Ərdoğan: Ən azı 30 il muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərini Türkiyə və Naxçıvan Muxtar Respublikasının taleyinin ayrılmazlığının simvolu adlandırıb.
Yeni kəmərin istifadəyə verilməsi mərasimində çıxış edən Türkiyə dövlətinin başçısı qeyd edib ki, BOTAŞ tərəfindən çəkilən 80 kilometrlik qaz kəməri sutkada 2 milyon kubmetrədək qazın verilməsi üçün nəzərdə tutulub.
Türkiyə dövlətinin başçısı qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın muxtar respublikasının enerji təhlükəsizliyi ən azı 30 il müddətinə təmin olunacaq. O, həmçinin bildirib ki, Ankara Naxçıvana dəstək üçün yeni addımlar atmağı planlaşdırır, xüsusən də onun elektrik enerjisi ilə təminatı sahəsində.
Prezident Ərdoğan Türkiyənin Azərbaycana hər cür dəstəyini davam etdirəcəyinə əmin edib: “6 fevral 2023-cü ildə baş verən zəlzələlər zamanı Azərbaycanın dəstəyini hiss etdiyimiz kimi, ilk çağırışda da qardaşlarımızın köməyinə gəlməyə hazırıq”.