CNN-in aparıcı müxbiri Cim Klansi və dünya şöhrətli fotojurnalist Rza Diqqəti Qarabağa səfər etmişlər -

CNN-in aparıcı müxbiri Cim Klansi və dünya şöhrətli fotojurnalist Rza Diqqəti Qarabağa səfər etmişlər

CNN-in aparıcı müxbiri Cim Klansi və dünya şöhrətli fotojurnalist Rza Diqqəti Qarabağa səfər etmişlər
Telejurnalist bu bölgədən CNN üçün xüsusi veriliş hazırlayacaqdır

ABŞ-ın məşhur CNN televiziya kanalının aparıcı müxbiri Cim Klansi və "National Geography"in əməkdaşı, dünya şöhrətli fotojurnalist Rza Diqqəti Azərbaycanın Qarabağ bölgəsinə səfər etmişlər. Onlar Bərdə, Tərtər, Ağdam, Füzuli rayonlarında olmuş, orada məskunlaşan məcburi köçkünlər və qaçqınlarla görüşmüşlər.

Bu barədə AzərTAc-a qonaqların bölgəyə səfərinin təşkilatçısı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat vermişdir. U.Rəhimoğlu demişdir ki, xarici jurnalistlər əvvəlcə Bərdə şəhərində olmuşlar. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qonaqlara bu qədim Azərbaycan şəhəri barədə ətraflı məlumat vermişdir. Bərdənin gecə mənzərəsini izləyən qonaqlar qədim şəhərin gözəlliyinə heyran qalmışlar.
U.Rəhimoğlu C.Klansinin və R.Diqqətinin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşdüyünü də demişdir. Görüşdə C.Cəfərov cəbhə bölgəsində yerləşən Tərtərin ümumi vəziyyəti barədə məlumat vermişdir. O, erməni işğalı nəticəsində əhalinin zərər çəkməsindən və atəşkəs rejiminin tez-tez pozulmasından danışmışdır. C.Cəfərov bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Tərtər rayonunda abadlıq və quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirmişdir.
U.Rəhimoğlu qonaqların Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşdüklərini də bildirərək demişdir: "Biz Həsənqaya kəndində məskunlaşan kəlbəcərli məcburi köçkünlərlə xarici jurnalistlərin görüşünü təşkil etdik. Ermənilər tərəfindən yandırılıb dağıdılan kəndin mənzərəsi qonaqları dəhşətə gətirdi. Onlar məcburi köçkünləri dinləyərək sözlərini lentə aldılar. Ermənistanın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin ağır həyat şəraiti hər iki jurnalisti təsirləndirdi".
BAMF-ın regionda gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı jurnalistlərə ətraflı məlumat verilmişdir. Onlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi layihə nəticəsində tikilib istifadəyə verilmiş və 2010-cu ildən fəaliyyət göstərən Tərtər Regional Peşə və Təlim Mərkəzində olmuşlar. İndiyədək burada mina qurbanlarına və müharibədən zərər çəkən insanlara keçirilən təlimlər və öyrədilən peşələr barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar Ağdam rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlərlə də görüşmüşlər. Nümayəndə heyətini Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfi Qasımov qarşılamışdır. Jurnalistlər ağdamlı uşaqların ifasında muğam parçasını dinləmişlər.
Sonra nümayəndə heyəti Füzuli rayonunda olmuşdur. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev jurnalistlərə rayonda görülən işlər barədə məlumat vermişdir. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Horadiz qəsəbəsində məcburi köçkün gənclərin toy mərasimində iştirak etmişlər. C.Klansi və R.Diqqəti milli adət-ənənəmizə uyğun keçirilən toy mərasimini lentə almışlar. Nümayəndə heyəti qaçqın və məcburi köçkünlərin məskunlaşdığı "Zobucuq 1" qəsəbəsinə də baş çəkmişlər.
Füzulinin qədim tarixi abidəsi olan Şeyx Babı türbəsini ziyarət edən jurnalistlər sonra rayonun erməni işğalı nəticəsində xarabazara çevrilmiş Alıxanlı kəndində olmuşlar.
BAMF sədrinin verdiyi məlumata görə, olduqları rayonlarda aparılan abadlıq-quruculuq işləri hər iki jurnalistdə xoş təəssürat yaratmışdır. Səfərin nəticəsindən məmnun qalan C.Klansi çəkdiyi çox nadir kadrlardan Qarabağ səfəri ilə bağlı ayrıca veriliş hazırlayacağını vəd etmişdir.
U.Rəhimoğlu sonda səfərin Azərbaycan üçün əhəmiyyətini, zəruriliyini nəzərə alıb onlara yardımçı olan, bu işdə yaxından dəstək verən Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənova təşəkkürünü bildirmişdir.