AZpressAZ-in arxivindən: 2023-cü il
Kərim Kərimli:
Hippokratın mətninə lift məsələsini əlavə etmək lazımdır
Azərbaycan Tibb Universiteti, Səhiyyə nazirliyi və ölkəmizdə fəaliyyəti vətəndaşların sağlamlığı ilə bağlı olan digər təşkilatlara bir təklifim var.
Bundan sonra Hippokrat andı içəcək gənc həkimlərin and mətninə belə bir ifadə də əlavə edilsin: "...binanın lifti işləməsə belə..."
Bir neçə gün bundan qabaq qonşuluqda bir qadının halı qəfildən pisləşmişdi, getdikcə daha da pisləşirdi.
Təbii ki, təcili tibbi yardıma zəng etdilər.
Nəhayət təcili yardım maşını gəlib çıxdı və...
Gördülər ki, binamızın lifti öz göyçək ənənəsinə uyğun olaraq işləmir.
Möhtərəm həkim aşağıdan ismarış göndərdi ki, xəstəni endirin aşağı müayinə edək.
Xəstənin "tərəfdarları" tələb etdilər ki, yox, siz çıxın yuxarı...
Yardıma gələn qrup cavabında buyurdu ki, bizim içdiyimiz Hippokrat andında liftin işləməyəcəyi təqdirdə laf yuxarı və illaf yuxarı mərtəbələrə pilləkənlə, piyada qalxmaq sətri yoxdur.
Xüləs həkim qrupu bir az da öz xoşuna aşağı düşə bilməyən xəstəni gözləyib lazımi tibbi yardım göstərə bilmədiyi üçün çox dilxor və pərişan halda çıxıb getdi...
Bu xəbərdən vəziyyəti daha da pisləşməyə başlayan xəstənin yaxınları - bir dəstə adam köməkləşib onu birtəhər aşağı endirdilər və taksi çağırıb xəstəxanaya apardılar.
Allaha şükür ki, axırı yaxşı qurtardı. Xəstə bir-iki gündən sonra evinə qayıtdı.
Odur ki, təklif edirəm işin düzələninə gedək. Burada isə işin ən asan düzələni elə Hippokratın mətninə lift məsələsini əlavə etməkdir.
Ümid edirəm ki, təklifim diqqətsiz qalmayacaq.)



