Masallı məktəblərində anım tədbirləri
UNUTMARIQ...
Masallı rayonunun ümumi təhsil məktəblərində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Tədris ocaqlarında soyqırıma həsr olunan xüsusi dərslər keçirilib, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri, inşa müsabiqələri, bilik və idman yarışları təşkil edilib, sənədli filmlər nümayiş olunub.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirlər zamanı XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş Xocalı soyqırımından bəhs edilib, 44 günlük Vətən müharibəsində xalqımızın birlik və rəşadətindən, Ali Baş Komandanımızın bu sahədə göstərdiyi hərbi və siyasi bacarığı, qətiyyəti və ordumuzun şücaəti nəticəsində torpaqlarımızın işğaldan tam azad olunması xüsusi vurğulanıb.
Həyata keçirilən tədbirlər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli soyqırımı haqqında məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədinə xidmət edir.
Akif AĞAYEV














