Beynəlxalq Muğam Mərkəzində Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi FOTO

İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri nümayiş etdirildi.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimi açan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən danışdı.
Bildirdi ki, Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. O, həm də gözəl rəssamdır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika onun öz xarakterindən irəli gəlir.
Qeyd olundu ki, görkəmli memarın böyük tələbə ordusu var. Rasim Əliyev bu gün də Memarlar İttifaqının fəal üzvüdür, tədbirlərində yaxından iştirak edir. O, nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınır. E. Qasımzadə memarlığı əbədi səslənən musiqi, Rasim Əliyevi isə bu musiqini səsləndirən bənzərsiz sənətkar adlandırdı.
Tədbirdə görkəmli sənətkar haqqında çəkilmiş "Memar" filmindən fraqmentlər göstərildi. Filmdə memar öz ailəsi, sənətə gəlişi haqqında danışır. "İnsan hansı peşənin sahibi olursa olsun, öz peşəsini təmənnasız sevməlidir" deyən Rasim Əliyev bildirir ki, memarlıq onun peşəsi deyil, həyatıdır və o, memarlığı təbiətlə insanın vəhdəti kimi görür. Filmdə memar həmçinin ulu öndər Heydər Əliyevin ona peşəsi ilə bağlı verdiyi tövsiyələri xatırlayır, bu məsləhətlərin onun həyatında mühüm əhəmiyyətini qeyd edir.
Filmin nümayişindən sonra yubilyara Memarlar İttifaqının diplomu təqdim edildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin 2014-cü il 16 iyul tarixli Sərəncamı ilə Rasim Əliyevin "İstiqlal" ordeni ilə təltif edildiyini vurğulayaraq mədəni ictimaiyyətimiz adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.
Qeyd olundu ki, Rasim Əliyev haqqında danışarkən onun istedadlı memar, fırça ustası olması ilə yanaşı, böyük yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini də vurğulamaq lazımdır. Bakının, eləcə də ölkəmizin bölgələrində yerləşən tarixi abidələrimizin bugünkü görkəmində məhz Rasim Əliyevin dəst-xətti görünür.
Görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirib.
R.Əliyevin gördüyü işlər həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Yubilyarın uzun illər həmkarı olan heykəltəraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Rasim Əliyevin memarlığa, rəssamlığa vurğun insan olduğunu söylədi, təbiətə sevgisini isə onun həyatının ikinci məhəbbəti kimi səciyyələndirdi.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bildirdi ki, Rasim Əliyev öz peşəsində xüsusi yeri olan memardır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova yubilyarın gənc nəslin yetişməsindəki rolunu vurğuladı.
Mərasimdə Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının prezidenti Aleksandr Kudryavtsevin adından memara xüsusi mükafat təqdim edildi, Rusiya Memarlar İttifaqının prezidenti Andrey Bokovun və başqalarının təbrik məktubları oxundu.
Əməkdar Memar Rasim Əliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. O, öz həyatında, yaradıcılığında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etdi. Memar, Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya memarlıq sahəsinə göstərdikləri böyük diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.
Tədbirə toplaşanlar Rasim Əliyevi təbrik etdilər, ona can sağlığı, fəaliyyətində yeni yaradıcılıq uğurları arzuladılar.