BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Məzun Günü" keçirilib

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə "Məzun Günü" keçirilib

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “Məzun Günü” qeyd olunub.
 

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə  torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə giriş nitqi ilə çıxış edən Kollecin direktoru Səhər Orucova Kollecdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Məzunların bacarıqlı bir mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına əminliyini bildirib.
 

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev məzunlara BDU-nun rektoru Elçin Babayevin təbriklərini çatdırıb. Çıxışında ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib, məzunlara tövsiyələrini verib. Kollecdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirib. Prorektor əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.
 

Valideynlər adından Kamandar Əsgərli, məzunlar adından Nigar Əliyeva çıxış edərək Kollecin rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildiriblər. Direktor Səhər Orucova Kolleci yüksək balla bitirən tələbələrə qırmızı diplomları təqdim edib.
 

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Kollecin tələbələri musiqi nömrələri ilə çıxış ediblər. BDU-nun Filologiya fakültəsinin məzunu, şair Cəmil Cəmilbəyli Bəxtiyar Vahabzadənin "Mənim dostlarım" şeirini səsləndirib. Azərbaycanın məşhur Tarzəni Qurban Primovun nəticəsi Asim Primov tarda "Tələbə" mahnısını ifa edib. Şuşa rayon Mədəniyyət evinin "Buta" rəqs qrupunun ifasında "Arşın mal alan" rəqsi nümayiş olunub.
 

Kollecin ictimai həyatında fərqlənən tələbələrə "İlin tələbəsi" nominasiyası üzrə fəxri fərmanlar təqdim edilib.
 

Tədbirin sonunda məzun Fəridə Həsənova Kollecin simvolik açarını birinci kurs tələbəsi Həcər Əliyevaya təqdim edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]