Youth Inc. Proqramının tərəfdaşlığı ilə keçirilən Davosa Doğru: Bakı tədbiri Dünya İqtisadi Forumuna pəncərə oldu - + FOTO

“Youth Inc.” Proqramının tərəfdaşlığı ilə keçirilən “Davosa Doğru: Bakı” tədbiri Dünya İqtisadi Forumuna pəncərə oldu + FOTO

Bakıda “Youth Inc.” gənclərin sahibkarlıq proqramının tərəfdaşlığı ilə “Davosa Doğru: Bakı” forumu keçirilib. ADA Universitetində təşkil olunmuş tədbirin təşkilatçıları qismində “Global Shapers: Baku Hub” və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası çıxış edib.Qeyd edək ki, “Coca-Cola” şirkəti “Global Shapers Community”nin qlobal tərəfdaşıdır.

 

Forumun əsas mövzusu “Məşğulluq vasitəsilə yeni imkanların yaradılması” olub. Üç hissədən ibarət olan forumun iştirakçıları öncə gənc sahibkarların startaplarından ibarət sərgiylə tanış oldular. Sərgidə “Youth Inc.” proqramının nümayəndələrinin startaplarından ibarət stendlər nümayiş olunub.

 

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılov mövzunun aktuallığından danışıb və forumun müasir dünyada gənclərin təhsili, iş imkanları, karyera inkişafı kimi məsələlərə həsr olunuduğunu bildirib. F. İsmayılov qeyd edib ki, ADA Universitetində bu məsələnin həlli yolunda karyera mərkəzi yaradılıb,tələbələrə mütəmadi olaraq karyera təlimləri keçirilir və əmək bazarındakı imkanlar araşdırılaraq gənclərə təqdim edilir.

 

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayevforumda çıxış edərək Azərbaycanın Dünya İqtisadi Forumu ilə müstəqillik illərində yaranmış əlaqələrindən danışıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə Azərbaycan nümayəndə heyəti ilə “Davos” forumunda iştirak edib. Sonralar Prezident İlham Əliyev dəfələrlə sözügedən tədbirdə iştirak edib, ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə tutduğu mövqeni dünya ictimaiyyətinin diqqətə çatdırıb. Azərbaycan builki Davos Forumunda da təmsil olunub”.

 

“Davosa Doğru: Bakı” forumunun tərəfdaşlarından olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, "Global Shapers Community Baku"nun icraçı kuratoru Fərhad Hacıyev keçirilən tədbirin maraqlı bir təşəbbüs olduğunu qeyd edib: “Bu şəbəkə vasitəsilə dünyadakı bir çox icmalarla əlaqə qura və həmin icmalardakı biznes imkanlarından yararlana bilərik”.

 

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov “Davosa Doğru: Bakı” forumunda çıxış edib və sözügedən tədbirin önəmindən danışaraq gəncləri bu mövzuda fəal olmağa çağırıb.

 

Forum çərçivəsində “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” və “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” mövzularında panel müzakirələri aparılıb və fikirlər dinlənilib. Spikerlər bildiriblər ki, gənclərin işsizliklə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadə edilir. Həmçinin, gənclər işsizlik problemini həll etmək məqsədilə sahibkarlıqla məşğul olur, özləri yeni iş yerləri yaratmağa çalışırlar.

 

İkinci panelin moderatoru qismində çıxış edən “Youth Inc.” gənclərin sahibkarlıq proqramının kordinatoru Müşfiq Həsənov proqramın fəaliyyətindən və onun gənc sahibkarlara verdiyi dəstəkdən, o cümlədən proqramın gənc sahibkarlığın inkişafı üçün göstərdiyi xidmətlərdən söz açıb.

 

İkinci panel mövzusuna uyğun olaraq, gənc sahibkarların startapları və onların bu mövzuda olan fikirlərini səsləndirən “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində hazırlanmış videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, “Davosa Doğru: Bakı” forumu Azərbaycanda ilk dəfə keçirilib və bununla da Bakı dünyada bu hüququ qazanmış 16 şəhərdən bir oldu.

 

Xatırladaq ki, “Youth Inc.” proqramı 2013-cü ildə “Coca-Cola” şirkəti, Azərbaycan Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin (DVC) tərəfdaşlığı ilə fəaliyyətə başlayıb, 2015-ci ildə “Youth Inc.” Biznes İnkubator Mərkəzi yaradılıb. Proqramın fəaliyyət göstərdiyi illər ərzində “Youth Inc.” məzunları müxtəlif biznes-layihələr həyata keçirib, bir sıra startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !