Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əşrəf Veysəlli:

GECƏYƏ QAR YAĞDI

Yağdı gecələrə qar yığın-yığın,

Torpağın ağappaq nəğməsi yağdı.

Qaynar uşaqlığın, şən cavanlığın

Qartopu oynamaq həvəsi yağdı.

 

Bir bölük sevinci-bir bölük qarı,

Budaqlar havada tutub saxladı.

Tullayıb çiynindən qaranlıqları,

Ağaclar saçına ağ lent bağladı.

 

Hər bağı, bağçanı qucaqladı qış,

Hər tərəf göründü gümüşü kimi-

Məsum bir körpənin südə bulanmış

Təbəssümü kimi, gülüşü kimi.

 

Ağ fərəh geyindi əyninə hər yan,

Qar yağdı quraqlıq qorxularına.

Qar yağdı,

Qar yağdı

Bizdən nigaran

Kövrək anaların yuxularına.

 

Düşdü ortalığa buz sərhədləri,

Meşələr həsrətlə yollara baxdı..

Üç ay sevənlərin görüş vədləri

Qalıb qar altında darıxacaqdır...

 

Yox, yox, üfüqlərdən doğacaq səhər,

Qalxacaq yuxudan hər kənd, hər şəhər.

Addımlar yolları bəzəyəcəkdir.

Dümağ kağızlara bənzəyən yollar,

Bir not dəftərinə bənzəyəcəkdir....

* * *

Aləmzər Sadıqqızı

Möhtəşəmdir... Rəssam kimi lövhələr çəkmisiz...

Fəxrəddin Teyyub

Şeirində təmizlik, bir də saflıq var,

Hələ görəcəyik neçə belə qar!

Aysel Khanlarkızı Safarli

Dümağ kağızlara bənzəyən yollar,

Bir not dəftərinə bənzəyəcəkdir…

Var olun, işıqlı insan

Mirzecan Agabalayev

Bəli, ustad, qar bizim üstümüzə yağsa da gözəldi. Qar ilə oynayan uşaqların, şən cavanların sevincdən bizə də bir ovuc pay düşər, sanıram. Şeir qardan da gözəldi, istidi. Oxuya-oxuya isindim. Var ol, Əşrəf müəllim. Allah ömür versin. Əllərindən öpürəm !!!

Miraslan Bağırov

Əsil poeziya:gözəl təşbehlər,

"Məsum bir körpənin südə bulanmış

Dodaqları kimi ,gülüşü kimi..."

və s.kimi poetik tapıntılar.

ALLAH Ustadı qorusun öz birliyi xatirinə

Mədaxil Cavadlı

Bu şeiri qızmar yay günlərinin birində oxusan özünü Əşrəf müəllimin sözlə yaratdığı qarlı, soyuq qış günündə hiss edərsən.

Sag ol USTAD.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.