Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə AHK İmpuls tədbiri keçirilmişdir +FOTO=2

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə AHK İmpuls tədbiri keçirilmişdir +FOTO=2

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin iştirakı ilə AHK İmpuls tədbiri keçirilmişdir

 

01 iyul 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”)
“Ameco” MMC və “Səhhət” klinikasının dəstəyi ilə üzv şirkətləri üçün növbəti AHK İmpuls
tədbirini təşkil etmişdir. Tədbirin fəxri qonağı Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri cənab Himalay Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış etmişdir. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzinin “Quba” zalında keçirilmişdir. “AHK Azərbaycan”ın icraçı direktoru cənab Tobias Baumann tədbiri salamlama nitqi ilə açdıqdan sonra “Ameco” MMC-nin laborator avadanlıq üzrə mütəxəssisi Dr. Səbinə Qafarova təqdimat ilə çıxış etdi. Dr. Qafarova çıxışı zamanı yeni ekspress COVID-19 əks cisim testlərini təqdim etdi və koronavirusun yayılmasına qarşı təsirli bir yol kimi hər kəs üçün testlərin əlçatan olmasının əhəmiyyətini vurğuladı. Sonra tədbirin fəxri qonağı cənab Məmişov Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri və Fond tərəfindən əhalinin sosial sığorta sisteminin gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xüsusilə də əhalinin sosial müdafiəsi və pensiya təminatı sistemlərinin şəffaflığının təmin edilməsi və səmərəliliyinin artırılması istiqamətində Fond tərəfindən görülən işlərdən bəhs etdi. Bununla yanaşı, cənab Məmişov sosial təminat sahəsində son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışdı. Cənab Məmişov “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri xüsusi olaraq vurğuladı. O qeyd etdi ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş  sistemin optimallaşdırılması imkanlarını daha da artırdı. Bundan əlavə, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaratdı. Eyni zamanda, o, COVID-19 pandemiyası zamanı vətəndaşlarla təmasın onlayn müstəvidə həyata keçirilməsindən bəhs etdi. Çıxışından sonra cənab Məmişov “AHK Azərbaycan” üzvlərinin suallarını cavablandırdı və Alman-Azərbaycan Xarici Ticarət Palatasına özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə etdi. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşdı.

 

“AHK Azərbaycan” haqqında:

 

Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) 2012-ci ildən etibarən
Almaniya iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes
araşdırmaları ilə bağlı məlumat və dəstək verir. “AHK Azərbaycan” 1999-cu ildə təsis olunan
Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında yaradılmışdır. 140-dan artıq üzv şirkəti
ilə “AHK Azərbaycan” Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər
Azərbaycanın iqtisadi və siyasi qərarverici dairələrinin fəaliyyətindən geniş inkişaf etmiş AHK
şəbəkəsi vasitəsilə faydalana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə
yanaşı, “AHK Azərbaycan” həmçinin şirkətlərə geniş çeşiddə etibarlı biznes xidmətləri göstərir
və hüquqi xidmətlər təklif edir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]