Yeşim Ağaoğlunun fərdi sərgisiçılmışdır -

Yeşim Ağaoğlunun fərdi sərgisiçılmışdır

AzPRESS xəbər verir ki, Aprelin 5-də Müasir İncəsənət Mərkəzində əslən Azərbaycandan olan türkiyəli xanım rəssam Yeşim Ağaoğlunun fərdi sərgisi açılmışdır.
Sərgidə rəssam müxtəlif üsullardan istifadə etməklə sənətsevərlərə əslində adi olan şeylərin qeyri-adi poetik görüntüsünü təqdim edir.
Sərginin açılış mərasimində çıxış edən Xalq Rəssamı Ağaəli İbrahimov Y.Ağaoğlunun özünəməxsus sənət dünyasından söz açmış və bildirmişdir ki, o, daim Azərbaycan rəssamları ilə birlikdə yerli və beynəlxalq nüfuzlu sərgilərdə iştirak etmişdir.
Vurğulanmışdır ki, rəssamın Bakıda sayca ikinci olan bu sərgisi üç gün davam edəcəkdir. Rəssam əsərlərində ilk baxışda çox sadə görünən əşyaları, məsələn, mikrosxem lövhəsini və ya təbiətdə tapılan obyekti bənzərsiz sehr və gözəllik doğuran qurğuya, təsvirə çevirmişdir.
Bildirilmişdir ki, Yeşim Ağaoğlu urbanizasiyanın nağılabənzər memarlığının və dəbdəbəsinin illüziyasını yaradır və bu təsvirlər bizə texnologiyanın getdikcə daha da dominant olduğu dünyada insanı yenidən kəşf etmək zərurətini xatırladır.
Tədbirdə Ağaəli İbrahimov Yeşim Ağaoğluya Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvlük vəsiqəsini təqdim etmişdir.
Mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən rəssam əsərlərində təqdim etdiyi və tamaşaçıya çatdırmaq istədiyi məqamlara toxunmuşdur. O demişdir ki, bu sənət nümunələri ilə mən insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş texnikanın bir növ bizi əvəz etdiyini göstərməyə çalışmışam. Bundan əlavə, bu əsərlərdə dünyamızı narahat edən problemlər, müharibə və münaqişələr öz əksini tapmışdır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.
Yeşim Ağaoğlu Türk dünyasının böyük oğlu, əslən azərbaycanlı olan Əhməd bəy Ağaoğlunun şəcərəsinin davamçılarındandır.
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !