Yardımlı rayonu tarixi-arxeoloji abidələrlə zəngindir -

Yardımlı rayonu tarixi-arxeoloji abidələrlə zəngindir

Azərbaycanın cənubunda, Talış dağları arasındakı çay vadisi boyunca yerləşən Yardımlı rayonunun əsrarəngiz relyefi var. Bu yerlərin təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi-arxeoloji abidələri rayona xüsusi gözəllik bəxş edir. Tarixin müxtəlif dövrlərinə aid yüzlərlə arxeoloji abidə sanki bir-birini tamamlayır. Bunların içərisində son tunc-ilk dəmir dövrü arxeoloji abidələri xüsusi əhəmiyyətə malikdir.
Cənubi Qafqazda son tunc-ilk dəmir dövründə cəmiyyətin inkişaf səviyyəsini əks etdirən əsas arxeoloji mədəniyyətlərdən biri də məhz Talış-Muğan mədəniyyəti olmuşdur. Onun yayılma arealı çox geniş olub, Muğan düzü, Lənkəran düzənliyi və Talış dağlarını əhatə edir. Bu qədim mədəniyyətin öyrənilməsinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, Talış-Muğan mədəniyyətinə aid edilən abidələr miladdan əvvəl II-I minilliklərdə təsərrüfatın başlıca sahələrinin inkişaf istiqamətlərini və bu prosesin necə getdiyini əyani olaraq özündə nümayiş etdirir. Belə ki, əgər miladdan əvvəl III minillikdə təsərrüfatda əsasən əkinçilik üstünlüyə malik idisə, artıq miladdan əvvəl II minillikdə yarımköçəri və köçəri maldarlıq təsərrüfatı başlıca sahəyə çevrilmişdir. Məhz bu baxımdan son illərdə bəzi elmi problemlərin daha da dərindən araşdırılması üçün tədqiqatlara başlanılmış və Yardımlı rayonu ərazisindəki son tunc - erkən dəmir dövrü qəbir abidələrinin öyrənilməsi qarşıya məqsəd qoyulmuşdur.
2014-cü il çöl tədqiqatları mövsümündə rayon ərazisində kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar Sarıbulaq yaylaqlarındakı daş qutu qəbirləri nekropolunda aparılmışdır. Rayonun ucqar dağ kəndi olan Alar kəndindən şimal-qərbdə geniş bir düzən sahədə yerləşən Sarıbulaq yaylaqlarında tarixin min illərlə torpaq altında gizli qalan yadigarları vardır. Son arxeoloji tədqiqatlar zamanı bu abidələrdən dəmir dövründən antik dövrə keçid mərhələsinə aid vaza, boşqab, kasa tipli saxsı qablar, əqiq, pasta, tunc və gildən hazırlanmış muncuqlar, daşdan və tuncdan bəzək əşyaları əldə edilib.
Daş qutu qəbirlərdə dəfn etmə adəti ilk dəfə erkən tunc dövründən meydana gəlir. Sonrakı orta və son tunc dövrlərində, daha sonra dəmir və antik dövrdə onlar bütün Qafqazda aparıcı dəfn tiplərindən birinə çevrilir. Bu qəbir tipi xüsusən Talış-Muğanda, Azərbaycanın son tunc-ilk dəmir dövrünün Xocalı-Gədəbəy arxeoloji mədəniyyətində, elə həmin dövrün Dağıstandakı Qayakənd-Xoroçoyevsk mədəniyyətində, Şimali Qafqazın Koban mədəniyyətində qəbirlərin əsas tipi hesab edilir.
Tədqiq olunan daş qutu qəbirlərin bölgədə yaxın analogiyaları da çoxdur. Fərman Mahmudovun fikrincə, əldə olunan materiallar əsasında Talış-Muğan mədəniyyəti əhalisinin təkcə qonşu deyil, həm də daha uzaqda yerləşən əyalətlərlə mədəni-iqtisadi əlaqələri aydın izlənilir. Ümumiyyətlə, cənub regionunu öz coğrafi mövqeyinə görə, Ön Asiya və Qafqazın mədəni ötürücüsü hesab etmək olar.
Eyni zamanda bölgənin daş qutu qəbirlərinin yaxın analogiyasını İran ərazisində də axtarmaq lazımdır. Çünki XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan Azərbaycan ilə yanaşı İran ərazisində (1888-1901-ci illər) də qazıntılar apararaq burada çoxlu sayda daş qutu qəbirləri qeydə almış və müqayisəli şəkildə onları miladdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərinə aid etmişdir.
Talış-Muğan mədəniyyətinə məxsus daş qutu qəbirlərin əksəriyyətində skeleti olmayan qəbirlərə rast gəlinir. Jak de Morqan Lerik rayonu ərazisindəki Keraveladi nekropolunda qazıntısını apardığı qəbirlərin heç birində skeletə rast gəlinmədiyini yazır və onları qarət edilmiş qəbirlər adlandırır. Skeletsiz qəbirlərin meydana çıxma səbəbləri barədə elmi ədəbiyyatda müxtəlif fikirlər irəli sürülmüş, onların uzaqda həlak olmuş tayfa üzvlərinə və ya naməlum şəraitdə ölmüş və meyiti tapılmamış şəxslərə aid olması və s. kimi mülahizələr özünə yer tapmışdır. Tədqiqatçı Nəcəf Müseyiblinin fikrincə, meyitlərin qəbirlərə qoyulmaması məqsədyönlü şəkildə icra edilmiş bir dəfn adəti olmuşdur və belə dəfn abidələri dəfn adətinin məzmunu baxımından xatirat qəbirləri hesab edilməlidir.
Rayonun son tunc-ilk dəmir dövrü kurqanları da kifayət qədər geniş bir ərazidə yayılmışdır. Alar kəndi yaxınlığındakı Sarıbulaq və Dərəkeçməz yaylaqlarında, Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında onlarla belə abidə mövcuddur. Arxeoloji kəşfiyyat işləri zamanı təkcə Sarıbulaq yaylağında 30-dan çox kurqanlar qeydə alınmışdır. Amma əfsuslar olsun ki, qeyd olunan ərazilərdə bu tipli qəbir abidlərinin bir qismi XX əsrin 90-cı illərində “qızıl axtaranlar” tərəfindən ciddi dağıntılara məruz qalsa da, müxtəlif ölçülü bu kurqanların demək olar ki, əksəriyyəti salamat qalmışdır. Kurqanlar dəniz səviyyəsindən 2000 metrdən artıq yüksəklikdə yerləşir. Bölgənin son tunc-ilk dəmir dövrü kurqanları tam tədqiq olunmadığı üçün onların bəziləri haqqında elmi ədəbiyyatlarda səthi məlumatlar verilmişdir.
Ümumiyyətlə, Talış dağlarından əldə edilmiş arxeoloji maddi mədəniyyət nümunələri özlərinə ən dəqiq paralelləri Talışın düzən hissəsi və Muğan ərazisindəki Uzuntəpə kompleksində tapır. Tədqiqatçı İshaq Cəfərzadə Uzuntəpə abidəsindən əldə edilən materiallarda Xocalı-Gədəbəy, Qızılburun və Yaloylutəpə arxeoloji mədəniyyətlərinin təsirinin açıq-aydın olduğunu göstərir və bu arxeoloji materialların Muğan mədəniyyətinə aid olmasını söyləməklə bərabər, onun izlərinin Cənubi Qafqazın bir çox yerlərində, Talışda və İranın qərb rayonlarında tapıldığını qeyd edir. Aparılmış təhlillərdən belə bir nəticəyə gəlinmişdir ki, bu regionda mövcud olan çoxsaylı abidələr yerli ənənənin dayanıqlığından və qədim Azərbaycan xalqının bir çox nəsilləri tərəfindən yaradılan maddi və mənəvi mədəniyyətin irsiliyindən xəbər verir.
Min illərlə torpaq altında qalan bu yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Gələcəkdə cənub regionlarının tunc-erkən dəmir dövrü abidələrinin geniş tədqiqi bölgədə miladdan əvvəl III-I minilliklərdə məskunlaşmış qədim tayfaların maddi mədəniyyəti, həyat tərzi haqqında kifayət qədər zəngin məlumat verəcəkdir.


Anar AĞALARZADƏ,
tarix üzrə fəlsəfə doktoru 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !