Təyyar Bayramov -

Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov Müslüm Maqomayevin 125 illik yubileyinə həsr olunan tamaşada növbəti dəfə Şah İsmayıl kimi səhnəyə çıxdı. Artıq 2005-ci ildən bu rolu demək olar ki, dublorsuz oynayan Təyyar Bayramov bu dəfə də böyük tamaşaçı alqışı qazandı. Tamaşada iştirak edənlər onun bu rolun öhdəsindən mükəmməl şəkildə gəldiyini dönə-dönə qeyd etdilər. Yəqin əbəs yerə ona səhnəmizin Şah İsmayılı demirlər. Əslində opera səhnəsində fəaliyyət göstərən xanəndələrin hər birinə belə xoşbətlik nəsib olmur. Xalq artisti Mənsum İbrahimovu səhnəmizin Məcnunu adlandırdıqları kimi, Təyyar Bayramovu da opera səhnəmizin bugünkü Şah İsmayılı adlandıranlar az deyil.

Təyyarın bu uğurlu çıxışından sonra onunla söhbət etmək qərarına gəldik. Söhbət zamanı əməkdar artistin səfər ərəfəsində olduğunu da öyrəndik. Gənc xanəndə bizə müsahibəsindən sonra

Çinə qastrol səfərinə yola düşdü. Muğam ifaçısı səfər öncəsi yeni layihələri və səfərin məqsədi barədə açıqlama verdi. Xanəndə bildirdi ki, Şanxay şəhərinə Azərbaycandan böyük bir nümayəndə heyəti gedir. Səfərin məqsədi Azərbaycan mədəniyyətini, incəsənətini və milli mətbəximizi təbliğ etməkdir. Yeri gəlmişkən onu da öyrəndik ki, Azərbaycan nümayəndə heyətinin sıralarında Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov da iştirak edir.

Təyyar Bayramov səfər zamanı bir neçə konsert proqramı ilə çıxış edəcəklərini qeyd etdi.

Dünyanın bir çox ölkələrinin iştirak edəcəyi ənənəvi mərasimdə Azərbaycandan gedən incəsənt nümayəndələri Azərbaycan mədəniyyətini yüksək səviyyədə nümayiş etdirmək üçün əməlli-başlı hazırlaşıblar. Təyyar Bayramov konsert proqramında muğam dəstgahı və xalq mahnısı ifa edəcəyini qeyd etdi.

Onu da xatırladaq ki, Təyyar Bayramov bu yaxınlarda İranda keçirilən Azərbaycan mədəniyyət günlərində də iştirak edib. Müğənni yeni layihələri barədə də açqılama verib. Məlum oldu ki, əməkdar artist iki yeni disk üzərində çalışır. Paralel hazırlanan disklərin birindi klassik muğamlarımız yer alacaq. Yəni alboma muğam dəstgahı və xalq mahnısı daxil olacaq. Təyyar Bayramov yaxın gələcəkdə xalq mahnılarından birinə klip çəkdirməyi də düşünür.

TAHİRƏ