Bir ömrün fotosu - - İlk azərbaycanlı fotoqraf Əzizbala Hacıyev (YENİLƏNDİ)

Bir ömrün fotosu - İlk azərbaycanlı fotoqraf Əzizbala Hacıyev (YENİLƏNDİ)

Bəşər tarixindəki ixtiralar, kəşflər insanların həyatının daha da yaxşılaşmasına, maraqlı və rahat olmasına xidmət etmişdir. Bu baxımdan XIX əsrdəki ixtiraların çox böyük əhəmiyyəti olmuşdur. Yeni tarixin əhəmiyyətli və çəkici ixtiralarından biri kimi foto işi müasir dövrümüzdə də öz populyarlığını qoruyub saxlaya bilmişdir. Məlumat üçün bildirək ki, yunanca “ photos “ –işıq , “ qrafio “ – yazı deməkdir. Dünyada ilk fotoqrafiya ixtiraçısı fransız rəssamı Jozef Nyeps (1765- 1833 –cü illər ) olmuşdur. J. Nyepsin ölümündən sonra onun işini həmkarı Lui Jak Dager davam etdirmişdir. 1839-cu ildə Parisdə Fransa Elmlər Akademiyasının üzvlərinin iştirakı ilə keçirilən yığıncaqda o, fotoqrafik əkslərin möhkəmləndirilməsi üsulunu tapdığını elan etdi. Artıq XIX əsrin sonu –XX əsrin əvvəllərində dünyanın bəzi dövlətlərində fotoqrafiya işi bir qədər də təkmilləşdirildi. İki yüz ilə yaxın yaşı olan fotoqrafiya sahəsində dünyada məşhurlaşan bir çox foto sənətkarları ortalığa çıxmışdır. Maraqlıdır,bəs bizim ölkəmizdə bu sahədə vəziyyət necə olmuşdur. Azərbaycan Fotoqraflar Birliyindən (AFB) müəyyən məlumatlar əldə etdik. “Azərbaycan Fotoqrafiya tarixi” layihəsi üzrə ölkəmizdə foto sənəti ilə məşğul olmuş insanların həyat və yaradıcılığı istiqamətində geniş axtarış işi aparılır. Hətta müvəqqəti olaraq ölkədə yaşamış və fəaliyyət göstərmiş fotoqraflar barədə də qiymətli məlumatlar əldə edilmişdir. Layihə üzrə aparılan işdə əsas məqsəd ictimaiyyətə fotoqrafiya tariximizi vəAzərbaycan fotoqraflarını təqdim etmək və tanıtdırmaqdır. Ölkəmizdə fotoqrafiyanın 150 ilə yaxın yaşı vardır. Təbiətin Azərbaycana bəxş etdiyi bütün gözəlliklər, ata-baba sənətlərini yaşadan insanlarımız 150 ilə yaxındır ki, fotoqrafların əsas mövzu mənbəyi olmuşdur. Əzizbala Hacıyev ölkəmizdə fotoqrafiyanın əsasını qoyanlardan biri hesab olunur. Əzizbala müəllimin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədi ilə onun qızı , Azərbaycan Respublikasının Əməkdar rəssamı Bəyimxanım Hacızadə ilə görüşməyi qərara aldıq. Tariximizin canlı şahidi , ziyalı azərbaycanlı bir xanımın xatirələrini sizinlə bölüşürük. Ə. Hacıyev 1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir. Çox təəssüf ki, B.Hacızadə həmin şəxsin adını xatırlaya bilmədi. Ə.Hacıyev Hacınskinin oğlanları ilə birlikdə kişi gimnaziyasını oxuyub bitirmişdir. Riyaziyyat fənnini yaxşı bildiyinə görə başqalarından fərqlənirdi. Gimnaziyanı bitirdikdən sonra o, Hacınskinin Bayıl qəsəbəsində şəxsi mülkləri icarəyə verən idarəsində işləməyə başlamışdır. Ə. Hacıyev sovet hakimiyyəti qurulduqdan sonra peşəkar fotoqrafiya ilə məşğul olmağa başlamışdır. Qeyd etmək lazımdır ki, bu sənətlə məşğul olmaq üçün şəhər qubernatorunun xüsusi icazə sənədi olmalı idi. XX əsrin əvvəllərində neft Bakısında foto işi ilə əsasən yəhudilər, ruslar və ermənilər məşğul olurdu. O zamanlar Bakıda ilk fotostudiya Bazar küçəsində ( indiki Azərbaycan prospekti ) yerləşirdi. Əzizbala da əvvəlcə burada fotoqraflar artelində çalışırdı. Fotoqrafiyaya sonsuz həvəsi və marağı olduğu üçün öz şəxsi fotostudiyasını açmaq qərarına gəlir və bu məqsədlə Bayıl qəsəbəsində yer götürərək fotostudiyanı aça bilir. Əsrin əvvəllərində çoxmillətli Bakıda azərbaycanlı bir gəncin fotoqrafıya ilə məşğul olması ,üstəlik studiya açması həmin dövr üçün çox cürətli bir addım hesab olunmalıdır. Fotostudiyada Əzizbala müəllim həm işləyir, həm də ailəsi ilə birlikdə yaşayırdı. Ə.Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur. Bəyimxanım ailənin ilk övladı olmuşdur. Ailənin ən kiçik uşağı olan Zümrüd isə Böyük Vətən müharibəsi illərində təxminən 3-4 yaşlarında yeməkdən zəhərlənərək ölmüş , Paşa və Loğman isə daha sonralar dünyalarını dəyişmişlər. Fotostudiya üçün lazım olan bütün avadanlıqları , hər cür xırdalığı da daxil olmaqla,o, Almaniyadan sifariş edib gətizdirirdi. Yüksək keyfiyyətli şəkil çıxarmaqdan ötrü foto sənəti üçün lazım olan bütün texniki vasitələrin, o zaman üçün texniki yeniliklər hesab edilən bu dəyərli avadanlıqların qiyməti də baha idi. Üstəlik onların Almaniyadan Bakıya gətirilməsi də çox xərc tələb edirdi. Uşaqlıq dövrünün şirin çağlarını rəssam xanım belə xatırlayır: “...Uşaqlıqda biz qardaşımla birlikdə atamızdan iriölçülü alman fotokağızlarını oğurlayar və üzərində rəsmlər çəkərdik. Buna görə atam bizdən çox narazı qalardı. Həmişə sakit və mülayim bir insan olan atam bizə acıqlanar və kağızları əlimizdən alardı” . Bəyimxanım hətta bunu da xatırlayırdı ki, studiyadan oğurluq edən ermənidən atası obyektivi necə alıb geri qaytara bilmişdi. Atası haqqında şirin- şirin danışan xanım ona necə kömək etdiyini də unutmayıb. Fotoların çıxarılması prosesində iştirak etdiyi,retuşla məşğul olduğunu və çox maraqlıdır ki, ağ-qara şəkilin çıxarıldığı bir dövrdə xaricdən gətirilən xüsusi rənglərlə onların necə gözəl rənglənmələri barədə də məlumat ala bildik.Bütün bunlar bir azərbaycanlı fotoqrafın yüksək peşəkarlığından xəbər vermirmi. Əzizbala müəllim haqqında danışarkən tez-tez Hacınskinin də adı çəkilirdi. Müsahibimiz bildirdi ki, Hacınski 1917-ci ildə rəhmətə gedəndən sonra onun iki oğlu İrana çıxıb getsə də , bu ailə ilə əlaqəni kəsməyiblər.Təxminən 1936-cı ilə qədər Hacıyevlər ailəsinə gediş – gəlişləri olmuşdur. Onlar Əzizbalanı da ailəsini götürüb İrana köçməsini istəyir , əgər istəyərsə sonra hər hansı başqa bir ölkəyə getmələrinə də kömək edəcəklərini vəd edirdilər. Fotoqrafın qızı xatırlayır : “ Atam İrana köçmək üçün hazırlaşırdı. Sənədləşmə işləri ilə əlaqədar İran konsulluğuna gedib- gəlirdi. Köç üçün iki iri sandıq da almışdı ( Qeyd edək ki, bu sandıqlardan biri indi də Ə. Hacıyevin ata mülkündə saxlanılır). Hacınskinin oğlanları da arada bizə gəlib-gedirdilər. Onlar hər dəfə gələndə biz uşaqlara çoxlu hədiyyələr gətirirdilər. Bu hədiyyələr içində mənim ən çox xoşuma gələn rəngli karandaşlar olurdu. Ən çox da qutunu açıb onun içindən sarı rəngli karandaşı əlimə götürəndə həddən çox sevinirdim, mənə elə gəlirdi ki, günəş çıxıb hər tərəfə yayılıb. “ Lakin anası Səkinə xanımın sözündən çıxmayan Əzizbala ailəsi ilə birlikdə Bakıda qalmalı olur. Adi həyat qayğılarından biri olan köç söhbəti də , İranla bağlı olduğu üçün 30-cu illərdə Ə.Hacıyevə “ İran casusu “ damğası vurmaq üçün bir vasitə olacaq. Həmin dövrdə foto sahəsində ən dəbdə olan bir mövzu portret mövzusu idi. Buna görə də fotostudiyanın divarları boyunca bir çox müxtəlif yaş və təbəqələrdən olan adamların portretləri asılardı. Ə.Hacıyevin sənəti ilə bağlı olaraq çoxlu dost və tanışı var idi. Onun ən yaxın dostlarından biri Hüseyn Cavid idi. H.Cavid yenicə çapdan çıxmış əsərlərinin tam külliyyatının bir nüsxəsini ona hədiyyə etmişdi. Çox güman ki, bu hədiyyə də fotoqrafa çox baha başa gəldi. Stalinin şəxsiyyətinə pərəstiş dövrünün ab- havası bu ailədən də yan keçmədi. 1937 –ci il repressiya qurbanlarının siyahısına daha bir ad əlavə olundu. Tarix boyu onun-bunun əlində oyuncağa çevrilən , vaxtı ilə çar Rusiyasına , sonralar isə sovet Rusiyasına canla – başla qulluq edən ermənilər , ancaq onlara xas olan “ məharət “lə yaxşı nəyimiz , kimimiz varsa məhv etməyə hər an hazır olduqlarını çoxdan isbatlamışlar. Azərbaycanlı fotoqraf , işinə - sənətinə vurğun və ən əsas da paytaxtda ilk dəfə fotostudiyalardan birinin yaradıcısı kimi bu dəfə Əzizbala müəllim erməni fitnəsinin qurbanı oldu. Onu həbsə atdıran da bir erməni fotoqrafı oldu. Həmin bu erməninin fotostudiyası Ə. Hacıyevin iş yerinin yaxınlığında yerləşirdi. İllər keçsə də B. Hacızadə həmin müdhiş gecəni indi də xatırlayır. Gecə saat 3-də evlərindəki axtarışdan sonra atasının NKVD-nin həbsxanasına salınması bu ailənin sonrakı faciələrinin başlanğıcı oldu. Axtarış zamanı heç bir şey tapılmasa da , azərbaycanlı fotoqrafı məhkum etməkdən ötrü onun “ canfəşanları” öz qüvvələrini əsirgəmədilər. H.Cavidin hədiyyə etdiyi kitabları isə axtarışa qədər Səkinə xanım həyətdəki təndirə atıb yandırmışdı. Bəyimxanım həmin kitablar üçün indi də hayıfsılanır , “ biz onları oxuyurduq ,çox yaxşı kitablar idi “ – deyir. Azərbaycanlı fotoqrafa , Sibirə sürgün edilməklə , 5 il həbs cəzası kəsildi. O , İranla əlaqəsinə , qaçaqmalçılığa, H. Cavidlə dostluq etdiyinə görə ittiham olundu. Üstəlik onun bütün əmlakı müsadirə olundu ,studiyası isə dağıdıldı. Sonralar Hüseyn Cavidlə bağlı Əzizbala Hacıyevin dediklərindən : “ Həbsxanada mən H.Cavidlə bir kamerada idim. O, məndən qələm istədi. Xoşbəxtlikdən üstümdə qələm var idi , ancaq qələm olsa da , kağız yox idi. Onda H.Cavid şeiri balışın üstündə yazmağa başladı.” Sibirə sürgünə göndərilməsini isə fotoqraf belə xatırlayırdı : “ Məni ağır cinayətlər törətmiş məhbuslar ( avtoritetlər ) olan bir yük vaqonuna mindirdilər. Vaqonda çox soyuq idi , hər yerdən külək vururdu. Onlar vaqonda olan digər məhbusların pal – paltarlarını əllərindən alıb geyinirdilər, hərdən isə bu məhbuslardan bəzilərini öldürüb ,vaqon gedə-gedə döşəməsinin taxtalarını aralayıb meyitləri oradan atırdılar. Mənə isə nədənsə toxunmurdular. Nəhayət , bir müddətdən sonra onlardan biri mənə yaxınlaşdı və soruşdu : “ Siz məni xatırlayırsınızmı ? Mən sizi tanıyıram, , siz fotoqrafsınız. Bayılda studiyada şəkil çəkdirmişəm. Şəklimi çox gözəl çəkmişdiniz. Məhz həmin adamın sayəsində mən sağ qala bildim “. Arxangelskdə sürgündə olarkən Əzizbala müəllimin ,necə deyərlər , “bəxti gətirdi “. Zona naçalnikinə fotoqraf lazım idi. Azərbaycanlı fotoqraf sənədlər üçün məhbusların şəkillərini çəkirdi. Əslində , sevdiyi peşəsi onu ölümdən belə qurtardı. Sürgün illərində məhbusun adına verilmiş sənədlərdən aydınlaşdırdıq ki, o , Arxangelsk vilayətində Oneqlaq adlı yerdə cəza çəkmişdir. Çox güman ki, həmin yer qəsəbə olmuşdur. Vətənə döndükdən sonra o dövrün qayda-qanununa görə ona 6 il Bakıda yaşamaq qadağan edildi. Əvvəlcə Gədəbəydə geoloji-kəşfiyyat işi ilə məşğul olan tanışı Səttar Süleymanovun yanında işləyir. S. Süleymanov Zaqatalaya göndəriləndə Ə.Hacıyev də onunla birlikdə burada işləməyə gedir. Repressiya qurbanı olmuş digər məhbuslar kimi Əzizbala müəllim də sürgündən tamam başqa bir adam kimi qayıdır. Əzab-əziyyətlər çəkmiş, həyatdan küsmüş Ə. Hacıyev bir daha öz sevimli sənətinə qayıda bilmir. Bakıya döndükdən sonra bir müddət mənzil-istismar idarələrindən birində müdir vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının 1920-1937- ci illərdə fəaliyyət göstərmiş ilk fotoqrafı Əzizbala Hacıyev 1973-cü ildə vəfat etmişdir. Kino-Foto İşçiləri İttifaqının 057076 nömrəli üzvlük biletinin sahibini Sovet hökuməti və erməni çuğulluğu belə məhv etdi. Söhbət zamanı Ə.Hacıyevin qızı və nəvəsi Fövziyyə xanım Əfəndiyeva fotoqrafın fəaliyyəti ilə bağlı olan bir çox sənədləri də bizə təqdim etdi. Əmək fəaliyyəti və sürgün dövrü ilə bağlı olan bu sənədlər azərbaycanlı fotoqrafın həyatını dərindən öyrənmək və tədqiq etmək üçün qiymətli bir arxivdir. Əzizbala müəllimin vaxtı ilə Almaniyadan sifariş edib gətizdirdiyi XIX əsrin sonu- XX əsrin əvvəllərində istehsal olunmuş fotoaparat bizdə çox böyük maraq oyatdı. Bəyimxanım bildirdi ki, buna oxşar digər bir fotoaparatı Tarix Muzeyinə bağışlamışdır. Fövziyyə xanımın məsləhəti ilə Ə.Hacıyevin ata mülkündə də olduq. XX əsrin başlanğıcında tikilmiş bu qədim binanın birinci mərtəbəsində vaxtı ilə Bayıldakı studiyada foto işində istifadə olunan avadanlıq və cihazlar illərlədir ki, bu evdə qorunub saxlanılır. F. Əfəndiyeva bu ata-baba yadigarı ilə çox fəxr edir və məhz burada Azərbaycan fotoqrafiyası ilə bağlı kiçik bir ev-muzeyin yaradılmasını arzu edir. Bildirmək istəyərdik ki, bu mənzilin memarlıq üslubu da,divar rəsmləri də və bir sıra digər əşyaları da köhnə Bakımızdan qiymətli bir yadigar kimi təkcə foto deyil,həm də etnoqrafiya muzeyi yaratmaq üçün əl verə bilər. Ə.Hacıyevin ata mülkü Bakının arxitekturasından bəhs edən və 2011-ci ildə çap edilmiş “Köhnə Bakının qapıları “ adlı kitaba da salınmışdır. Dünyada ilk dəfə neftin çıxarıldığı Bakının tarixinin təbliği sahəsində bina və buradakı əşyalar unikal eksponat sayıla bilər.Bu gün Bakıda beynəlxalq miqyasda ən müxtəlif tədbirlərin,görüşlərin keçirildiyini, sonsuz turist axınını nəzərə alsaq yaradılacaq belə bir muzey bizim üçün ancaq fəxr,başıucalıq sayıla bilər. Aidiyyatı qurumlar XIX və XX əsr Bakısının cizgilərini özünəməxsus tərzdə cəmləşdirən bina barədə düzgün qərar çıxarıb,onu ev-muzeyə çevirsələr mərhum fotoqrafın ruhu da yəqin ki, şad olar. Bu, həm də Bəyimxanım Hacızadənin də arzusudur. O, 1949-cu ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra 1951- ci ildə Moskvada V.İ. Surikov adına Rəssamlıq İnstitutuna daxil olur. Lakin Sovet hökuməti ali məktəbi bağlayır və tələbələr təhsillərini davam etdirmək üçün Leninqrada (indiki Sankt-Peterburq ) göndərilirlər.Bəyimxanım Leninqradda rəssamlığı bitirib Bakıya qayıdır. Bu ailənin taleyi dövrünün tanınmış , nüfuzlu adamları ilə bağlı olmuşdur.Azərbaycanın ictimai –siyasi və mədəni həyatında mühüm rol oynamış şəxsiyyətlərlə tanışlığı, münasibəti azərbaycanlı fotoqrafın fəaliyyətinə, dünyagörüşünə təsir etməmiş deyildi. Əsrin əvvəllərində Bakı milyonçularından Rəsulovlar, Hacı Zeynalabdin Tağıyevlə qohumluq əlaqələri, Hüseyn Cavid ,Əhməd Cavad , sovet dövründə isə ictimai xadim Sultan Məcid Əfəndiyev (Bəyimxanım bu ailəyə gəlin köçmüşdür ), görkəmli dövlət xadimi N.Nərimanov , mədəniyyət xadimlərimizdən Yavər xanım Kələntərli , İlyas Əfəndiyev və digər ziyalılarımız ilə əlaqələri həmin ailənin yüksək keyfiyyətlərindən xəbər verir. Əməkdar rəssam ata və anasınıın tez-tez teatra, konsertlərə getdiyini indi də çox yaxşı xatırlayır.Əzizbala müəllimin nəvələri Fövziyyə və Adilə xanım rəssamdırlar. Onlar da babaları kimi öz sənətlərinin vurğunudur. Azərbaycanlı fotoqrafın həyat yolundan bəhs edən sənədləri və müsahibənin video variantını sizə təqdim edirik.
Məqaləni oxuyan hörmətli oxucularımızdan XX əsrdə yaşamış hər hansı bir azərbaycanlı fotoqraf haqqında bildiyiniz məlumatları aşağıda göstərilən elektron poçta göndərməyinizi xahiş edirik :


azpressmedia@gmail.com

Sevinc Rzaqızı