Bakı Slavyan Universitetinə əcnəbi tələbələrin qəbulu davam edir -

Bakı Slavyan Universitetinə əcnəbi tələbələrin qəbulu davam edir

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən 2020-2021-ci tədris ilində BSU-ya ali təhsilin bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulunun 30 sentyabr 2020-ci il tarixində yekunlaşdırılması nəzərdə tutulur. Hazırlıq şöbəsinə isə əcnəbi tələbələrin qəbulunun 15 oktyabr 2020-ci il tarixinə kimi aparılması nəzərdə tutulur.


Məlumat üçün bildiririk ki, əcnəbi tələbələrin qəbul prosesi 2 mərhələdən ibarətdir: sənəd qəbulu və müsahibənin keçirilməsi. Birinci mərhələdə əcnəbi vətəndaşlar BSU-nun rektorunun adına ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarının təsdiq edilməsi haqqında“ 1 may 2015-ci il tarixli 125 nömrəli Qərarında göstərilən sənədləri təqdim etməlidirlər. Həmin sənədlər Qəbul Komissiyasının üzvləri tərəfindən yoxlanılır.


İkinci mərhələdə müraciət edən əcnəbi vətəndaşlar rektorun sədrliyi və Qəbul Komissiyası üzvlərinin iştirakı ilə əyani müsahibədən keçməlidirlər. Müsahibə namizədin seçdiyi ixtisasa uyğun bilik səviyyəsini müəyyən etmək məqsədilə keçirilir.


Bu günə olan məlumata əsasən, BSU-ya müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın 11 ölkəsindən 40-dan çox əcnəbi vətəndaş müraciət edib.


Qeyd edək ki, əcnəbi vətəndaşların BSU-ya qəbulu və tədrisi ilə bağlı ətraflı məlumat universitetin rəsmi saytında Azərbaycan, rus, ingilis və türk dillərində yerləşdirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !