Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib - + FOTO + VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib + FOTO + VİDEO

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmayıb. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir.

 

Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxıb. Sonra Birinci vitse-prezident tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə maraqlanıb.

 

Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab var.

 

Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış olub. Əvvəllər burada normativlərə uyğun olmayan zal fəaliyyət göstərib. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir.

 

Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir.

 

Korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər.

 

Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident universitetə fəaliyyətində uğurlar arzulayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !