Rafael Ağayev: Vəzifəsini layiqincə yerinə yetirə bilməyənlər istefa verməlidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandasının bir hissəsi olmaq və onun etimadını qazanmaq mənim üçün böyük şərəfdir.
Bu barədə Oxu.Az-a açıqlamasında 5 qat dünya çempionu, 11 qat Avropa çempionu, olimpiya mükafatçısı Rafael Ağayev deyib.
“Düzünü desəm, Milli Olimpiya Komitəsinin (MOK) iclasına çağırılanda onun üzvü seçiləcəyimi hələ bilmirdim. Bu mənim üçün böyük şərəfdir. Bu, dövlət başçısının etimadını qazanmağımın göstəricisidir. Bundan sonra söz verirəm ki, çox çalışacağam və bu lütfü doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycan xalqının məni necə sevdiyini hiss edirəm. Amma bu qədər olduğunu bilmirdim. Karate Federasiyası ilə bağlı keçirilən tədbirlərdə həmyerlilərimiz mənə dəstək oldular. Mən də xalqımız üçün əlimdən gələni etməyə çalışacağam ki, Azərbaycan bayrağı daha da yüksəklərdə dalğalansın. Sadəcə onu deyə bilərəm ki, vəzifəsini layiqincə yerinə yetirə bilməyənlər istefa versinlər. İmkan versinlər ki, bu işin öhdəsindən gələ biləcək adamlar ölkəmizə xeyir versin”, - deyə R.Ağayev vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları Rafael Ağayev və Hacı Əliyev MOK-un fərdi üzvü kimi qəbul edilib.