İlham Əliyev I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgilərinin açılışında iştirak etmişdir -

İlham Əliyev I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgilərinin açılışında iştirak etmişdir

Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olmuşlar.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, ölkəmizdə ilk dəfə keçirilən idman, idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin təzahürüdür.

Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirmişdir.

Diqqətə çatdırıldı ki, sərgidə idman obyektlərinin təchizatı sahəsində mütərəqqi həll variantları, idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunur. Sərgi ekspozisiyasının böyük hissəsini Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tutur. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın Olimpiya və Paralimpiya komitələri də sərginin fəal iştirakçılarıdır. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış oldular.

Bu il 20 illiyi qeyd edilən Milli Olimpiya Komitəsinin həyata keçirdiyi tədbirlərdən bəhs edən ekspozisiya ilə tanış olan dövlətimizin başçısına daha sonra Azərbaycan Taekvondo və Boks federasiyalarının fəaliyyəti barədə də məlumat verildi.

Azərbaycan Şahmat Federasiyasının ekspozisiyasında Prezident İlham Əliyevi Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov qarşıladı.

Azərbaycan şahmatının uğurlarının geniş əks olunduğu ekspozisiya ilə tanışlıq zamanı bildirildi ki, artıq milli şahmat federasiyasının yeni binasının layihəsi hazırdır.

Bu barədə dövlətimizin başçısına məlumat verən Kirsan İlümjinov daha sonra Prezident İlham Əliyev ilə şahmat oynadı.

Sərgidə federasiyalarla yanaşı, idman geyimləri istehsal edən şirkətlər də təmsil olunur. Ölkəmizin ilk idman brendi olan “Novco sport” hazırda idman geyimlərinin əsas istehsalçısı kimi komanda və klub rəhbərlərinə xarici ölkələrə getmədən öncə seçim və sifarişlərini Azərbaycanda etmək imkanı yaradır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da yarandığı vaxtdan ölkədə idmanın inkişafına dəstək verir. Bu ilin sentyabrında 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi bir daha Azərbaycan futbolunun inkişafına yaradılan əlverişli şəraitdən xəbər verir.

Ekspozisiya ilə tanışlıq zamanı Prezident İlham Əliyevə futbol üzrə Azərbaycan milli yığmasının geyimi təqdim olundu.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası da sərgidə iştirak edir. 2005-ci ildən fəaliyyət göstərən federasiyanın xətti ilə qısa vaxtda ölkəmizdə dağ idman növünün inkişafı genişlənmiş, 48 klub yaradılmışdır. 2013-cü ildə idman dırmanması üzrə dünya kubokunun sürətli mərhələ yarışı Bakıda keçiriləcəkdir.

Son illərin idman uğurları sırasında Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti də diqqəti cəlb edir. Hazırda 4 gimnastika növünü özündə birləşdirən federasiya son on ildə bir çox beynəlxalq yarışlar keçirmiş, Azərbaycan idmançıları yüksək nailiyyətlər qazanmışlar.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, idman, idman ləvazimatı və geyimi sərgisi ilə eyni meydançada gənclər təşkilatlarının IV Respublika sərgisi də keçirilir. Azərbaycanın 76 gənclər təşkilatının iştirak etdiyi sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdiyi layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb edilməsi haqqında məlumat verməkdir.

Müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının əldə etdiyi uğurları yetərincə əks etdirən sərgidə Xaricdə Təhsil Alan və Məzun olan Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu (ASAIF) ilə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə üstünlük verən gənclər təşkilatlarının nailiyyətləri də nümayiş etdirilir.

Sərgidə 2011-ci ildə yaradılan Azərbaycan Gənclər Fondunun fəaliyyəti də diqqəti cəlb edir. Gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyətli layihələrin dəstəklənməsinə xüsusi diqqət yetirən Fond gənclərin inkişafını təmin edən müxtəlif regional və beynəlxalq layihələrin hazırlanıb həyata keçirilməsinə dəstək verir. İndiyədək 240 qeyri-hökumət təşkilatı və 174 yaradıcı və istedadlı gəncin qeydiyyatdan keçdiyi Fond 135 layihəni dəstəkləmişdir.

Bu prosesdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da xüsusi rol oynayır. Bu proqram çərçivəsində həyata keçirilən layihələr bütün ölkəni əhatə edir. Onlardan biri də “Azərbaycan tələbə kartı” layihəsidir.

Layihə ilə bağlı məlumat verildikdən sonra ilk “Azərbaycan tələbə kartı” dövlətimizin başçısına təqdim olundu.

Bildirildi ki, ölkəmizdə indiyədək 17 Gənclər Mərkəzi istifadəyə verilmişdir. 2015-ci ildə onların sayının 38-ə çatdırılması planlaşdırılır.

Digər layihə vətənpərvərlik ruhunda - “Odlar yurdu” və “İşğal altında” milli kompyuter oyunlarının hazırlanması və ictimaiyyətə təqdim olunmasıdır. Bununla yanaşı, gənclər arasında vətənpərvərlik ruhunun yüksək səviyyədə saxlanması üçün müxtəlif telelayihələr də hazırlanıb efirə verilir.

Bu gün Azərbaycan gəncliyinin beynəlxalq fəaliyyəti də diqqəti cəlb edir. Bu sırada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) gördüyü işlər təqdirəlayiqdir. Rusiyada azərbaycanlı gənclərin birləşdiyi təşkilat funksiyasını yerinə yetirən RAGT-ın əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai həyatındakı rolunu artırmaqdır. Bununla bağlı bir çox layihələrə imza atan RAGT-ın indi Rusiyanın müxtəlif bölgələrində yerli təşkilatlarının yaradılması istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyəti ilə də tanış oldular.

Dövlətimizin başçısına Azərbaycan gənclərinin ictimai-siyasi fəallığının artırılmasında mühüm rol oynayan “İrəli” İctimai Birliyinin həyata keçirdiyi layihələr barədə də məlumat verildi.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzuladı.

Sərgilər işini noyabrın 30-da başa çatdıracaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !