ADU-da universitetin professoru Məhəmməd Teymurlunun 75 illik yubileyi qeyd olundu - FOTO

ADU-da universitetin professoru Məhəmməd Teymurlunun 75 illik yubileyi qeyd olundu FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlunun 75 illik yubileyi qeyd olundu.
Yubiley mərasimində ilk öncə professor Məhəmməd Teymurlunun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov hər bir ali təhsil müəssisəsinin peşəkar insanları ilə tanındığını dedi, Məhəmməd Teymurlunun Azərbaycanı ən yüksək səviyyədə dünyaya tanıdan şəxsiyyət olduğunu bildirdi. Məhəmməd Teymurlunun fəlsəfə ilə məşğul olan şəxs kimi dərin düşüncəyə sahib olduğunu və çətinliklərə cəsarətlə sinə gərdiyini qeyd etdi. M. Teymurlunun vətəndaş kimi Azərbaycan, millət və xalq üçün özünü qurban verməyə hazır olduğunu deyən rektor Səməd Seyidov səbəbkarın alim, müəllim kimi də böyük xidmətlərinin olduğunu vurğuladı. Səməd Seyidov yubilyara növbəti uzun illərdə əlində Azərbaycan bayrağı, düzgün fikirlərlə xalqın mənafeyi uğrunda çıxışlar etməsini arzuladı və universitet adından M. Teymurluya hədiyyə təqdim etdi.
Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, şair, oftalmoloq Paşa Qəlbinur, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov səbəbkar haqqında xoş sözlərini söyləyərək M. Teymurlu ilə bağlı xoş xatirələrini danışdılar.
Məhəmməd Teymurlunu təbrik edərək arzularını bildirən Milli Dədə Qorqud fondunun Prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov səbəbkarı Milli Dədə Qorqud fondunun təsis etdiyi “Qızıl ürək” ordeni, “İctimai fikir” jurnalının baş redaktoru Nəzakət Ələkbərzadə və “Aytən” Uşaqların və gənclərin Mədəni-maarif Siyasi-ictimai Birliyinin sədri Aygün Zamanlı isə təmsil etdikləri müəssisənin diplomları ilə təltif etdilər.
ADU-nun “Dalğa” rəqs ansamblının ifasında “Şalı-şalı” və “Leyla” rəqslərini nümayiş etdirdi.
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Çoşqun Dadaşov skripkada və Ülkər Qurbanova pianinoda “Sən ey uşaqlıq...” musiqisini ifa etdilər. Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Ülkər Qurbanova “Əyri-köndələn Bakı” musiqisini pianinoda ifa etdi, Fatimə Şirəliyeva “Şən Azərbaycan” mahnısını oxudu. Sosial elmlər kafedrasının müəllimi Şəfəq Abdullayeva, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Nərgiz Məmmədova və Röya Məmmədova Məhəmməd Teymurluya həsr olunan şeirləri söylədilər. Röya Məmmədova, həmçinin yubilyarın öz qələmindən çıxmış qızına həsr etdiyi “Körpəm” şeiri ilə çıxış etdi.
Məhəmməd Teymurlunun insanlarla ünsiyyəti zamanı söhbətə şirinlik və maraq qatmaq üçün etdiyi yumorlar haqqında danışıldıqdan sonra Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Nicat Bayramov səbəbkarın yumorlarından nümunələr göstərdi.
Daha sonra Məhəmməd Teymurlunun ünvanına xoş sözlər, təbriklər söylənildi.
Sonda bu gün 75 yaşını qeyd edən professor Məhəmməd Teymurlu bu günü xoş bir yuxuya bənzətdi. O, başda ADU-nun rektoru, professor Səməd Seyidov olmaqla, tədbirin təşkilində əməyi keçmiş hər kəsə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, Həsən bəy Zərdabi nəslindən olan Məhəmməd Əbdüləziz oğlu Teymurlu 1939-cü ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Orta məktəbi və Göyçay Pedaqoji texnikumunu bitirib kənddə sinif müəllimi işləmişdir.
1965-ci ildə indiki Slavyan Universitetinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək müəllim kimi əmək fəaliyyətinə başlamışdır. O, müəllimlik etməklə yanaşı, həm də çoxtirajlı “Bilik” qəzetində ədəbi işçi, redaktor müavini, ictimai elmlər kabinetinin müdiri vəzifələrində də çalışmışdır.
1977-1978-ci illərdə M. Teymurlu Şevçenko adına Kiev Dövlət Universitetinin ictimai elmlər üzrə ixtisasartırma kursunu bitirmişdir. O, 1985-ci ildə indiki BDU-nun məqsədli aspiranturasına qəbul olmuşdur. 1987-ci ildə mənəvi tərbiyənin aktual problemlərinə həsr olunmuş dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə elmləri üzrə alimlik dərəcəsi almışdır.
M. Teymurlu 1989-cu ildə indiki ADU-nun fəlsəfə kafedrasının baş müəllim və dosent vəzifələrinə seçilmişdir. 1993-2005-ci illərdə həmin ali məktəbin fəlsəfə, politologiya və iqtisadi nəzəriyyə kafedralarının müdiri işləmişdir. 50-dən çoxelmi-siyasi, metodik və dərs vəsaitinin, 150-dən çox publisistik məqalənin müəllifidir.
Son illərdə əsasən “Qədim Şərq fəlsəfəsi”, “Fəlsəfə”, “Politologiya”, “Sosiologiya”, “Politologiya” ali məktəblər üçün dərslikləri çap olunmuşdur. M. Teymurlu keçmiş SSRİ Fəlsəfə Cəmiyyətinin üzvü kimi dəfələrlə beynəlxalq elmi simpoziumlarda, konfranslarda fəal iştirakına görə mükafatlandırılmış və fəxri fərmanlara layiq görülmüşdür. O, Müdafiə Nazirliyi və Ali Hərbi Komandanlıq Məktəbi tərəfindən 4 dəfə fəxri fərman və diplomlarla təltif edilmişdir. O, səmərəli fəaliyyətinə görə Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəylik Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri kimi dəfələrlə fəxri mükafatlar alıb.
M. Teymurlu Əməkdar incəsənət xadimi, “Qızıl qələm” ali media mükafatı laureatı, tanınmış hərbçi-şair, polkovnik Abdulla Qurbaninin əsgər həyatına, vətən oğullarının qəhrəmanlıqlarına, görkəmli sərkərdələrimizin, generallarımızın ibrətamiz ömür yollarına həsr edilmiş 15-dən artıq sanballı təbii, tarixi, sənədli əsərlərdən ibarət kitabların redaktoru olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ABŞ-da çıxan beynəlxalq “Babilyon-Azərbaycan” jurnalının müxbiridir. İctimai-siyasi satirik “Güzgü” qəzetinin redaksiya heyətinin və Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvüdür.