin fəlsəfi məzmunu, lirikanı və böyük faciəni musiqinini ecazkar dili və xalqımızın musiqi sərvəti olan muğamlar vasitəsilə şərh edir.
Ü.Hacıbəyliçox zəngin musiqi irsi ilə milli bəstəkar musiqisinin bir çox jarnlarının əsasını qoyur, obraz zənginliyi, dramatik həlli, forma rəngarəngliyi, yeni ifadə vasitələri ilə seçilən mükəmməl sənət nümunələri yaradır. Onun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xürşid Banu”,”Harun və Leyla” kimi əsərləridünya mədəniyyətində yeni bir cığır açır, opera janrını muğam operası növü ilə zənginləşdirir.
Dövrün mütərəqqi düşüncəli Azərbaycan ziyalıları C.Məmmədquluzadə, M.Ə.Sabir, N.B.Vəzirov, Ə.Haqverdiyev kimi, Üzeyir bəy də xalqın maariflənməsi yolunda var gücü ilə çalışır. Milli musiqili komediya janrının yaradıcısı olmuş bəstəkar, onu iti qələmi ilə kəskin ictimai satira səviyyəsinə ucaldır. “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarında qadın azadlığı mövzusuna müraciət edir, nadanlıqa, bərabərsizliyə qarşı öz səsini ucaldır. Bəstəkar musiqili komediya janrına müraciətinin səbəbini belə izah edir: “Musiqinin qüvvəsinə inam və musiqi vasitələri ilə ictimai-məişət eyblərini qamçılamaq həvəsi, musiqidə Azərbaycan ziyalılarının proqressiv qüvvələrinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək səyi məni komik musiqi janrı – operettanı yaratmağa şövq etdi”. Ü.Hacıbəylinin “Arşın mal alan” operettası onun bəstəkar üslubunun təkamülündə vacib rol oynayır, dünyanın müxtəlif dillərinə tərcümə edilir, hər bir qitədə səhnələşdirilirvə dəfələrlə ekranlaşdırılır.
1911-1913-cü illər ərzində Ü.Hacıbəyli Moskvada filarmoniya nəzdində kurslarda və Peterburq konservatoriyasında bir müddət təsil alır, lakin maddi problemlərlə əlaqədar Bakıya qayıdır. 1914-1919 illərdə o,son muğam operası “Harun və Leyla”, çoxsaylı marşlar, “Azərbaycan” və “Dağıstan” adlı xoreoqrafik süitalar bəstələyir. 1916-cı ildə “Zülfüqar və Üzeyir Hacıbəyovlar qardaşlarının direksiyası” yaranır. Bu truppanın tamaşaları yüksək bədii keyfiyyətləri ilə seçilir və Azərbaycan musiqili teatrının inkişafında vacib rol oynayır.
1918-1920-ci illər ərzində Ü.Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Demokratik Respublikasının qurulmasında fəal iştirak edir. Bu zaman Üzeyir bəyin “İstiqlalıyyət”, “Vəzifəmiz nədir?”, “Andronik məsələsi”, “Qarabağ haqqında”, “Milliləşmək”, “Ordumuz”, “Bir yaş”, “Bayrağımız sarsılmaz” və digər mühüm məqalələri işiq üzü görür. Bu məqalələrdə o, xalqı düşündürən siyasi məsələləri, ana dilimizin qorunması, əzəli düşmənimiz olan ermənilərin fitnələrindən bəhs edir. Eyni zamanda Ü.Hacıbəyli milli musiqi mədəniyyəti haqqında düşüncələrini Azərbaycan Cumhuriyyətinin bir ili münasibəti ilə “İstiqlal” məcmüəsində dərc olunan“Azərbaycan türklərinin musiqisi haqqında” dəyərli məqaləsində bölüşür.
Sənətkarın yaradıcılığının yeni səhifəsi 20-ci illərə təsadüf edir. Bu zaman o, musiqi mədəniyyətinin, təhsilinin, musiqi kollektivlərinin qurulmasında iştirak edir. Məhz dahi sənətkarın səyləri nəticəsində 1921-ci ildə hal hazırda onun adına daşıyan Bakı Musiqi Akademiyası ( o zaman Azərbaycan Dövlət Konservatoriyası) təşkil olunur. Musiqi kadrlarının formalaşması və musiqi elminin inkişafında vacib rol oynayan bu şərəfli tədris ocağında bu gündə dahi sənətkar tərəfindən əsası qoyulan ənənələr yüksək səviyyədə inkişaf edir.
1926-cı ildə konservatoriyanın nəzdində Ü.Hacıbəyli xor kollektivini yaradır, lakin müəyyən qüvvələrin müqavimətinə görə bir ildən sonraonun fəaliyyəti dayandırılır. Buna baxmayaraq,1936-cı ildə o, filarmoniyada yeni xor kollektivinin əsasını qoyur və bununla da xor sənətinin inkişafına böyük təkan verir. Azərbaycan musiqisində ilk “Firdousi” (1934) kantatasının müəllifidə məhz bəstəkar özü olur. Bundan başqa dahi sənətkar xor üçün xalq mahnılarının işləmələrini edir, “Ölməz sənətkar”, “Vətən və cəbhə” kantatalarını yazır.
1931-ci ildə Ü.Hacıbəylidünya musiqi incilərini təbliğində müvəffəqiyyətlə çıxış edən Radio komitəsinin nəzdində notlu Xalq Çalğı Alətləri orkestrini formalaşdırır.Bu musiqi kollektivi üçün ilk əsərlərin – “Çagargah” və “Şur” fantaziyaların müəllifi də Ü.Hacıbəyli olur.Xalq musiqisi zəminində yaranmış bu kompozisiyalarda sənətkar vacib yaradıcılıq problemlərini həll edir. SSRİ xalq artisti Niyazi qeyd edir ki, “bu, həqiqətən ilhamverici əsərlərin musiqi dramaturgiyasının tənasüblüyü, başlıca surətlərin zidd xarakteri, dolğun işlənmiş məzmunlu materialı Azərbaycan simfonizminin ilk səhifələrini açır”.
Həmin il bəstəkar Azərbaycan musiqisində ilk ansambl pyeslərindən olan violino, violonçel və fortepiano üçün “Aşıqsayağı” triosunu yazır. Milli musiqi mədəniyyətimiz üçün yeni olan bu janrda o, aşıq musiqisinin, zərbi muğamların xüsusiyyətlərini Avropa ənənələri ilə mükəmməl şəkildə birləşdirir, motsartsayağı işiqlı, şəffaf, incə səslənən əsərini bəstələyir.
Ü.Hacıbəyli, yaradıcılığının şah əsəri olan “Koroğlu” operasını 1936-cı ildə tamamlayır. Bir il sonra Azərbaycan Opera və Balet teatrında səhnələşdirilən bu qəhrəmani-epik opera dünya musiqi incilərinin siyahısına daxil olur və milli musiqi mədəniyyətimizin gələcək cicəklənməsini təmin edir. Əsl xalq ruhu və Azərbaycan ənənəvi musiqisinin bütün zənginliyi ilə aşılanmış əsərdəÜ.Hacıbəyli Şərq Qərb ənənələrinin tam vəhdətinə nail olur, qəhrəmani-vətənpərvərlik ideyasını dolğun şəkildə ifadə edir. 1938-ci ildə opera rus dilinə tərcümə edilərək Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında böyük uğurla səslənir. Bəstəkar və Koroğlu partiyasının mahir ifaçısı Bülbül SSRİ Xalq artisti adına layıq görülür.
40-cı illərdə Ü.Hacıbəyli dünya musiqisində yeni “romans-qəzəl” janrının əsasını qoyur, dahi Nizaminin sözlərinə “Sənsiz” və “Sevgili canan” vokal incilərini bəstələyir. İkinci dünya müharibəsi dövründə isə qələbəyə inam hissini mahnı və marşlar, xalq çalğı əlatləri üçün yazılmış “Cəndi”də bildirir.
Milli musiqi elminin əsasını qoyan Ü.Hacıbəyli öz fikir və mülahizlərini “Azərbaycan musiqi həyatına bir nəzər”, “Azərbaycan türk xalq musiqi haqqında”, “Azərbaycan musiqi inkişafı” və digər məqalələrində irəli sürür. Alimin irsi uzünömürlü olur. Onun nəinki musiqisi, eləcə də elmi fikirləri müasir milli musiqişünaslığının fundamentinə cevrilir. Ü.Hacıbəylinin bir alim kimi təşəkkülü bütün əvvəlki elmi musiqi təfəkkürünün yekunu olur. Əlbəttə, o, təkcə ənənə üzərində formalaşmır, çünki sənətkar daim müasirliyə maraq göstərir, yeni elmi əsərləri izləyir. Bunun nəticəsində 1945-ci ildə akademik Ü.Hacıbəylinin findamental elmi nəzəriyyəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri işiq üzü görür. Milli lad sistemini qanunauyğunluqlarını açıqlayan bu nəzəriyyədə o, illər boyu apardığı araşdırmalar, xalq musiqisinin tədqiqi əsasında qənaətə gəldiyi fikirləriilə bölüşür. Böyük tarixi və elmi əhəmiyyətə malik “Azərbaycan xalq musiqisinin əsasları” əsəri sonraki nəsil bəstəkarların musiqi üslubunun xüsusiyyətlərinə təsir göstərir, milli musiqi elminin nəzəri əsasını təşkil edir
Böyük pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Ü.Hacıbəyli milli musiqi kadrların formalaşmasında əvəzsiz rol oynayır. Sənətkarın yaradıcılığı, nəzəri fikirləri möhkəm prinsiplərə arxalandığı kimi, pedagoji fəaliyyətidə ciddi prinsiplərə əsaslanır. Təkcə onun sinifində təsil almış yox, bütün Azərbaycan bəstəkarları,F.Əmirovun təbirincə desək,“Üzeyir məktəbindən çıxmış”, onun bədii ixtiralarından faydalanmış və onları inkişaf etdirmişdir.
Görkəmli ictimai xadim, Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmış, Azərbaycan SSR Elmlər Akademiyasının Elmi-Tədqiqat İncəsənət İnstitutuna rəhbərlik etmiş Ü.Hacıbəylinin yaradıcılığı və fəaliyyəti milli musiqi mədəniyyətimizin vacib tarixi mərhələsini təşkil edir. Üzeyir bəyə xüsusi sevgi və rəğbət bəsləyən ulu öndər Heydər Əliyev demişdir: “Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.
135 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli bəstəkarın əzəmətli və möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına bu gündə güclü təkan verir, düşünür və düşündürür. Ü.Hacıbəylinin musiqisi xalqımızın zəngin xəzinədir, mənəvi sərvətidir. Bu əbədi və tükənməz sərvət məşəl kimi yanır və milli musiqi mədəniyyətimizin yolunu daim işiqlandırır!
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
Musiqi nəzəriyyəsi kafedrasının müdürü,
professor Könül Nəsirova.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !