Layiqli elçi -

Layiqli elçi

Xalqımızın sevimli və istəkli oğlu, hamımıza doğma və əziz olan, dünya şöhrətli ziyalımız, məşhur onkoloq akademik, Tibb Universitetinin rektoru Əhliman Tapdıq oğlu Əmiraslanov ömrünün ən müdrik çağında millət vəkilliyinə namizədliyini 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən irəli sürmüşdür. Mənim aləmimdə Əhliman müəllim özündəki bütün müsbət xüsusiyyətlərə görə xalq elçisi olmağa tam layiqdir. Əslində o, şüurlu və ziyalı ömrünü bir xalq elçisi kimi daim millətimizə həsr etmiş, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində keçirilən elmi yığıncaqlarda, konfranslarda, simpoziumlarda elm ictimaiyyəti qarşısında Azərbaycanımızı şərəflə təmsil etmişdir.

Əhliman müəllim keşməkeşli həyat yolu keçmişdir. O, elm yollarında pillə-pillə, uğurla addımlamış, sözün həqiqi mənasında pucur-pucur alın təri tökmüş, sadə və şərəfli ömür yaşamış, heç zaman ucuz şan-şöhrət dalınca getməmişdir. Əhliman müəllim bütün bu güc-qüdrətini başı qarlı-buzlu, ətəkləri al yamaclı, bulaqlarının bir qurtum suyu diş göynədən Ulu Göycəmizin sazlı-sözlü Zod kəndində Tapdıq müəllim ocağından götürmüşdür. Bəli, Əhliman müəllim 1947-ci ilin 17 noyabrında bu sirli-sehrli dünyaya göz açmışdı. Əhliman ailənin sevimlisi idi. O, hələ məktəbə getməmişdən qabaq da ağıllı davranışı və biliyi ilə seçilirdi. Buna görə də Tapdıq müəllim balaca Əhlimanın təlim-tərbiyəsi ilə daha həssaslıqla məşğul olurdu.

Tapdıq Muxtar oğlu ixtisasca sevimli el ağsaqqalı idi. Basarkeçər camaatının birliyi və yaxşı yaşaması üçün var qüvvəsi ilə çalışırdı. Ona görə də bir müddət müəllim işlədikdən sonra rəhbər vəzifələrdə (Basarkeçər rayon PK-nın II katibi, maarif müdiri) çalışırdı. Bu vəzifələrdə işlədikcə düşmənlərimiz olan ermənilərin məkrli niyyətlərindən daha aydın hali olurdu, onların iç üzünü daha yaxşı görürdü. Tapdıq müəllim yaxşı başa düşürdü ki, Basarkeçərin adını əbəs yerə Vardanes adlandırmır və Göyçənin qədim türk kəndlərinin adlarını qondarma erməni sözləri ilə əvəz etmirlər. Tapdıq müəllim Göyçənin üstündə qara buludlar dolandığını gördüyündən, daim ermənilərin fitnə-fəsadlarına qarşı çıxır və Göyçə türklərini ayıq-sayıq olmağa çağırırdı. Erməni daşnaklar zahirdə Tapdıq müəllimin üzünə gülsələr də onun qanına susayırdılar. Nəhayət onlar bu məkrli məqsədlərinə çatdılar. 12 barmağın xorası xəstəliyindən əziyyət çəkən Tapdıq müəllimi erməni həkimlər vaxtında cərrahi əməliyyat etmədiyindən o, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişdi.

1976-cı ildə Tapdıq müəllim dünyasını dəyişəndə Əhliman tibb elmində ilkin uğurlarını qazanırdı. 1965-ci ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Əla qiymətlərlə oxumaqla bahəm, IV kursdan onkologiya xəstəxanasının cərrahlıq şöbəsində tibb qardaşı işləmiş, sonra həmin şöbədə həkim-ordinator, daha sonra həmin şöbənin müdiri olmuşdur.

Əhliman müəllim 1974-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına (ÜOEM) qəbul olunmuşdur.

1977-ci ilin oktyabr ayında aspirantura müddəti başa çatmamış, "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1977-ci ildə OEM-də kiçik elmi işçi, sonralar aparıcı və böyük elmi işçi, professor vəzifəsində çalışmışdır. 1984-cü ildə Moskvada "Ostoegen sarkomalı xəstələrin kompleks müalicə metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür, 1989-cu ildə OEM-in professoru seçilmişdir. Keçən əsrin 80-ci illərinin sonlarında bir neçə dəfə ABŞ-ın Hüyuston tibb mərkəzindəki Anderson Onkologiya Klinikasında elmi ezamiyyətdə olmuş, təcrübə mübadiləsi aparmış, elmi məruzələrlə çıxış etmişdir.

Moskvada işləyərkən dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində, "Dayaq-hərəkət şişləri olan xəstələrin müalicəsi və reabilitasiyası" üzrə Ümumittifaq məktəbinə rəhbərlik etmiş və SSRİ XNS-nin medallarına layiq görülmüşdür.

1992-ci il iyulun 31-də Azərbaycan Döv

lət Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilmiş və eyni zamanda 1993-cü ildə müsabiqə yolu ilə ATU-nun onkologiya kafedrasının müdiri seçilmişdir. Əhliman müəllimin bu vaxta qədər 350-dən çox elmi əsəri çap olunub, onlardan 18-i monoqrafiya, 16-sı isə ixtira və səmərəli təklifdir. O, 28 dərslik və dərs vəsaiti, 20 tövsiyə müəllifidir. Onun rəhbərliyi altında 30 nəfər namizədlik, 10 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. "Sümük şişləri (Ankara, 1999), Qida borusu və mədə xərçəngi olan xəstələrdə kaxeksiya" adlı monoqrafiyaları Türkiyədə nəfis şəkildə çap olunmuşdur. Sonuncu monoqrafiya ingilis dilində nəşr edilmişdir.

İlk dəfə olaraq öz şəxsi təcrübəsi əsasında Azərbaycan dilində latın qrafikası üzrə "Onkologiya" (Bakı, 1995) və "Uşaq onkologiyası" (Bakı, 2002) adlı dərsliklər, eləcə də 2010-cu ildə geniş formatlı daha bir "Onkologiya" dərsliyi yazaraq müəllim və tələbələrin ixtiyarına vermişdir. Əhliman müəllim Beynəlxalq Tədqiqatçılar Assosiasiyasının üzvüdür. 2000-ci ildə Azərbaycan-İran İslam Respublikası Dostluq Cəmiyyətinin sədridir. Bir müddət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi funksiyasını yerinə yetirmişdir. 1985-ci ildə "Sümük sarkoması" monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının mükafatına, 1986-cı ildə "Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikada tətbiqi" üzrə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına" layiq görülmüşdür.

Əhliman Əmiraslanov 1990-95-ci illərdə Azərbaycanın xalq deputatı olmuşdur. 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür, 2000-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir.

1997-ci ildə Əhliman müəllim bioqrafik məlumatlarla birgə Kembriçdə çapdan çıxan "XX əsrin 2000 görkəmli şəxsiyyəti" toplusuna daxil edilmiş və "Qızıl Heykəl" mükafatına layiq görülmüşdür. 1998-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının, 1999-cu ildə Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş, akademiyanın Alber Şvaytzer mükafatına və Böyük qızıl medalına layiq görülmüşdür. 1999-cu ildən Azərbaycan Milli "Bioetika elm və texnologiyaların etikası komitəsinin sədr müavini vəzifəsində çalışır. 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 2006-cı ildən YUNESKO-nun "Bioetika, elm və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, eləcə də YUNESKO-nun eksperti, 2007-ci ildə AMEA-nın Biologiya Elmləri bölməsinin akademik katibi seçilmişdir.

2007-ci ildə RTEA-nın akademik N.N.Bloxın adına qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI yüzilliyin liderləri" çərçivəsində "Millətin intellekti" adlı beynəlxalq təltifə layiq görülmüşdür. 2010-cu il aprel ayının 30-da ölkə prezidentinin sərəncamına əsasən Əhliman müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının üzvləri siyahısına salınıb.

Əlbəttə, bütün bu məlumatlar akademik alimin şərəfli ömür yolunun bəzi sətirləridir. Belə ki, millət vəkilliyinə namizəd Əhliman Tapdıq oğlunun geniş tərcümeyi-halını qısa bir məqalədə təsvir etmək qeyri mümkündür. Əhliman müəllim dünyanın hansı ölkələrində elmi yığıncaqlarda, simpoziumlarda, konfranslarda iştirak etməyib! O, hələ gənclik illərindən dünyanı Məğribdən Məşriqədək (Yaponiyadan ABŞ-a dək elm təşnəsi kimi gəzib dolanmış, həmişə atası Tapdıq kişinin ruhunu şad etmiş, elmi nailiyyətləri ilə elini-obasını, qohum-qardaşını, dostunu, doğmasını sevindirmiş, ən əsası isə Azərbaycana başucalığı gətirmişdir. Əhliman müəllim Azərbaycan Tibb Universitetinin ən uzunmüddətli rektorudur. O, böyük kollektivin rəhbəridir. Yüzlərlə alimi, minlərlə tələbəsi olan elm ocağına ədalətlə, vicdanla, uzaqgörənliklə rəhbərlik edir. Bu müddət ərzində təhsilin səviyyəsi xeyli yüksəlmişdir, müəllimlərin, əlaçı tələbələrin rifahı yaxşılaşmışdır. Tibb Universiteti müasir tibbi avadanlığı və kompüterlərlə təmin olunmuşdur. Tədris binalarının çoxunda əsaslı təmir işləri aparılmış, bir sözlə universitetin ab-havası zövq oxşayan, könül açan olmuşdur. Bakı şəhəri 1 saylı xəstəxanasında, eləcə də fizika-kimya-humanitar elmlər korpusunda aparılan abadlıq işləri və s. dediklərimə əyani misallardır. Həmçinin Tibb Universitetinin inzibati binasında, kitabxanasında da görülən bərpa işləri könül açandır.

Əlbəttə, böyük kollektivə uzun müddət rəhbərlik edən şəxs olduqca dözümlü, səbrli, təmkinli, ağıllı, alicənab adam olmalıdır. Bu nəcib və xeyirxah xüsusiyyətlər Əhliman müəllimin sanki alın yazısıdır. Söz yox ki, Əhliman müəllimin rəhbərliyi altında çalışan alimlərin, elm adamlarının, tələbələrin bəziləri ziyalı adına layiq deyil. Onların da arasında naqis, nadürüst, alaçiy olanlar, fitvaya uyanlar var. Lakin Əhliman müəllim onları özünə düşmən bilmir, onların haqqı düşünməsini, haqqı deməsini, haqq işlər görməsini istəməsi üçün tibbi dillə desək profilaktik tədbirlər görür. Bununla Əhliman müəllim ən əvvəl öz Əhliman adına, yəni iman əhli olmasına sadiq qalır. Onun aləmində kamil insan üçün insanlıqdan və xeyirxahlıqdan uca heç nə yoxdur. Bütün bunlar Əhliman müəllimin tək Allaha varlığıyla inanmasından dinli, imanlı olmasından irəli gəlir. Ömür yoluna diqqət yetirsək görərik ki, müqəddəs kitabımız Qurani-Kərimin bütün ayələrinə başlanğıc olan "Mərhəmətli və bağışlayan Allahın adı ilə" kəlamına öz çoxsahəli elmi və ictimai fəaliyyətində dəqiqliklə əməl edir. Qurani-Kərim Əhliman müəllimin ömür proqramıdır, desəm, yanılmaram. Onun həyat və fəaliyyəti haqqında düşünəndə imam Əlinin bu məşhur kəlamlarını da xatırlatsam yerinə düşər: "Bu dünyası olmayanın o dünyası olmaz", "Bu dünya axirətin xırman yeridir". Bəli, Əhliman müəllim rüşvətxorun, əzazilin, bir sözlə, şər qüvvələrin qənimidir. Odur ki, o öz rektorluq fəaliyyəti müddətində neçə-neçə yararsızı tutduqları kafedra müdiri, dosent, assistent vəzifələrindən uzaqlaşdırmış, universitetdən xaric etmişdir. Əksinə neçə-neçə haqqı tapdalanana arxa, həyan olmuş, onların elmi fəaliyyət göstərməsinə şərait yaratmışdır.

Bir sözlə, insanlıq sərrafı olan Əhliman müəllim kimisə mükafatlandıranda, yaxud cəzalandıranda tələsmir. Bu da onun müəllim adını, ziyalı adını uca tutmasından irəli gəlir. Yaşının bu müdrik çağında da kitabları mütaliə etməkdən yorulmur, dövri mətbuatı maraqla nəzərdən keçirir, söylənən fikirləri, gedən məlumatları saf-çürük edir. O da böyük Füzulimiz demişkən: "Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz" düşünür. Əhliman müəllim haqqında düşünəndə ABŞ-ın mərhum prezidenti Avraam Linkoln haqqında bir hekayət yadıma düşür. Bəllidir ki, adi kəndli balası olan Avraam Linkoln gərgin mübarizə yolu keçərək Demokratlar Partiyasından ABŞ prezidenti seçilib .Prezident seçilənə qədər mətbuatda çox güclü rəqiblərlə toqquşmalı olur. Bəzən bu söz güləşmələri düşmənçilik həddinə gəlib çatır. Lakin buna baxmayaraq Avraam Linkoln prezident seçiləndən sonra həmin rəqiblərindən çoxuna Prezident Aparatında məsul vəzifələr tapşırır. Bir gün yaxın dostlarından biri ona irad tutur ki, filankəslər sənin düşmənlərindir, sənsə onlara mühüm vəzifələr verirsən. Avraam Linkoln gülümsəyərək cavab verir: "Mən düşmənlərimi dostlarım edirəm!!! Doğrudan da düşməni dost etməyi bacarmaqdan böyük xoşbəxtlik yoxdur!!!

Əhliman müəllim olduqca mərhəmətli, səxavətli, genişürəkli adamdır. Mən ağır xəstə olanda, özüm və yoldaşım cərrahi əməliyyata məruz qalanda o, dəfələrlə ailəmizə yardım əlini uzadıb.

Əhliman müəlliminin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilməsinə ürəkdən sevindim. Əlbəttə, bu beş il də gəlib-keçəcək. Amma seçilən hər millət vəkilindən gördüyü xeyirxah əməllər qalacaq. Belə hesab edirəm ki, Saatlı-Sabirabad-Kürdəmir camaatı öz seçimlərində yanılmayıb.

Fəzail İsmayıl Böyükkişi,

Azərbaycan Yazıçılar Birliyinin

üzvü, həkim, şair-publisist