Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-mayor Əli Nağıyev cənablarına! - -Taleh Şahsuvarov yazır

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-mayor Əli Nağıyev cənablarına! -Taleh Şahsuvarov yazır

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-mayor Əli Nağıyev cənablarına!
Çox hörmətli Əli müəllim!
Məlum olduğu kimi, "dossier.center" adlı rusdilli internet resursunda Rusiya Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələrlə iş idarəsinin rəhbəri, həmin dövlətin xüsusi xidmət orqanlarının generalı olduğu iddia edilən Vladimir Çernovun iş masasında "aşkar edilmiş" azərbaycanlılardan ibarət 76 nəfərlik bir siyahı yayılmışdır. Həmin saytın iddiasına görə, ictimai-siyasi xadimləri, politoloq və jurnalistləri, ali məktəb müəllimlərini və tələbələrini əhatə edən bu siyahıda keçən adlardan Kremlin maraqları üçün yararlanılması təklif olunur. Dünəndən etibarən bu siyahıda adı keçənlər xaricdən yayımlanan müxalif mövqeli internet kanallarında, Rusiyanın "Sputnik" agentliyinin keçmiş əməkdaşlarına məxsus olan saytlarda və erməni diaspor nümayəndəsi Kristina Puşau ilə müəmmalı əlaqələrə malik olan bloqqerlər tərəfindən "Rusiyaya işləyənlər", "FTB-yə casusluq edənlər" kimi təqdim olunur. Bu məkrli yönləndirmə həmin şəxslər haqqında çirkin PR kampaniyası olmaqla yanaşı, Azərbaycanın milli təhlükəsizliyi baxımından da təhlükəli tendensiyadır. Odur ki, DTX rəhbəri olaraq Sizə müraciət etməyi özümə borc bilir və həm bu siyahıda adı çəkilən bütün şəxslərlə, həm də onu fərqli istiqamətlərə çəkməyə çalışanlarla bağlı araşdırma aparılmasını xahiş edirəm. Ehtimalıma görə, bu siyahı Rusiyada keçirilən mediaforumlarda iştirak edən şəxslər və tədbirlər barədə açıq məlumatlar əsasında Tiflisdə mənzillənmiş erməni diasporunun nümayəndəsi Kristina Puşau tərəfindən hazırlanmış və onun əlaqələndiricilərindən biri olan Fikrət Hüseynli tərəfindən Azərbaycan ictimai rəyinə ötürülmüş və hazırda Puşau ilə əlaqələri olan digər məlum şəxslər tərəfindən tirajlanmaqdadır.
Həmin siyahıda adı keçən şəxslərdən biri olaraq bəyan edirəm ki, 2019-cu ilin noyabrında bir qrup həmkarımla birgə Rusiyanın Novosibirsk şəhərində "Böyük Avrasiya- sərhədsiz dialoq" proyekti çərçivəsində keçirilən "Mediatrendlər: Yeni çağırışlar və imkanlar" adlı mediaforumda iştirak etmişəm. Nə həmin tədbir zamanı, nə də həmin tədbirdən sonra "Rusiyanın maraqlarına xidmət etmək üçün" hər hansı bir təklif almışam. ümumiyyətlə, bu istiqamətdə fəaliyyət göstərməyim üçün hər hansı şübhə doğuracaq kanallar və adamlar vasitəsi ilə mənimlə əlaqə yaradılmasına cəhd olunmayıb. Hesab edirəm ki, mənim ünsiyyət dairəmi, şəxsi və ictimai çevrəmi sizin rəhbərlik etdiyiniz qurum- DTX çox dərindən bilir. Əminəm ki, bütün varlığımla dövlətimə və millətimə bağlı bir insan olduğumu ən yaxşı elə siz- milli kəşfiyyatçılarımız bilirsiniz. Mən "abdəstimdən də, namazımdan da"- bir Azərbaycan vətənpərvəri və dövlət milliyətçisi olmağımdan tam arxayınam. Nəinki Rusiya, hətta uzaq Afrika ölkələrinin rəhbər şəxsləri və xüsusi xidmət orqanları tanınmış bir jurnalist olaraq intellektual və yaradıcılıq imkanlarımı nəzərə alaraq mənimlə işləmək arzusunda ola bilər, lakin bu arzunu onların gözündə qoya biləcək iradəyə, prinsipallığa, ən başlıcası TÜRK QANına və DÖVLƏT ZEHNİYYƏTinə sahibəm.
Hörmətlə,
Taleh Şahsuvarlı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !