Regional İnkişaf İctimai Birliyinin Quba regional mərkəzi yaradılıb FOTO

“Regional İnkişaf” İctimai Birliyinin Quba regional mərkəzi yaradılıb FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Quba regional mərkəzi fəaliyyətə başlayıb. Birliyin Qubada keçirilən toplantısında qeyd olunub ki, təşkilatın şimal bölgəsi üzrə fəaliyyəti Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını əhatə edəcək, regional mərkəz isə Quba şəhərində fəaliyyət göstərəcək.

RİİB-in sədri Məhəmməd Abdullayev təşkilatın vəzifələri barədə məlumat verərək bildirib ki, ictimai birliyin məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Bölgələrdə əhalinin elm, təhsil, səhiyyə, idman, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, turizm, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərin öyrənilməsi, onların həlli məqsədilə vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, informasiya axınına köməyin göstərilməsi əsas vəzifələrdəndir. Qeyd edilib ki, aparılan təhlillərin nəticələrinə görə, vətəndaşların bir sıra problemlərinin həllini tapmaması aidiyyatı dövlət və bələdiyyə qurumları arasında ünsiyyətin yaranmamasından irəli gəlir. RİİB əhalinin müxtəlif sahələrlə bağlı müraciətlərinə baxacaq və vətəndaşla aidiyyəti qurumları bir araya gətirməklə məsələlərin həllinə çalışacaq.

Regionlarda əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək tədbirlərin hazırlanması və həyata keçirilməsi, valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir. İctimai Birlik, həmçinin ətraf mühitin mühafizəsi, ekoloji şüur və mədəniyyətin formalaşdırılması, möhkəmləndirilməsi istiqamətində müxtəlif qurumlarla birgə tədbirlər həyata keçirəcək. RİİB sahibkarlığın və turizmin inkişafına xidmət göstərən proqramların hazırlanmasında iştirak edəcək, onların icrasına dəstək göstərəcək, etnik-mədəni müxtəlifliyin, multikultural və tolerant mühitin qorunması, inkişafı istiqamətində tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verəcək.

RİİB-in fəaliyyətinin bütün bölgələri əhatə edəcəyi bildirilib, rayon sakinlərinin, xüsusilə gənclərin könüllülər kimi təşkilat ətrafında birləşməsi vacib sayılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]