Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yadigar Cəfərli: 

Haqlı olmaq üçün gərəkdir, güclü olasan...

Son günlər dünyada baş verənlər Krılovun “Qurd və quzu” təmsilini tez-tez yada salır. Facebook dostlarımın paylaşımlarında da ara-sıra bu əsərə istinadlar görürəm.

Şeiri böyük ədib və müəllim Abdulla Şaiq vaxtilə dilimizə çox gözəl uyğunlaşdırıb. Biz uşaq olanda məşhur idi. İndi bilmirəm dərsliklərdə varmı?

İnternetdə axtardım, mətnin tapa bilmədim. Ona görə burada paylaşıram, məndən yadigar qalsın.

İnsan övladı əzəldən elə bir dünyada yaşayır ki, haqlı olmaq üçün gərəkdir, güclü olasan.

Qurd və quzu

Çay qırağında qəflətən naçar,

Bir quzu bir gün oldu qurda düçar.

Quzu qorxub dayandı xeyli məlul,

Qurd olarkən su içməyə məşğul,

Fikri ondaydı ki, tapıb nə desin?!

Quzunu bir bəhanə ilə yesin.

Dedi – axmaq quzu, məgər korsan?!

Yoxsa... məni görüb də saymırsan?!

De görüm bir niyə suya girdin?!

Nə üçün sərçeşməni bulandırdın?!

Qorxa-qorxa quzu dedi, əcəba

Mən ki səndən dayanmışam aşağa

Səni gördükdə etmərəm cürət

Su kənarına gəlmərəm heç vəqt

Qurd acıqlanaraq dedi, ay yassar

Səndə var cürbəcür yaman hallar

İl yarımdır eşitmişəm bunu mən

Danışırsan dalımca çox sözü sən

Quzu and içdi, gəldi fəryada

Yox idim mən o vaxt dünyada

Sən bilirsən mənim yaşım azdır

Anadan olduğum həmin bu yazdır.

Qurd acıqlandı,

Qışqırıb çox acıqlı səsləndi

Tutalım sən o vaxt olmamısan

Anadan ya ki heç doğulmamısan

Var imiş ki, atan, anan o zaman

Nə deyirsən, bu doğrudur, ya yalan?!

Bu yerə çün yetirdi qurd sözünü,

Tutdu, yırtdı, dağıtdı ol quzunu...

* * *

Afet Yagubova

Uşaq vaxtı "Sən bilirsən, mənim yaşım azdır,

Anadan olduğum həmin bu yazdır"dan sonranı ağlaya-ağlaya deyərdim

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.