“Şəhid olsam ağlamayın, -söyləmişdi Mübariz. -

“Şəhid olsam ağlamayın, -söyləmişdi Mübariz.

"Canım, atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar gününə artıq ürəyim dözmür. Allah xatirinə bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın! Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin.
Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin!"
(Gizir Mübariz İbrahimovun məktubundan)

1988-ci il fevralın 7-də Beyləqan rayonunun Əliabad kəndində halal və zəhmətkeş bir insan-Ağakərim İbrahimovun ailəsində bir oğlan uşağı da dünyaya göz açdı. Ailənin üçüncü övldı olan bu oğlana Mübariz adını qoydular. Seyid nəvəsi olan Mübariz elə uşaqlıqdan imanlı və inamlı valideynləri-Ağakərim atasının və Şamama anasının nümunəvi tərbiyəsini mənimsəmişdi. Daim halallığı və ədaləti önəmli meyar hesab edən Mübariz də, ədalət prinsipinə sədaqətlə böyüyürdü. Canında və qanında vətənə, xalqa, haqqa, ədalətə son dərəcə sadiq ruhda böyüyən Mübariz hələ orta məktəbdə oxuyarkən daxilindən onu daima mübarizəyə aparan bir qeyri-adi qüvvəni hiss etdiyindən, öz fiziki enerjisini idmana sərf etməyə başlamışdı. İdmanın boks növü ilə məşğul olmağa demək olar ki, bütün boş vaxtını sərf edər, gələcək gərgin yarışlarda qələbə bayrağının dalğalandığı kürsülərdə "Azərbaycan himninin" sədalarının səsləndirilməsi səhnələrini xəyalən yaşayırdı. Bu müqəddəs və saf uşaqlıq arzuları çox zaman onun yuxularına da girərdi. Öz yaşıdlarından fərqli düşünən və yaşayan müdrik yeniyetmə Mübariz daima haqqın müdafiəçisi mövqeyindən çıxış edər və; "Mən məzlumun dostu, zalımın düşməniyəm", deyərdi.
İdmanı özünün ən yaxın dostu hesab edən Mübariz İbrahimov tərəf müqabili kimi qardaşı Bəhruzu seçmiş və onunla mütəmadi, evlərinin həyətinə girəcəkdə sol tərəfdə düzəltdiyi turnik və balaca boks məşqləri üçün guşə yaratmışdı. Ardıcıl və gərgin məşqlər öz müsbət nəticələrini verir, Mübariz gündən-günə mübarizləşirdi.
Həmyaşıdları arasında bacarıqlı və ümidverici boksçu kimi Ukraynada keçiriləcək yarışlarda iştirak etmək üçün yoladüşmə ərəfəsndə əli zədələndiyindən gedə bilməmişdi.
Mütaliəni, ələxsus da hərbə aid kitabları oxumağı çox sevən Mübariz dərslərini də lazimi səviyyədə çatdırıb oxuyudu. O, 2006-cı ildə Malik Piriyev adına Əliabad kənd orta məktəbini bitirmiş, 2007-ci ildə isə Daxili Qoşun hissələrində əsgəri xidmətini çavuş rütbəsi ilə başa vurmuşdu.
Hələ uaşqlıqdan hərbə və hərbi formaya xüsusi maraq göstərən Mübarizin atası və müəlimləri onun əlifba bayramında "Azərbaycan əsgəri" hərbi marşına oynamasını və hamını bu rəqsə dəvətini unutmamışlar. Daxilində olan istək və arzular Mübarizi aparırdı...
Bəli, istək və arzular insanı daima irəli, zirvələrə, daha uca zirvələrə aparır. Elə, Mübariz İbrahimovu apardığı kimi. Bu istək o qədər güclü, o qədər ülvi və təmənnasız idi ki, Mübarizin özünü də, sözünü də, gücünü də qabaqlayıb, ram etmişdi.
Bu istəyin bir adı-Vətən və Xalq istəyi, bir ünvanı-Qəhrəmanlıq, Şəhidlik, Qalibiyyət zirvəsi idi. Aparırdı Mübarizi, səsləyirdi Mübarizi, ona rahatlıq vermirdi. Axı, yağı düşmənin ədalətsiz təcavüzü, torpaqlarımızın işğalı, saysız-hesabsız şəhdlərinizin ruhları, qaçqın və köçkünlərin cavabsız fəryadları, "Atəşkəsin" mütəmadi olaraq erməni işğalçıları tərəfindən pozulması bir an belə, Mübarizi rahat buraxmırdı. Özlüyündə çox götür-qoy etdikdən sonra bu cür yaşamağa gücü çatmadığını hiss edən Mübariz, ürəyinin istəyini əsas götürərək yenidən ön cəbhəyə dönməyi və məkrli düşməndən sona qədər döyüşərək qisasını alacağına and içdi. Bu dəfə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə xidmət etmək üçün ərizə ilə müraciət edib, könüllü olaraq gizir kimi Vətənin müdafiəsinə getdi.
2010-cu ilin İyun ayının əvvəlində evlərinə məzuniyyətə gələrkən doğmaları ilə axırıncı görüşü imiş, sən demə... Atası ilə söhbətinin məzmununu xatırlayan Şamama ana eşidiyini belə xatırlayır ki, Mübarizin özünəməxsus planı varmış və ən son məqamda valideyin halallığını almaq məqsədilə gəlibmiş. Oğlunun fikirlərində israrlı olduğunu görən Ağakərim ata da hər hansı danışığın Mübarizi döndərməkdə faydasız olduğunu başa düşmüş və demişdi: "Üç oğlum var, birini də Vətənə fəda edirəm",- deməsi, Mübarizin atasından aldığı ən böyük halallıq idi. Bu fikri biləndə Mübariz atasının boynunu qucaqlayıb öpmüşdü. O evə gizir yoldaşı ilə gəlmişdi. O söyləyirdi ki, Mübariz əsgər yoldaşlarına qarşı o qədər səmimi və mehribandır ki, öz halal maaşından onlara da verir ki, müəyyən ehtiyaclarını ödəsinlər.
Məzuniyyət zamanı təmas xəttindən düşmən nəzarətində olan torpaqlarımızın vəziyyəti, dağılmış evləri, yurdları, sahibsiz evləri görən Mübariz özünə gələ bilmədiyini və bütün bunların heyfini erməni işğalçılarından alacağına, bəlkə onda ürəyi soyuyacağına söz verdi. Belə də oldu...
İyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşlərdə cəngavər tək döyüşərək düşmənə ağır itkilərlə cavab verən Mübariz İbrahimov qərəmancasına həlak oldu. Onun ölümü əsil qəhrəmanlıq məktəbi kimi tarixə yazıldı. O, ölümün gözünə dik baxaraq, Vətən sevgisinin hər şeydən uca olduğunu və heç nə ilə əvəz olunmadığını bir daha Azərbaycan gəncliyinin nümayəndəsi kimi sübut etdi. Respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərancamına əsasən ölümündən sonra Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəsadətli və müstəsna xidmətinə görə Milli Qəhrəman adına layiq görülmüşdür.
Bəli, dədə-babalarımızın döyüş salnaməsinin XXI əsrə qədər keçdiyi əzamətli mübarizliyini bir daha təsdiqləyən Mübariz İbrahimov, erməni işğalçılarına və onların başsız havadarlarına bir daha xatırladaraq sübut etdi ki, biz onlar kimi "arxalı köpək" deyil, özümüz özümüzün döyüş və vətən sevgisi deyilən gücümüzə arxalanırıq! Qoy, bütün bəşəriyyətin sülhsevər, sağlam qüvvələri başlarını açıb düşünsün və nə qədər ki gec deyil, dərk etsinlər ki, yalnız məhəbbət və sevgi ilə bəşəriyyətdə qalib olmaq mümkündür. Çünki zor zamanı ibtidai quruluşlara aid olub və zamanı artıq keçmişdə qalıb. İndi sivilizasiya, ağıl, idrak və düşünmək əsridir. Zor-haqqı müvəqqəti olaraq qabaqlaya bilər, lakin son söz yenə də haqq və ədalətin olacaq, inşallah!
Mübariz kimi igid və qəhrəman oğulların sayı-hesabı olmayan bir Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və Mübariz kimi qəhrəmanlarımız Azərbaycan Bayrağını daima yüksəkdə saxlayaraq, öz Şəhidlik zirvələrinə qədər yüksəldəcəklər!
Mübariz ibrahimovun qəhrəmanlıq məktəbi gənclərimiz və gələcək nəsillər üçün nümunəvi örnək kimi tarixdə qalacaqdır.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, Amin !


Qəhrəmanlıq məktəbini seçdi igid Mübariz

(Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla həlak olmuş, şəhid Milli Qəhrəman Mübariz İbrahimova ithaf edirəm)

Mübariz, uşaqlıqdan sən mübariz doğuldun,
Yaşamaqda, oxumaqda, idmanda bir oğuldun.
Amalın saf, əməlin saf, əqidəndə bütövdün,
Böyük arzun zirvələri fəth etmək idi sənin.
"Vətənpərvər" yazılmışdı sənə bu "alın yazı"
Sənin üçün əziz idi vətənin qışı, yazı.
Güc almışdın Ana Yurdu-Dədə Qorqud elindən,
Bilasuvar mahalının Əliabad kəndindən.
El atası Ağakərim atamızın əlindən,
Məğrur ana Şamamanın xeyir-dua dilindən.
Döyüşməkçün sınaqlardan keçdin idman məktəbi,
Asan başa gəlməmişdi sənə bu idman təbi.
Gərgin məşqlər, ciddi təlim, Bəhruzla boks yarışı
Səni daha mətin etdi bu idmanlar savaşı.
Daxili qoşunlarda xidmət etdin çavuş tək,
Səni qane eyləmədi bu, bir Vətən oğlu tək.
Öz sevginlə sən qayıtdın yenidən ön cəbhəyə,
Vətən torpağı sənə candan əzizdi deyə!
Məzlumları dostu sanan, zalıma düşmən olan
Haqqı və ədaləti daima meyar sanan.
İgid Mübariz qizir paltarını geyindi,
Bu döyüşlərdə artıq o, əvvəlki deyildi.
Dözə bilmirdi igid düşmənin hiyləsinə,
Düşündü ki, dağ çəksin yağının sinəsinə.
Atəşkəsi pozaraq, bizə həmlə edənlər,
Tərtər ərazisində ciddi zərbə görənlər.
Xeyli itki verərək, bundan hiddətləndilər,
Meydanda Mübarizlə üzbəüzə gəldilər.
Budur, əsil döyüş və əsil savaş meydanı,
Hünəri var bir dığa çıxsın irəli, hanı?...
Mübariz bu savaşda təkbaşa döyüşürdü,
Erməni dığaları pərən-pərən düşürdü.
Neytral ərazini keçdi igid Mübariz
Qəhrəmanlıq məktəbin seçdi igid Mübariz.
Rəşadətlə döyüşərək, şəhid oldu bu yolda,
Azərbaycan Bayrağını düşünürdü o anda.
Müstəsna xidmətilə örnək oldu qənclərə
Nümunəvi məktəb qoydu gələcək nəsillərə.
"Şəhid olsam, ağlamayın", söyləmişdi Mübariz
Bu vəsiyyətə rəğmən, "Yaşa Vətən", deyək biz!

Şairə-jurnalist,
"Qoşa Ulduz" jurnalının baş redaktoru
Gülzar Namazova.

====================================================

+ Ölümünə min alqış!

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin...Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim...Vətən sağ olsun. Oğlunuz Mübariz".

Milli Qəhrəman Mübariz İbrahimovun ölümündən əvvəl yazdığı məktubundan

Vətənin qeyrətini ömürdən uca tutub -
Kişilik qeyrətindən asdın asılqan kimi.
Bilsən də ki, geriyə dönüş yoxdu bu yoldan,
Sən ölümün üstünə şığıdın aslan kimi.

Dəf eyləyib qarşında hər cür çətinlikləri,
Bir ordunun işini sən bir anda bacardın.
Milyonların bir ömür çata bilmədikləri,
Şəhidlik zirvəsinə sən bir anda ucaldın.

Həyatda yaddaşı var hər daşın, hər yarpağın,
Qan içənlər qanında boğulmalıydı bir gün.
Əliyarlar, Ramillər yetirən bu torpağın,
Qəhrəman Mübarizi doğulmalıydı bir gün.

Qəhrəmanlıq hər zaman, hər anda demə varmış,
Oğullar çağırış bilir ananın fəryadını.
Sənə Mübariz adın verənlərə min alqış,
Doğrultdun əməlinlə sən Mübariz adını.

Kişilik dərsi verdin neçə nankor harına,
Neçə bağlı gözləri sən açdın əməlinlə.
Döndün xalqın fəxrinə, millətin vüqarına,
Hər şeydən uca olan mübarək ölümünlə.

Adınla, vüqarınla hər an öyünür ellər,
Mübarək ölümünlə verdin şərəf bizlərə.
Bu Vətəni, torpağı, yurdu necə sevərlər -
Öyrətdin əməlinlə bunu şərəfsizlərə.

"Vətən sağ olsun" deyib sən döyüşə atıldın,
Bir elə örnək oldu qazandığın bu ad-san.
Şərəf-şan lövhəsində başda yazıldı adın,
Ölümüylə dünyaya yenidən gələn insan!

Hər kişi hər ləkəni ölümlə silə bilməz,
Ölümünlə doğulan ölümünə min alqış.
Hər sənin tək doğulan sənin tək ölə bilməz,
Millətə şərəf verən ölümünə min alqış!

Mürvət Qədimoğlu Həkəri,
şair-publisist

=========================================================

< style="font-family: Tahoma;">İbrahimov Mübariz Ağakərim oğlu
________________________________________

İbrahimov Mübariz Ağakərim oğlu 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 1994-2005-ci illdərdə Biləsuvar rayon Əliabad kənd Malik Piriyev adına orta məktəbdə təhsil alıb. 20 aprel 2006-cı ildən 2007-ci ilin oktyabr ayına kimi həqiqiq hərbi xidmətdə olub.
2009-cu ilin sentyabr ayında Gizirlik kursuna daxil olub. Oranı bitirdikdən sonra Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli 1039 saylı Sərəncamı ilə gizir İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Cəsədi döyüş bölgəsində qalmışdır.