Nəsillərə örnək -

Nəsillərə örnək

Hər dəfə qəhrəmanlarımız haqqında yazmaq istəyəndə ilk olaraq İlham Zəkiyev gözlərim önündə canlanırdı. Bu pəhləvan cüssəli, gülərüzlü qəhrəmanı hər yarışdan sonra televiziya kanallarında seyr edəndə ürəyim iftixar hissi ilə dolur, bu yenilməz, məğrur insanla fəxr edirəm. Onu görmək, söhbət etmək mənə sanki əlçatmaz bir arzu idi. Nəhayət mənim özümçün ideal qəhrəman seçdiyim, dünyanın idman salonlarını lərzəyə gətirən İlham Zəkiyevlə görüşmək arzum reallaşdı. Təhsil aldığım Azərbaycan Universitetinin müəllimi, pedoqoji elmlər doktoru, professor Fərahim Sadıqov bir gün üzünü auditoriyada tələbələrə tutub "İlham Zəkiyev haqqında hər biriniz bir məqalə hazırlayın. Elə yazın ki, bu qəhrəman gəncin adına layiq olsun. Yalnız xoşuma gələnini qəbul edəcəyəm" - dedi. Çoxdan bəri ürəyimdəki arzularım gerçəkləşdi. İlhamın telefonunu əldə etdim. Zəngləşdik. Sənaye şəhərimiz Sumqayıtın gözəl guşələrinin birində görüşdük. O, öz həyat tarixçəsini danışır, mənsə qulaq asır və heyrətimi gizlədə bilmirdim Allah, bir insan nə qədər nikbin, nə qədər Allaha şükürlü, öz dövlətinə, Prezidentinə nə qədər sədaqətli olarmış!
İlham Əzizağa oğlu Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıtda anadan olmuşdur. Orta təhsilini şəhər 5 nömrəli orta məktəbində almışdır.
1995-ci ildə Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionda Azərbaycan cüdo güləşinin yaranmasında müstəsna xidmətləri olan Əhməddin Rəcəblinin rəhbərliyi ilə cüdo məşqlərinə başlayır. Qısa müddətdə böyük uğurlar qazanan İlham Zəkiyev dəfələrlə Sumqayıt şəhər çempionu və Respublika yarışlarının qalibi və mükafatçısı olur. 1998-ci ilin iyun ayında isə Azərbaycan kubokunun qalibi olur. 1998-ci il iyulun 2-də həqiqi hərbi xidmətə yollanır. İdmançı olması, igidliyi və bacarığı ilə yoldaşlarından fərqləndiyindən hərbi hissənin kəşfiyyat taboruna götürülür. 1999-cu il fevralın 4-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlir. Güllə sol gicgahından daxil olub sağ gicgahından çıxır. Həkimlər "sağ qalmağına heç bir ümid yoxdur, gedin hazırlıq görün" dedilər. Lakin bütün dünyanı heç nədən yaradan bir Allah vardır ki, O, həmişə dar gündə insanlara kömək edir. Allah İlhama qıymadı. Axı, o, xalqımıza lazım idi. Ona böyük Yaradan tərəfindən öz xalqının şərəfini ucaltmaq, onun bayrağını yüksəklərə qaldırmaq, himnimizi dünyada səsləndirmək kimi müqəddəs bir missiya həvalə olunmuşdu. "Beş gün koma vəziyyətində qaldım" - deyə İlham bildirdi.
- 5 gündən sonra anamın səsinə komadan ayıldım. Lakin dünyanı zülmətə boyanmış gördüm. Onda başa düşdüm ki, görmə qabiliyyətini itirmişəm. Xidmətdən evə 1-ci qrup Qarabağ əlili kimi qayıtdım. "İlham hərbi xidmətini başa vura bilməsə də (cəmi 7 ay xidmətdə olmuşdur) vətənə xidmətini idmanla davam etdirir və bununla fəxr edir, qürur duyur. Görmə qabiliyyətini itirməsi İlham Zəkiyevin mübarizə əzmini qıra bilmir. Uzun müddət müalicə alır. İdmana qayıdışı ilə maraqlandım. "Bu qeyri real görsənirdi" - deyir. 2002-ci ildə müalicəmlə bağlı o zamankı gənclər və idman naziri Ə.Qarayevə müraciət etdim. O, isə mənim haqqımda MOK-nin prezidenti İlham Əliyevə məruzə etdi. Tezliklə məni Moskvaya müalicəyə yolladılar. Müalicəm müsbət nəticə vermədi. Lakin mən bir an da olsa ruhdan düşmür, Allahdan ümidimi üzmürdüm. Bir müddət sonra mən o zaman Gənclər və İdman Nazirliyində şöbə müdürü işləyən Tağı Tağıyevə müraciət etdim. Sözarası ondan soruşdum: Paralimpiya komitəsində gözdən əlillər üçün hər hansı bir güləş növü varmı? O isə Paralimpiya komitəsinə zəng edib orada cüdo güləş növünün olduğunu bildirdi. Bu xeyirxah insan məni yola salarkən "Sənin alnına olimpiya çempionu olmaq yazılıb" dedi. Elə bil hər şey qabaqcadan bu insanın ürəyinə damıbmış. Yanımda Paralimpiya komitəsinə zəng edib "Sənin yanına bir oğlan göndərirəm. O, gələcəyin Olimpiya və dünya çempionu olacaq". Mərkəzi Paralimpiya komitəsində məni komitənin prezidenti İlqar Rəhimov, Afiq Süleymanov və Ziyadxan Kərimov çox gözəl qarışladılar. 2002-ci ilin 1 noyabrında mən Sumqayıtdakı M.HÜseynzadə adına stadionda Əhməddin müəllim Rəcəblinin məşqçiliyi ilə yenidən məşqlərə başladım. Əlbəttə, ilk günlər bu vəziyyətə alışmaq mənim üçün çox ağır idi. Lakin az sonra Allahın, məşqçimin və dostlarımın köməyi ilə mən bu çətinliyə güc gələ bildim."
Gərgin məşqlərdən sonra İlham Zəkiyev 2003-cü il avqustun 7-də Kanadanın Kvebek şəhərinə dünya çempionatına yollandı. Olduqca mötəbər olan bu yarışa İlham gərgin əmək sərf etmişdi. Çünki bu yarışda qələbə qazanmaqla o, Afina Paralimpiya oyunlarına lisenziya əldə edəcəkdi. Bu yarışlarda o, 3-cü yeri tutur və həmin lisenziyanı əldə edir. Bəli, indi o, məşqlərə daha məsuliyyətlə başlamalı idi. Elə bu məsuliyyətlə də 2004-cü il sentyabrın 20-də Afinaya yollandı. XII yay Paralimpiya oyunlarında Azərbaycan ilk dəfə idi ki, cüdo yarışı üzrə təmsil olunurdu. Bu məsuliyyət isə İlham Zəkiyevin üzərinə düşürdü. Birinci görüşüm Kanadada məğlub olduğum kubalı Rafael Torres Pompea idi. Özünə arxayın olan rəqibi cəmi 1 dəqiqə 20 saniyəyə yıxdım.
- Hansı qələbənizi ən uğurlu hesab edirsiniz? - deyə ona sualla müraciət etdim. Bilirsənmi - dedi. Hər qələbənin öz ləzzəti var. Afinadakı qələbəm ilk olduğu üçün ləzzətli idi. Lakin Pekindəki qələbəmi titullarımı qorumaq baxımından ən uğurlu qələbə hesab etmək olar.
- Yarış zamanı və ya əvvəl, sonra bir maraqlı hadisə baş veribmi?
- 2007-ci il avqustunda Braziliyanın San Paulo şəhərində qarşıdakı yarım final görüşünə gərgin hazırlıq gedirdi. Rəqibim amerikalı Kreq Deval məndən arxada dayanmışdı və müəllimi ona mənə qalib gəlməsi üçün tövsiyələr verirdi. Mən arxaya döndüm və onları ingiliscə salamladım, hal-əhval tutdum. Onların pərt olduqlarını dərhal hiss etdim.
İlham Zəkiyev haqqında yazı hazırlarkən görmək qabiliyyətindən məhrum olan bir çox insanların həyatı ilə tanış oldum. Əmin oldum ki, bədəninin hər hansı bir üzvünü itirən insanın belə möcüzə yaratması mümkündür. Yetər ki, səy göstərəsən, mübarizə aparasan. Böyük Yunan şairi, hər iki gözündən məhrum olan Homer məşhur Troya müharibələrini nəzmə çəkməsəydi kim bilir bu gün dünya Troya əfsanələri haqqında xəbər tuta biləcəkdimi? Və yaxud hər iki gözünü itirmiş şair Rudəki özünə bu təxəllüsü götürməsəydi, Tacikistanın bu ucqar kəndini kim tanıyacaqdı? Xalqımızın qəhrəman oğlu İlham Zəkiyev dalbadal qələbələri qazanmasaydı, üç rəngli bayrağımız dünya ölkələrində daha bir neçə dəfə dalğalanardımı? Deməli, əsil dünyanı görməyənlər görmə qabiliyyətlərini itirənlər deyil, bəsirət gözü görməyənlərdir.
Dəyərli oxucular, böyük şərqşünas alim Əli Fəhmi həmişə deyərdi ki, "Kiminki bir dünyası var, onun iki sifəti var. Kiminki iki dünyası var, onun bir sifəti var". Əsil gözləri görməyənlər o insanlardır ki, onlar yalnız bu dünyaya qapanmış, Allahın min bir nemətini özününki sayır və bu nemətlərin sadəcə daşıyıcısı olduğunu anlamır.
Pekin Paralimpiya oyunlarında bütün rəqiblərini məğlub edən İlham Zəkiyev finalda Çin idmançısı Vanq Sonqla qarşılaşdı. Çin idmançısı üzərində cəmi 40 saniyəyə qazandığı qələbə ilə o, idman tariximizdə yeni bir mərhələ açdı. İlham keçirdiyi 3 görüşə cəmi 2 dəqiqə 30 saniyə vaxt sərf etmişdi. Onun bu qələbəsi şərəfinə Pekinin fəhlə stadionunda Azərbaycanın himni səsləndi, üç rəngli bayrağımız yüksəklərə qaldırıldı.
Hər yarışdan sonra olduğu kimi, Pekin Paralimpiya oyunlarından Vətənə dönən idmançılarımız Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən qəbul olundu. İdmançılarımızın uğurlarına ürəkdən sevinən dövlət başçımız onların əməyinə yüksək qiymət verdi, onları təbrik edərək dedi: "Bu çox böyük nailiyyətdir, çox böyük qələbədir. Siz Azərbaycanın şərəfini yüksəklərə qaldırdınız". Prezidentin Paralimpiyaçılar haqqında dediyi bu xoş zözlər hər şeydən əvvəl Pekindən Vətənə qızıl medalla qayıdan İlham Zəkiyevə ünvanlanmışdı. Axı, o, milli komandamızın cüdo üzrə kapitanı idi. İlham Zəkiyev Pekinə yola düşərkən cənab Prezidentə qələbə üçün var gücləri ilə çalışacaqlarına söz vermişdi və "əgər qalib gəlsəm, qələbəmi sizin seçkilərdəki qələbənizə həsr edəcəyəm." - demişdi. Budur, o, artıq öz vədinə əməl edərək Vətənə qələbə ilə dönmüşdü.
Pekində İlham Zəkiyevin məsuliyyəti həqiqətən də böyük idi. O, yığma komandamızın bayraqdarı idi, bütün idman növləri üzrə komandanın kapitanı idi. Burada dünyanın ən nüfuzlu ölkələrinin idmançıları iştirak edirdi. Lakin idmançılarımız bütün çətinlikləri arxada qoyaraq vətənə 2 qızıl, 3 gümüş, 5 bürünc medalla qayıdaraq MDB ölkələri arasında yalnız Rusiya, Ukrayna və Belorusiya idmançılarından geridə qaldılar. Bu isə həqiqətən də böyük uğur idi. İlham Zəkiyev isə məhz Pekində ikiqat olimpiya çempionu oldu.
- Hər dəfə şərəfinizə üçrəngli bayrağımız qaldırılanda, himnimiz səsləndiriləndə hansı hissləri keçirirsiniz?
- Bu suala cavab vermək mənimçün olduqca çətindir. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bütün Azərbaycan idmançılarına həmin hissləri yaşamağı arzulayıram.
İlham Zəkiyevi bu gün Azərbaycan Paralimpiyasının bayraqdarı hesab etmək olar. O, Paralimpiyanın ikiqat çempionu kimi olduqca şərəfli bir ad daşıyır. Bu isə onun məsuliyyətini ikiqat artırır.
Bu gün Paralimpiyaçılarımız, o cümlədən İlham Zəkiyev dövlətimizin hər cür qayğıları ilə əhatə olunub. 2005-ci ildə o, Prezidentin sərəncamı ilə müalicə almaq üçün İsrailə göndərildi. Həmin il onun həyatında daha bir əlamətdar hadisə baş verdi. O, ailə həyatı qurdu. Dövlət başçımız onun toyunu şəxsən təbrik etdi.
2008-ci il fevralın 5-də Prezidentin sərəncamı ilə Paralimpiyaçılar mükafatlandırıldı. Mükafatlandırılanların içərisində İlham Zəkiyev də vardı. Ona 100 kq-dan yuxarı çəki dərəcəsində döyüşən idmançı kimi 2002-ci ildə təsis olunmuş Azərbaycan Respublikasının xüsusi olimpiya təqaüdü verildi.
Elə həmin il dekabrın 26-da Prezidentin digər bir sərəncamı ilə İlham Zəkiyevə "Şöhrət" ordeni verildi. Hörmətli Prezidentimiz onun qayğıları ilə şəxsən maraqlanır. O, xoşbəxt ölkənin xoşbəxt vətəndaşıdır. Dünyanın heç bir ölkəsində idmançıların həyatı ilə Prezidentin şəxsən maraqlanması halları yoxdur. İdmançılara dövlətin qayğısı heç də təsadüfi deyildir. Çünki siyasətçilərdən sonra ölkəmizi dünyada ən çox tanıdan idmançılarımızdır.
2008-ci il avqustun 29-da Sumqayıtda MDB ölkələrində yeganə Paralimpiya Komitəsinin açılışında çıxış edən dövlət başçımız Paralimpiyaçıların əməyinə yüksək qiymət verdi. İlham Zəkiyev də çıxış edərək öz növbəsində qazandıqları bütün müvəffəqiyyətlərə görə dövlət başçısına borclu olduqlarını bildirdi, idmanın inkişafında gördüyü böyük işlərə görə Paralimpiyanın əziz və sevimli dostu İlham Əliyevə minnətdarhq etdi.
2009-cu ildə Sumqayıt Paralimpiya komitəsində Milli Paralimpiya Komitəsinin 3-cü hesabat konfransı keçirildi. Paralimpiyaçılarımızın müvəffəqiyyətləri sadalandı, İlham Zəkiyevin xidmətləri xüsusi qeyd edildi və O, İdman sahəsində qazandığı müvəffəqiyyətlərə görə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən "Əməkdar idman ustasf" adına layiq görüldü.
- Qazandığınız bütün bu uğurlara görə kimə minnətdarsız?
- İlk növbədə Allaha, ailəmə, yaxınlarıma, möhtərəm Prezidentimizə, Milli Paralimpiya Komitəsinə, Şəxsi məşqçim Əhməddin Rəcəbliyə, onun köməkçisi İbrahim İbrahimova və "Neftçi" idman sağlamlıq cəmiyyətinə borcluyam.
- Əgər sirr deyilsə, bir neçə kəlmə gələcək planlarınız barədə danışın.
- İndiki hədəfimiz 2012-ci ildə London Paralimpiya oyunlarıdır. Bundan qabaq isə 2011-ci ildə Fransada Avropa çempionatı, Türkiyədə dünya çempionatı olacaq və bu çempionat 2012-ci il London XIV yay paralimpiya oyunlarına lisenziya xalları verəcək.
Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır, əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".
İlham Zəkiyev də böyük Vətənpərvərdir. Vətənini hədsiz məhəbbətlə sevir. Vətənpərvərlik İlham üçün 1 milyondan artıq soydaşımızın, öz doğma Vətənlərində Vətən deyə-deyə Vətənsiz qalan bacı-qardaşlarımızın ah-naləsidir. Vətənimizin bir qarış torpağı belə bizimçün əziz olmalı, and yerimizə çevrilməlidir. Şair qəzəlxan Seyidağa deyir ki:

Vətən övladı gərək qədrini bilsin Vətənin,
O qədər qədr bilə olmaya qədrin qədəri.

Bəli, İlham da öz Vətəninə məhz belə bir qədərsiz məhəbbətlə bağlanıb. Zənnimcə, onu qələbədən-qələbəyə ruhlandıran da məhz Vətən məhəbbəti, yurd sevgisidir. Öz Vətəninə daş ola bilməyənlərdən şair M.Araz demişkən:
Olmaz ölkə vətəndaşı.
İlham Zəkiyevdə əsil insanlara xas olan gözəl bir xususiyyət var. Rəqib üzərində hər qələbədən sonra ona yaxınlaşır, sanki təsəlli verir, layiqli rəqib olduğunu bildirir, ona minnətdarlıq edir. Və hər qələbədən sonra əllərini göyə qaldırıb Böyük Yaradana şükür edir. Mükafatlandırma mərasimi zamanı Azərbaycan kişisinə məxsus bir məğrurluqla tribunaya yaxınlaşır. Sanki bu qələbələri heç o qazanmayıb.
- Yarış zamanı tribunadan azərkeşlər müxtəlif sözlərlə səni qələbəyə ruhlandırırlar. Bütün bunlar Sizə kömək edirmi?
- Əlbəttə. Amma əsas fiziki hazırlıqdır.
Sonda arzularını soruşdum. İki böyük arzum var - dedi. - İstəyirəm ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımız azad olunsun.Və bir də, görmə qabiliyyətim bərpa olunsun və mən Azərbaycanı Paralimpiya oyunlarında deyil, Olimpiya oyunlarında təmsil edim.
Biz də İlhamın istəklərinə qoşulub "Arzun çin olsun" - deyirik.
Qəhrəmanlıq alnımıza yazılıb. O bizim tarixi haqqımızdır. Allahın bizə bəxş etdiyi saysız-hesabsız sərvətlərimizdən biridir. Dünyada sayı 100 milyonu ötmüş xalqlar vardır ki, bircə qəhrəmanı da yoxdur. Amma xalqımız üçün isə qəhrəmanlıq adi bir haldır, xalqımızın təbiətindədir. Qəhrəmanlar yetişdirə bilməyən xalq əsarətə məhkumdur. Hər yüz ildən bir Babək yetişdirən Vətənimiz var. Ona görə də azadıq, müstəqilik. Xalqımız bu gün bu qəhrəmanlarla necə də bəxtiyardır. İlhamın qələbələri tariximizin şanlı səhifələrini bəzədikcə, xalqımız da ona neçə-neçə şeirlər qoşacaq, dastanlar yaradacaq. Belə qəhrəmanlarımızın adlarını Tarix kitablarına daxil edib şagirdlərimizə təbliğ etməliyik. Axı, Vətənimizin şöhrətini uca edən, onun bayrağını yüksəklərə qaldıran insanlar əsil qəhrəmanlardır.
Uzun müddət ürəyimdə daşıdığım hisslərimi oxucularla bölüşdüm. 2005-ci ildə Hollandiyanın Vlardingen şəhərində, 2007-ci ildə Bakıda, 2009-cu ildə Macarıstanın Debretsen şəhərində Avropa, 2007-ci ildə Braziliyanın San Paulo şəhərində, 2010-cu il mart ayında Türkiyənin Antalya şəhərində dünya, 2004-cü ildə Afinada XII, 2008-ci ildə Pekin XIII Paralimpiya oyunlarında isə ikiqat olimpiya çempionu olan xalqımızın bu igid, qəhrəman oğlunu sizə layiqincə təqdim edə bildimmi? Bax, bunu oxucuların və bir də İlham Zəkiyevi tanıyanların öhdəsinə buraxıram. Tomrisdən, Cavanşirdən, Babəkdən başlayaraq, Qarabağ qəhrəmanlarına, Olimpiya, Paralimpiya çempionlarına, üçrəngli bayrağımızı dünyanın ən nüfuzlu idman salonlarında yüksəklərə qaldıran ikiqat dünya, Avropa və olimpiya çempionlarına, İlham Zəkiyevə, xalqımızın bütün qəhrəmanlarına əbədi eşq olsun!

Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.

Yeksar CƏFƏROV,
Azərbaycan Universiteti filologiya fakültəsinin II kurs tələbəsi.