Məmməd Əvəzoğlu:
Qorxaq adamlara yazığım gəlir
40 ildən artıqdır ki, "Desəm öldürərlər, deməsəm ölləm" prinsipi ilə yazıram. Səhifəmdə üç minə yaxın şeirim var. Hər dəfə zəif və əyləncəli bir şeir qoyanda "layk"ların sayı aşıb daşır. Nə zaman ki, real həyatımıza (buna həyat demək olarsa) dair tənqidi bir şeir, ya qəzəl qoyuram, ağlıma gələn birinci bu fikir olur ki, sən demə mənim heç oxucum yox imiş! Demirəm oxuyan olmur, amma çoxu ehtiyat edib ( qorxub demirəm ha) barmaq da qoymur və bu proses aydan-aya, ildən-ilə artan sürətlə gedir.
1982-ci ildə Moskvada Qırmızı meydanda gəzişirdim. Çiynimdə ingilis yazılı bir çanta var idi.( O şəkili də bura atacam).Üç xarici mənə yaxınlaşdı. İngiliscə Moskva metrosu haqqında soruşdular. Cibimdən xəritəni çıxarıb onlara izah elədim. Yadınızda olar, o vaxtlar cib üçün metronun xəritəsini satırdılar. "Kolsevoy" (dairəvi) xətt çoxunu çaşdırırdı. İzah elədiyim adamlar amerikalılar idilər. Söhbətimiz bir az uzandı. Mən amerikalılardan soruşdum ki, "vətənimiz" xoşunuza gəlirmi. Bir az təriflədilər, amma biri sonda dedi:
- İnsanlar bir az qorxu altında yaşayırlar. Elə bil bu saat kimsə gəlib onları küçədə tutub aparacaq...
Söhbət təzəcə dəyişmişdi ki, bir cavan oğlan mənə yaxınlaşdı, məni kənara çəkdi. Bir kəlmə dedi:
- Onlardan uzaqlaş! (Otoydi ot nix- deyəsən belə dedi)
Mən də dərhal uzaqlaşdım. Hərdəm fikirləşirəm: o vaxt çox qorxurduq, ya indi çox qorxaq olmuşuq? Elə bu təsir altında aşağıdakı şeirim əmələ gəldi. Oxuyan da sağ olsun, oxumayan da.
Qorxaq adamlara yazığım gəlir
Suyu da üfürüb içənlər olur,
Düyünün giləsin seçənlər olur,
Yolu da kor kimi keçənlər olur,
Bu hisslə insanlar necə dincəlir?
Qorxaq adamlara yazığım gəlir.
Dinib-danışmağa cürəti çatmır,
Düzünü deməyə qeyrəti çatmır,
Heç nəyə sevinci, heyrəti çatmır,
Beləsi həyatda çətin dikəlir,
Qorxaq adamlara yazığım gəlir.
Gözü tük axtarır yemək tıxanda,
Ağlını unudur evdən çıxanda,
Pullu bir adamın əlin sıxanda
Nazlı xanım kimi elə incəlir...
Qorxaq adamlara yazığım gəlir.
Adi bir yalanla ağlı sürüşür,
Doğma ocağında küncə büzüşür,
Qapı döyüləndə ürəyi düşür,
Qorxu damcı-damcı ürəyi dəlir,
Qorxaq adamlara yazığım gəlir.
Məmməd Əvəzoğlu.21.02.2025.