Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sağalmaz yaramız: XOCALI FACİƏSİ

Türk xalqının ən acı faciələrindən biri- ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımdan 33 il ötür.

1988-ci ilin əvvəlində ermənilər Qarabağı birtərəfli qaydada ələ keçirmək və Ermənistana birləşdirmək məqsədi ilə Azərbaycana qarşı təcavüzə başladılar. 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində Azərbaycana qarşı hərbi əməliyyatlar intensivləşdi. Münaqişədən əvvəl 7000 əhalisi olan Xocalı şəhəri belə əməliyyatlardan birinin hədəfi olub. Ermənilər bu cür qəddarlıqla azərbaycanlıların ruhunu sındırmaq məqsədi güdürdülər ki, bundan sonrakı hərbi əməliyyatlar üçün psixoloji üstünlük əldə etsinlər.

1992-ci ildə Azərbaycanda siyasi qeyri-sabitliyin kuliminasiya həddi yaşayırdı və Xocalı soyqırımının müəlliflərinin və icraçılarının planına görə dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi daxili siyasi vəziyyəti daha da gərginləşdirməli idi. Üstəlik, mülki hava limanının yerləşdiyi Xocalının işğalı Ermənistana strateji üstünlük və digər şəhərləri ələ keçirmək üçün geniş imkanlar verdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri qanunsuz silahlı dəstə və birləşmələrin dəstəyi və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının  bilavasitə iştirakı ilə Xocalı şəhərini tutdu. 10 tank, 16 zirehli transportyor, doqquz piyada döyüş maşını, o cümlədən keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının şəxsi heyəti Xocalını basqın etməyə göndərildi.

Dağlardan keçərək qaçmağa çalışanlar, əsasən qadınlar və uşaqlar donaraq öldü. Yalnız bir neçə nəfər Azərbaycanın nəzarətində olan ən yaxın əraziyə - Ağdam şəhərinə çata bildi.

Qanlı cinayətin törədildiyi yerə gələn jurnalist Çingiz Mustafayevin sözlərinə görə, qurbanlar arasında “2-15 yaş arası onlarla uşaq, qadınlar və qocalar var idi. Əksəriyyəti birbaşa baş nahiyəsinə atəş açaraq öldürülüb. Meyitlərin mövqeyi insanların soyuqqanlılıqla və hesablama ilə öldürüldüyünü göstərirdi. Bəziləri kənara çəkilərək ayrı-ayrılıqda öldürüldü. Bir çox ailə bütövlükdə güllələndi. Bir neçə uşağın qulaqları kəsilmiş, üzünün sol nahiyəsinin dərisi çıxarılan yaşlı qadının meyiti tapılıb. Kişilərin baş dərisi soyulmuşdu. Şübhəsiz ki, bir neçə cəsəd bütün qiymətli əşyalardan məhrum edilib”.

Şübhəsiz ki, Xocalı faciəsi XX əsrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük və ən qanlı qətliamı olmuşdur.

Kütləvi qətlin qurbanları olub:
613 nəfər, o cümlədən:

- 63 uşaq;

- 106 qadın;

- 70 qoca.
 

Kütləvi qətl zamanı:

- 8 ailə tamamilə məhv edilib;

- 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib;

- 27 ailədə cəmi 1 nəfər qalıb;

- 26 uşaq hər iki valideynini itirdi;

- 130 uşaq valideynlərindən birini itirdi;

- 230 ailə ailə başçısını itirib;

- 487 nəfər əlil olub, onlardan 76-sı uşaqdır;

- 1275 nəfər əsir götürülüb;

- 1165 girov azad edilib;

- 150 nəfərin taleyi hələ də məlum deyil.

Rəsmi məlumatlara görə, Xocalı şəhərinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğalı, dövlət və şəxsi əmlakın dağıdılması və talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

2008-ci ilin aprelində İƏT Gənclər Forumu İdarə Heyətinin Küveytdə keçirilən 6-cı sessiyasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Mədəniyyətlərin və Sivilizasiyaların Dialoqu Uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilib. Bu, İƏT Gənclər Forumunun diqqətinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yönəldilməsində mühüm rol oynayıb. Bunun nəticəsidir ki, mayın 17-də İstanbulda İƏT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilən İKT ekspertlərinin iki günlük toplantısında Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasına start verilib. İƏT ekspertləri bu kampaniyanı dəstəkləyib və 26 fevralın Xocalı soyqırımı gününün İƏT ölkələrində humanitar faciələr qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması qərara alınıb. Xocalı soyqırımının İslam ölkələrinin tədris proqramına salınması ilə bağlı təklifin İƏT-in nazirlər toplantısına təqdim edilməsi barədə də razılıq əldə olunub. 

2009-cu ilin may ayında Dəməşqdə keçirilən İƏT-ə üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 36-cı Konfransında nazirlər yekun qətnamə qəbul edərək, “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasına dəstək ifadə etdilər və İƏT-ə üzv ölkələri bu kampaniyada daha fəal iştirak etməyə çağırdılar.

Kampaniya qlobal səviyyədə məlumat vermək və mətbuat, internet və ictimai tədbirlər vasitəsilə faktları işıqlandırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından istifadə edir. Kampaniya çərçivəsində təşkil olunan bu tədbirlər kütləvi qırğınlara, etnik təmizləməyə, irqi, etnik və ya dini ayrı-seçkiliyə qarşı ümumi iradənin nümayiş etdirilməsi, o cümlədən Xocalı soyqırımı qurbanları ilə həmrəylik və Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasız qalması ilə mübarizənin zəruriliyini ifadə etmək məqsədi daşıyır.

Qeyd edək ki, Xocalı şəhərinə ilk köç 2024-cü il mayın 27-də həyata keçirilib. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib.

Bəs Xocalı cəlladları indi haradadırlar? Xocalıda hərbi cinayəti törədənlərin bir qismi hazırda Bakıda həbsxanada "dincəlməkdədirlər". Soyqırımda əli olanların hamısı ədalət məhkəməsinə çıxarılacaq və olmayan vicdanları qarşısında cavab verəcəklər.

İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ildə Azərbaycan ordusu Xocalının bəzi kəndlərini azad etsə də, şəhərin özünə nəzarəti bərpa edə bilməmişdi.19 sentyabr 2023-cü ildə, Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyatlarından sonra Qarabağdakı separatçı qurum özünü buraxdı və Azərbycan hökuməti Xankəndi, o cümlədən Xocalıda nəzarətini bərpa etdi.

Xocalı bu gün azaddır, ancaq Xocalı soyqırımı illər, əsrlər belə keçsə unudulmayacaq!

Xeyransa İsmayılova