İş adamı Hacı Quliyev: - “Azərbaycan ailəsində xəyanət qəbulolunmazdır”

İş adamı Hacı Quliyev: “Azərbaycan ailəsində xəyanət qəbulolunmazdır”

 “Xəyanətlə bağlı fikirlərim çox qətidir və konkretdir. Azərbaycan ailəsini və Azərbaycan mentalitetini qoruyub saxlamalıyıq. Hamımız milli dəyərlərə hörmətlə yanaşmalıyıq”.
Bunu azərbaycanlı iş adamı, “Excellent” şirkətinin rəhbəri Hacı Quliyev bəzi ailələrdə baş verən xəyanətlərin bağışlanmasına fikir bildirərkən deyib.
ANS TV-də aparıcı Elgiz Əkbərin təqdimatında yayımlanan “Adam içində” verilişində həyat yoldaşının dostu ilə gizlincə qarşılıqlı 60 mesaj göndərilməsini sonradan bilərək, amma həmin şəxsin iki azyaşlı övladlarına görə həyat yoldaşının bu cür əməlinə göz yumması və barışmağa razı olması ekspertlərin qınağına səbəb olub.
Verilişdə ekspert qismində çıxış edən H.Quliyev də xəyanətin bağışlanmasını birmənalı qarşılamayıb. O, verilişdən sonra mətbuata açıqlama verərkən qeyd edib ki, bu cür məsələlər normal hal olsa da, amma bir Azərbaycan ailəsində xəyanət qəbulolunmazdır:
“Həyat yoldaşını bağışlayan şəxs qınağıma tuş gəldi və tənqidi fikirlərimlə qarşılandı”.
Bu gün Azərbaycan gənclərinin ictimai qınağdan kənarda qaldığını söyləyən H.Quliuyev, onu da əlavə edib ki, bu tip verilişlərdə bu cür problemli məsələlərin qabarıq şəkildə ortaya qoyulması və müzakirə olunması müsbət haldır:
“Amma çox istəyərdim ki, ekspertlər düzgün fikirlər səsləndirsin və düzgün rəy versinlər. Çünki hörmətli ekspertlərimizə yüzlərlə insanlar baxır və onların söylədikləri fikirlərdən nəticə çıxarmağa çalışırlar. İctimai qınaqdan kənarlaşmışıq deyə, oğlanlarımız, qızlarımız ailə qarşısında məsuliyyət daşımırlar. Çünki getdikcə təfəkkürümüz avropalaşır. Düşünürəm ki, biz buna bir azərbaycanlı ekspertlər kimi yol verməməliyik. Çünki bizim düşüncəmiz, fikilərimiz avropalaşmamalıdır. Bizim öz mental dəyərlərimiz var və hər zaman da bu mental dəyərlərə hörmətlə yanaşmalıyıq.”