Bakıda Ölkələrin paradı festivalını Rusiya Federasiyası açdı FOTO(YENİLƏNDİ)

Bakıda “Ölkələrin paradı” festivalını Rusiya Federasiyası açdı FOTO(YENİLƏNDİ)

Noyabrın 1-də “Park Bulvar” ticarət-əyləncə kompleksində (Dənizkənarı bulvarın ərazisində) “Ölkələrin paradı” festivalı başlanıb. Bir il ərzində keçiriləcək festivalda dünyanın 20-dən çox ölkəsinin nümayəndələri iştirak edirlər.
AZpress-in xəbər verdiyi kimi, bu ölkələr arasında birinci Rusiya Federasiyası start götürüb.
Həmin gün saat 17.00-da “Rusiyaya pəncərə” adlı geniş mədəni tədbir başlanıb. Bu tədbir noyabrın 7-dək davam edəcək.
Tədbir “Park Bulvar” ticarət-əyləncə kompleksinin (TƏK) birinci mərtəbəsində bütün arzu edənlər üçün beş dəqiqəlik kütləvi gimnastika dərsi ilə başlanıb. Dərsi bədii gimnastika üzrə Azərbaycanın üçqat çempionu, Azərbaycanın Əməkdar Məşqçisi Nurcahan Əsgərova aparıb.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müşaviri Valentin Denisov iştirakçıları salamlayıb.
O qeyd edib ki, bu kütləvi tədbir 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına həsr olunur.
Festival çərçivəsində Rusiya Federasiyası gənc və yeniyetmə rəssamların “Mixail Lermontovun və Mirzə Fətəli Axundzadənin yaradıcılığında Vətən mövzusu” və “Nar ağacı” sərgilərini təqdim edib. Ekspozisiyada nümayiş etdirilən işlərin çoxu Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yanında Uşaq Yaradıcılığı Mərkəzinin yetirmələrinə məxsusdur.
Gimnastika dərsindən sonra burada gənc estrada mahnıları və müasir rəqs ifaçılarının böyük konserti başlanıb. Proqrama populyar rus və Azərbaycan mahnı və rəqsləri daxil edilmişdi.
“Park Bulvar” TƏK-in birinci mərtəbəsində məlumat xidməti işləyir və bu xidmət bütün arzu edənlərin “Rusiyanın ali məktəblərinə necə daxil olmaq mümkündür?” sualına cavab verir.
Festival günlərində “Park Bulvar” TƏK-in üçüncü mərtəbəsində yerləşən “Kalinka” kafesində gələnlərə rus mətbəxinin yeməkləri təklif olunacaqdır.
Bu böyük mədəni tədbir “Park Bulvar” ticarət-əyləncə kompleksinin köməyi ilə Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, onun incəsənət və rəqs studiyaları, gənclərin “Sozvezdiye” yaradıcılıq klubu tərəfindən hazırlanıb. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]