Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəzi cəsədlər tanınmaz vəziyyətdədir

Qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Onlardan 38-i dünyasını dəyişib.

Bu barədə  Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı məlumat verib.

“Ölənlərdən 26-sı Azərbaycan vətəndaşıdır. Son məlumatlara görə, 16 Azərbaycan vətəndaşı sağ qalıb. 10-12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilir, digərlərinin vəziyyəti ağır və stabildir. Hazırda təyyarə qəzası ilə bağlı araşdırma aparılır. Təəssüf ki, bəzi cəsədlər tanınmaz vəziyyətdədir. Lazımi tibbi prosedurlar (DNT analizi) aparıldıqdan sonra onlar da Azərbaycana göndəriləcək”, - deyə A.Süleymanlı bildirib.

Diplomat onu da bildirib ki, Səhiyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti zərərçəkənlərin müalicə olunduğu xəstəxanadadır.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer E-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təbii fəlakət nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb. Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda təyyarə qəzası qurbanlarının xatirəsinə matəm elan edilib.