Məmməd Əvəzoğlu:
Xocalı
Soyuq fevral gecəsində,
qorxu dolu dəhşət vardı
güllələrlə işıqlanan o gecənin nəfəsində!
Hamı quş tək çırpınırdı
o, ölümə məhkum olan
şəhərin daş qəfəsində!
Hamı, hamı!
Körpəsindən qocayadək qurtulmağın
həvəsində!
Bir kimsəsiz ahu kimi
çırpınırdı qız-gəlinlər çaqqalların tələsində!
Ağlaşmalar, çığırtılar, iniltilər ucalırdı
göyün yeddi qatınadək.
Lakin o gün qulaqların tıxamışdı
yerdə bəşər, göydə fələk!
Dəstə-dəstə azğın köpək
mırıldaya-mırıldaya, hırıldaya-hırıldaya
ovlarını qoxlayırdı!
Rus-erməni cəlladları qan tökməyə həris olan silhların yoxlayırdı!
Anaları balasından, balaları atasından
müdhiş bir ölüm ayırdı!
Başı açıq, yalın ayaqlı bir ölüm!
Yerin üzü görməmişdi belə zülüm!
Türk oğlu türk torpağından getsin deyə,
Balayanlar süd qoxulu körpələri
qırmaq üçün niyyətinə yetsin deyə!
Atəşləndi rus silahı!
Bircə nəfər demədi ki,
qundaqdakı körpələrin,
qana bulanmış şəhərin,
Qana bəlnmiş səhərin nə günahı!
O gecədə tuş gəldilər güllələrə
məsum insan simasında görünənlər,
qar-çovğunlu dərələrdə dizin-dizin sürünənlər,
öz abrına, ismətinə bürünənlər...
Soyuq fevral gecəsində
qansız başlar necə qızmış!
Aman Allah!
Düşmən necə amansızmış!
Öldürməklə soyumadı ürəkləri!
Gözlərini çıxartdılar,
dırnaqların qopartdılar,
doğradılar biləkləri...
Doğradılar parçalanmış bir ölkədə
milyon-milyon ürəkləri!
O gecə dan sökülmədi.
Göy üzündə buludlanan qara daşlar
qatillərin təpəsimə tökülmədi!
Şər işlərə qarışdı şər!
O günəcən belə qəddar vəhşiliklər
görməmişdi hələ bəşər!
O vəhşəti görən gözlər
ölənəcən gülə bilməz!
Xocalının qatilləri
İnsan kimi əcəliylə ölə bilməz!
Özləri də bilir bunu.
Bu danılmaz həqiqətdir!
Əlif kimi oğulların ruhlarına xəyanətdir!
Məmməd Əvəzoğlu.26.02.2025.